RU

Yarımçıq qalan uçuş: bir təyyarə, bir tarix, bitməyən kədər...

Təyyarəmizin Aktauda qəzaya uğramasından 1 il ötür

Ötən il dekabrın 25-də baş vermiş təyyarə qəzasından 1 il ötür. Xatırladaq ki, 25 dekabr 2024-cü ildə Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı - Qroznı reysini yerinə yetirən “Embraer E190AR” təyyarəsi Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi etmişdi. Xəzər dənizi üzərində “SOS” siqnalı verdikdən sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamətlənən təyyarə Aktau aeroportu yaxınlığında qəzaya uğradı. Faktla bağlı Azərbaycan, Qazaxıstan və Rusiyada cinayət işləri başlandı.

62 sərnişin və 5 ekipaj heyətindən...

Təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər vardı. Qəza nəticəsində 38 nəfər həyatını itirdi, 29 nəfər, o cümlədən iki uşaq qəza nəticəsində xəsarət aldı. Göyərtədə ümumilikdə 37 Azərbaycan vətəndaşı vardı ki, onlardan 23-ü vəfat etdi. 16 Rusiya vətəndaşından 7-si həyatını itirdi. 6 Qazaxıstan vətəndaşı dünyasını dəyişdi.

5 nəfərdən ibarət ekipaj üzvü qəza zamanı göstərdikləri dəyanət və qəhrəmanlıqla yadda qaldılar: Hava gəmisinin kapitanı - İqor Kşnyakin, köməkçi pilot - Aleksandr Kalyaninov, təyyarə bələdçisi Hökumə Əliyeva qəzada həyatlarını itirdilər. Təyyarənin pilotları və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olundular - onlar hadisə zamanı fədakarlıq göstərdiklərinə görə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görüldülər.

Prezident geri qayıtdı....

Qeyd edək ki, qəza baş verən zaman Prezident İlham Əliyev Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşmüşdü - dövlət başçısına bu xəbər Rusiya hava məkanında olarkən məruzə edildi. Prezident dərhal geri dönmək barədə tapşırıq verdi. Baş vermiş təyyarə qəzası ilə əlaqədar məsələlər birbaşa dövlət başçısının nəzarətinə götürüldü. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı. Paralel olaraq Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də təyyarə qəzasının araşdırılması üçün xüsusi komissiyanın yaradılmasına göstəriş verdi.

Qəza necə baş verdi?

Təyyarənin qara qutusu Braziliyanın Hərbi Hava Qüvvələrinin peşəkar mütəxəssisləri tərəfindən açıldı. Aparılan araşdırmalardan sonra təyyarənin Qroznı şəhərinə yaxınlaşan zaman hücuma məruz qaldığı bəlli oldu. Məlumatlara görə, Rusiya tərəfindən elektron sistemlərdə məhdudiyyətlərin tətbiq edilməsi təyyarənin rabitə sistemini iflic edib. Təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiya Hava Hücumundan Müdafiə (HHM) sistemi olan “Pantsir-S” ilə hədəf alınıb. Həmçinin, Rusiya tərəfinin Radioelektron Mübarizə (REB) sistemlərindən istifadəsi nəticəsində təyyarənin tamamilə rabitəsiz qaldığı bildirilib. Bu səbəbdən təyyarə Rusiya hava məkanında radarlardan itib, yalnız Xəzər dənizi üzərində siqnal bərpa edilib. Məlumata görə, hadisə zamanı Çeçenistan üzərində olan Rusiya HHM sistemləri Ukrayna pilotsuz uçuş aparatlarını (PUA) vurmağa çalışıb. Amma Rusiya özünün hava məkanını mülki aviasiya üçün bağlamamışdı...

Rusiya üzr istədi...

Qəzadan sonra Azərbaycanın təyyarənin hücuma məruz qalmasında günahkar olan Rusiyadan məsuliyyətli davranış tələb etdi - Rusiya prezidenti Azərbaycanın dövlət başçısına zəng edərək üz istədi. Bu ilin oktyabrında Düşənbədə keçirilən görüş zamanı isə Vladimir Putin bildirdi ki, “sözsüz ki, belə hallarda, bu cür faciəli vəziyyətlərdə tələb olunduğu kimi, Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək”. Amma qəzadan 1 il ötməsinə baxmayaraq hələ də günahkarlar məsuliyyətə cəlb edilməyib və Rusiya prezidenti vədinə əməl etməyib...

Əziz xatirələri yaşayır...

Baş verən faciənin miqyası çox böyük, kədəri böyükdür. Bu gün qəzadan 1 il ötməsinə baxmayaraq xalqımız bu ağır və dəhşətli hadisəni unutmayıb. Dövlətimiz hər zaman qəzada həyatını itirmiş şəxslərin ailələrini diqqət mərkəzində saxlayır. Baş verənlərə hüquqi qiymətin verilməsi prosesi də nəzarətdədir. Yeri gəlmişkən, “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin ötən il dekabrın 25-də Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə həsr olunmuş poçt markası buraxılıb. Təqdimat çərçivəsində markanın nümunəsi muzeydə xüsusi ekspozisiya kimi nümayiş etdirilib. Markanın dizaynında yer alan sonsuzluq simvolu faciəli hadisənin, onun qurbanlarının və milli tariximizdə iz qoymuş ekipajın qəhrəmanlığının yaddaşlarda daim yaşadılmasını ifadə edir. Poçt markasının təqdimatında Azərbaycan Respublikasının Milli Qəhrəmanları olan ekipaj üzvlərinin ailələri də iştirak ediblər.

P.İSMAYILOV

Избранный
43
yeniazerbaycan.com

1Источники