RU

Təhsil tələbə krediti üzrə ən çox vəsait hansl ixtisaslara ayrılıb?

Bakı, 25 dekabr, AZƏRTAC

Təhsil tələbə krediti (TTK) üzrə ən çox vəsait ayrılan 10 ixtisas sırasında siyahıya “Biznesin idarə edilməsi” ixtisası liderlik edir. Bu ixtisas üzrə 4647 müqavilə bağlanıb və ümumilikdə 5 milyon 352 min 664,30 AZN TTK vəsaiti ayrılıb.

AZƏRTAC xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimov qurumun 4 illik fəaliyyətinə dair hesabat tədbirində deyib.

O bildirib ki, ikinci yerdə qərarlaşan “Sosial iş” ixtisası üzrə 2203 müqavilə rəsmiləşdirilib. Ümumilikdə 1 milyon 931 min 211 manat vəsait ayrılıb.

Üçüncü pillədə “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası yer alıb. Bu ixtisas üzrə 2434 tələbə TTK ilə əhatə olunub, ümumi maliyyələşmə 1 milyon 930 min 330,25 manat olub.

Siyahıda, həmçinin “İqtisadiyyat” (1840 müqavilə üzrə 1 milyon 687 min 842,43 AZN), “Hüquqşünaslıq” (989 müqavilə üzrə 1 milyon 555 min 864,28 AZN) və “İbtidai sinif müəllimliyi” (1 989 müqavilə üzrə 1 milyon 551 min 785,25 AZN) ixtisasları yer alıb.

Ən çox vəsait ayrılan digər ixtisaslar sırasında “Marketinq” (1 518 müqavilə üzə 1 milyon 367 min 213,69 manat), “Menecment” (1241 müqavilə üzrə 1 milyon 309 min 165,44 manat), “Maliyyə” (1361 müqavilə üzrə 1 milyon 242 min 724,52 manat) və “Tibb” (668 müqavilə üzrə 1 milyon 203 min 35,25 manat) də var.

Избранный
93
2
azertag.az

3Источники