(əvvəli qəzetin ötən sayında)
Demokratik inkişaf yolu
Ötən 22 il demokratik təsisatların inkişafı, milli həmrəyliyin, sağlam əməkdaşlıq mühitinin və siyasi dialoqun təşviqi baxımından da diqqətçəkəndir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev iqtisadi və siyasi islahatların vəhdətliliyinin təmin edilməsi üçün mühüm addımlar atır. Daim bu məqam önə çəkilir ki, elə ölkələr var ki, demokratik inkişaf baxımından yüksək səviyyədədir, amma iqtisadi tərəqqidən söhbət gedə bilməz.
Elə ölkələr də var ki, iqtisadi inkişaf yüksəkdir, demokratiyanın inkişafından danışmaq çətindir. Amma Azərbaycan hər iki baxımdan diqqətdədir. Ölkəmizdə demokratikləşmə prosesi, sadəcə, bir şüar, niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün əsasdır. Dövrün, zamanın tələblərinə uyğun olaraq reallıqların yeniləşməsi islahatların davamlı aparılmasını vacib vəzifə kimi müəyyən edir. Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının əsasıdır. Ölkə Prezidenti İlham Əliyev dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühitini yaratdı.
Siyasi dialoqu və əməkdaşlıq mühitini təşviq edən Prezident İlham Əliyev bildirir: “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var”.
Ölkədə aparılan islahatlar kursunun tərkib hissələrindən biri kimi 2019-cu ildə Prezident Administrasiyasında yeni Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması da bu məqsədə xidmət edir. Şöbənin müdiri Ədalət Vəliyev mütəmadi olaraq siyasi partiyaların rəhbərləri ilə görüşlər keçirir, aktual məsələlər ətrafında fikir mübadiləsi aparır. Ölkədə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyətinin siyasi dialoq proseslərinin fəal iştirakçıları olması faktı siyasi həmrəyliyin təzahürüdür.
Görülən işlərin məntiqi nəticəsidir ki, iqtidar-müxalifət dialoqu artıq ölkəmizin gündəlik siyasi təcrübəsinə daxil olmuş və davamlı şəkildə inkişaf edir. Bu birlik, həmrəylik dünyaya səs salan 44 günlük İkinci Qarabağ savaşında özünü daha aydın nümayiş etdirdi. 50-dən artıq siyasi partiya dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərini və onun ətrafında birləşdiklərini imzaladıqları birgə Bəyanatda ifadə etdilər.
“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsi ölkəmizdə bütün partiyaların normal fəaliyyətinin prioritetliliyini bir daha təsdiqlədi. Həmçinin 10 siyasi partiyanın VI çağırış, 11 siyasi partiyanın isə VII çağırış Milli Məclisdə təmsil olunması bilavasitə ölkədə yaşanan demokratik münasibətlərin təzahürüdür. 2024-cü il 7 fevral tarixində keçirilmiş prezident seçkilərində qeydiyyata alınmış 7 namizəddən 5-i məhz siyasi partiyalar tərəfindən irəli sürülmüşdü.
Ölkədə formalaşmış yeni siyasi mədəniyyətin bariz nümunəsi olaraq prezident seçkilərindən sonra ilk dəfə 18 siyasi partiya rəhbəri seçkilərin demokratik və şəffaf keçirilməsi haqqında bəyanat verərək Prezident İlham Əliyevi qələbə münasibəti ilə təbrik etmişlər. 2025-ci ilin 29 yanvar tarixində keçirilən bələdiyyə seçkilərində ölkədə mövcud olan 26 siyasi partiyadan 23-ü həm namizəd, həm də müşahidəçi irəli sürməklə seçki prosesinə qatılmışdı.
İnsan hüquqlarının qorunması və humanizm
Ölkəmizdə insan hüquqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi də demokratik inkişafın əsas göstəricilərindəndir. İnsan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davam etdirilməsi məqsədilə Prezident İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi, bunun davamı olaraq, ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın uğurlu icrası, 18 iyun 2007-ci il tarixli Sərəncamla İnsan Hüquqları Gününün təsis edilməsi bu reallığın təsdiqidir ki, insan amili dövlət siyasətinin əsasında dayanır.
Ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqlik son 22 ildə humanizm prinsiplərinə söykənərək imzalanan əfv sərəncamlarından, həmçinin qəbul olunan Amnistiya aktlarından da aydın görünür. Bunun üçün Prezident İlham Əliyevin ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini əks etdirən mühüm təşəbbüslərini yada salmaq kifayətdir. Dövlət başçısı İlham Əliyev 2003-2025-ci illərdə 39 əfv sərəncamı imzalayıb və onlar 7060 nəfərə şamil olunub. Həmin dövrdə 5 Amnistiya aktı qəbul edilib. Prezident İlham Əliyevin təşəbbüsü əsasında 2021-ci ildə 8 Noyabr Zəfər Günü münasibətilə elan olunan Amnistiya aktı 17 mindən artıq nəfərə şamil edilib.
Suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, Prezident İlham Əliyev 15 dekabr 2025-ci ildə amnistiya elan edilməsi təşəbbüsünü irəli sürdü. Artıq icrasında başlanan Amnistiya aktı tətbiq edilən şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiyadır. Belə ki, Amnistiya aktının, ümumilikdə, 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan, 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.
1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və referendum yolu ilə qəbul olunan Konstitusiyamıza 2003-cü ildən bu günədək iki dəfə əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsinin keçirilməsi də insan amilinə verilən dəyəri nümayiş etdirir.
Son 22 ildə azad mətbuatın inkişafı, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində də mühüm addımlar atılıb. Bu gün ölkəmiz söz və mətbuat azadlığının yüksək səviyyədə təmin olunması sahəsində dünyada ön sıralarda yer alır. Azərbaycan KİV-lərin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqedə dayanır. Sürətlə inkişaf edən internet resursları vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayır. Ölkəmizdə internet azaddır, heç bir məhdudiyyət yoxdur. Yeni “Media haqqında” Qanunun qəbulu azad mətbuatın qarşısında açılan imkanların təqdimatıdır. Ümumilikdə demokratik islahatlar Azərbaycanın dünəninin, bugününün və gələcəyinin əsasıdır.
Yeni Azərbaycan Partiyasının töhfələri
Ölkəmizdə gedən bütün proseslərin mərkəzində dayanan Yeni Azərbaycan Partiyası siyasi sistemin təkmilləşdirilməsində mühüm rol oynayır. Yaradıcısı ulu öndər Heydər Əliyev olan, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyası qəbul etdiyi qərarları, irəli sürdüyü təşəbbüsləri ilə daim ölkəmizin inkişafına, siyasi sistemin təkmilləşdirilməsinə töhfələrini verir. Onu da qeyd edək ki, tarixi Zəfərimizin reallıqları fonunda 2021-ci ilin 5 mart tarixində VII qurultayını keçirən Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi təsdiq olundu, yeni tərkib formalaşdı, qərarlar qəbul olundu. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyası Sədrinin Birinci müavini təyin edilməsi qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olacağımızı şərtləndirdi. Partiyanın “Biz birlikdə güclüyük!” devizi altında təsdiqlənən Proqramında hədəflər və onların icra mexanizmi öz əksini tapıb. Təbii ki, əsas çağırışlardan biri hazırkı dövrün əsas hədəfi olan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə, Böyük Qayıdış Proqramının icrasına dəstək olmaqdır. Yeni Azərbaycan Partiyasının hər bir üzvü qalib Azərbaycanın uğurlarından böyük qürur hissi keçirir, yeni hədəflərin reallığa çevrilməsinə öz töhfələrinin verməyə çalışır.
Uğurlarımızı şərtləndirən amillərə nəzər salmaqla bu ümumiləşdirməni apara bilərik ki, tariximizə Zəfər və Dövlət Suverenliyi günlərinin yazılması dünənimizin, bugünümüzün və gələcəyimizin aydın mənzərəsini yaradır. 44 günlük İkinci Qarabağ müharibəsi gənclərimizin Vətən, torpaq sevgisinin təqdimatı oldu. Bir daha sübut olundu ki, torpaq, əgər uğrunda ölən varsa, Vətəndir. Dövlətimizin tarixi Zəfərimizin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar davamlıdır. Bu addımlar 44 günlük Vətən müharibəsində dastan yazan oğulların vətənpərvərlik məktəbindən öyrənməyə, onları unutmamağa çağırışdır. Azad edilmiş ərazilərimiz üzrə şəhər günləri təsis edildi. İndiki və gələcək nəsillər tariximizin hər səhifəsini, o cümlədən Zəfər səhifəsini daim yaddaşında saxlamalı, tariximizi öyrənməli və torpaqlarımızın azad edildiyi günləri yaddaşına həkk etməlidir. Şəhidlərimizin qanı, canı bahasına yazılan bu tarixləri unutmağa haqqımız yoxdur.
Müzəffər Ali Baş Komandan – torpaqlarımızın xilaskarı
Ərazi bütövlüyümüzün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev adını tariximizə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdı. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qürurludur. İşğaldan azad edilmiş ərazilərimiz quruculuq meydanını xatırladır. Bərpa və quruculuq işləri geniş vüsət alıb. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. Artıq 6 şəhər, 2 qəsəbə və 20-dən artıq kənd sakinlərinə qovuşub. Qarabağımız və Şərqi Zəngəzurumuz cənnətməkana çevrilir. Bu ərazilərimiz şəhərsalmanın Azərbaycan təcrübəsini dünyaya təqdim edir.
Hər vədini əməli fəaliyyəti ilə həyata keçirən Prezidentə xalqın sevgisi sonsuzdur. Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanı gücləndirdi, qalibiyyətimizi şərtləndirən bütün amillərin yaradılmasına nail oldu və sonda azadlığına qovuşacağını 30 il səbirsizliklə gözləyən torpaqlarımıza “Biz gəldik və burada əbədi olacağıq” söylədi. Prezident İlham Əliyevin qalib Lider kimi işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərləri bu torpaqlara əbədi gəlişimizin təsdiqidir. Bugünümüzün reallıqları, eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “Qoy bizim üçrəngli bayrağımız suveren, qüdrətli Azərbaycan səmasında əbədi dalğalansın!”, "Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!" kimi istəklərinin təsdiqidir.
Tarixi Zəfərimiz bütün regiona sülh və davamlı inkişaf imkanı qazandırıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişmiş və bölgə ölkələrinin inkişafı üçün yeni imkanlar açılmışdır. Qarabağ münaqişəsinin həlli regionun təhlükəsizliyi və investisiya cəlbediciliyi baxımından strateji əhəmiyyətə malikdir. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Bu il sülh müqaviləsinin imzalanması istiqamətində mühüm uğurlara imza atıldı. Dövlətimizin başçısı İlham Əliyevin avqustun 8-də ABŞ-a işgüzar səfəri zamanı əldə edilən razılaşmalar bunun təsdiqidir. Azərbaycan hər zaman sülhün, təhlükəsizliyin tərəfdarıdır. Bölgədə dayanıqlı sülhün təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün ölkəmizin qarşı tərəfə sülh təklifini etməsi və buna nail olmaq üçün atdığı addımlar bütün məqamları özündə ehtiva edir.
Növbəti hədəf Qərbi Azərbaycana qayıdışdır
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əminliklə qeyd etdiyi kimi, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır. Ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var.
Bir sözlə, 22 ilin uğurları gələcəyə böyük inamla addımlamağa stimul verir. Prezident İlham Əliyevin qarşıya qoyduğu bu hədəf hər bir Azərbaycan vətəndaşına çağırışdır – Biz daim irəli baxmalıyıq!
Vüqar RƏHİMZADƏ,
Milli Məclisin deputatı