Bakupost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Artıq neçənci dəfədir ki, Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri, iqtisadçı ekspert Natiq Cəfərli Dövlət Gömrük Komitəsi ilə bağlı müəyyən fikirlər səsləndirir və bu fikirlər müəyyən saytlar tərəfindən tirajlanır. Diqqətimi çəkən məqamalar haqqında yazmaq istəyirəm”.
Bakupost.az xəbər verir ki, bu sözləri gömrük əməkdaşı İqbal Səfərov iqtisadçı Natiq Cəfərlinin Dövlət Gömrük Komitəsinin (DGK) ləğvi ilə bağlı səsləndirdiyi fikirlərə ımünasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Natiq Cəfərli kimi savadlı ekspertin yanaşmasında bir sıra ciddi məqamlar ya nəzərdən qaçırılır, ya da bilərəkdən kənarda saxlanılır:
“İlk növbədə qeyd etmək lazımdır ki, gömrük əməkdaşlarının daşıdığı rütbələr hərbi rütbələr deyil, xüsusi xidmət rütbələridir. Bu, hüquqi baxımdan da, funksional baxımdan da fərqli anlayışlardır. Gömrük orqanları sərhəd təhlükəsizliyi, iqtisadi təhlükəsizlik və fiskal nəzarət baxımından strateji sahədir və bu strukturun özünəməxsus statusu var.
İkinci mühüm məqam: Natiq bəyin arzuladığı kimi gələcəkdə Gömrük Komitəsi ləğv edilərsə və ya başqa qurumun tərkibinə verilərsə də, problemin mahiyyəti dəyişməyəcək. Çünki əsas məsələ insan amilidir. Rüşvət almaq üçün konkret olaraq gömrükdə işləmək, gömrük forması geyinmək şərt deyil. Bu peşə yox, xarakter məsələsidir! Vicdanı olmayan insan hansı qurumda çalışırsa-çalışsın, eyni davranışı göstərəcək!
Əgər hər hansı bir qurumda rüşvət faktı aşkarlanırsa, həmin qurumun avtomatik olaraq ləğv edilməsi təklifi nə hüquqi, nə də məntiqi baxımdan əsaslıdır. Bu yanaşma absurddur. O zaman illər ərzində rüşvət faktları qeydə alınmış bəzi dövlət strukturlarını bağlamaq lazımdır ki, bu da real deyil.
Bəs doğru yol nədir?
Rüşvət faktı aşkarlanırsa - cinayət işi açılmalı, günahkarlar cəzalandırılmalı, institusional nəzarət mexanizmləri gücləndirilməlidir.
Cənab Prezidentin verdiyi göstərişlər açıq-aşikardır və bu gün məhz bu baş verənlər bunun əyani sübutlarıdır- Dünənki xidmətinə görə çox sağ ol, bu gün etdiklərinə görə cavab ver!
Vacib bir məqam da xüsusilə vurğulanmalıdır: son dövrlərdə gömrük sistemində aparılan əməliyyatlar, rüşvətxorluq və korrupsiya ilə bağlı ifşalar Dövlət Gömrük Komitəsinin öz daxili mexanizmləri və aidiyyəti dövlət qurumları ilə əməkdaşlığı nəticəsində həyata keçirilib. Yəni problemlər aşkarlanıb, ört-basdır edilməyib, əksinə, üzərinə gedilib. Bu isə qınanmalı deyil əksinə alqışlanmalıdır!
Bu reallıq fonunda məsələni yalnız "struktur kökündən ləğv edilməlidir" müstəvisinə gətirmək obyektiv yanaşma deyil. Ekspert mövqeyi faktlara söykənməlidir.
Hansısa bir qurumun ləğv edilməsi, birləşdirilməsi və ya formatının dəyişdirilməsi məsələsi- Dövlətin biləcəyi məsələdir! Bu, emosional yazılarla yox, strateji qərarlarla həll olunur! Yazı yazmazdan öncə məlumatların dəqiqləşdirilməsi də bu məsuliyyətin bir hissəsidir”.
İqbal Səfərovun fikirlərinə cavab olaraq Natiq Cəfərli bildirib ki, mövqeyi ilə razı olmasa da, DGK-dən gələn cavabı diskussiyaya daxil olmaq cəhdi kimi dəyərləndirir:
“Gömrük Komitəsinə ümvanladığım tənqidlərə, bu qurumun ayrıca, müstəqil xidmət kimi fəaliyyətinə ehtiyac olmadığına, Gömrük Komitəsinin ya Maliyyə, ya da İqtisadiyyat nazirliyinin nəznində kiçik bir departament kimi, özü də, vətəndaşla birbaşa təmas qurmadan fəaliyyət göstəməsi təkliflərinə DGK-dən cavab veriblər. Əvvəla, cavabla heç razı olmasam da, faktın özünə, diskussiyaya daxil olmaq cəhdlərinə görə təşəkkür edirəm”.
N.Cəfərli qeyd edib ki, rüşvət, korrupsiya vicdan məsələsi deyil, sistem və idarəetmə məsələsidir:
“Əsas tezisləri odur ki, rüşvət, korrupsiya vicdan məsələsidir, hər yerdə var, bu problemə qarşı mübarizə aparılır. Hörmətli DGK, rüşvət, korrupsiya vicdan məsələsi deyil, sistem və idarəetmə məsələsidir, vicdan mənəvi kateqoriyadır, bunun rüşvət və korrupsiya ilə heç bir əlaqəsi yoxdur və ölkəmizdə bunu sübut edən örnəklər var.
Məsələn, cəmi 20 il öncə ölkədə xarici pasport almaq zülm idi, vətəndaş gecədən növbəyə dururdu, növbənin özü belə satılırdı, əgər pasportu tez almaq istəyirdinsə, 200-300 manat rüşvət vermək lazım idi, açıq şəkildə alver gedirdi və bu vicdansızlıq deyil də, “oyun qaydası” idi.
ASAN xidmət yaradıldı, indi pasportu növbəsiz, zamana uyğun əsnək tariflə, rəsmi ödənişlə növbəsiz alırsan, gülərüz işçilər tərəfindən xidmət görürsən.
Hörmətli DGK, tək elə bu misalda, sizcə vicdan yuva saldı insanlarda, ya “oyun qaydası”, sistem dəyişdi?!
Gömrük Komitəsinin ayrıca qurum kimi işləməsi, özlərinin istintaq və cəza qurumlarının mövcud olması effektiv deyil, sistem və yanaşma dəyişməlidir. Paralel olaraq da, sıfırdan yeni Gömrük Məcəlləsi yazılıb, qəbul edilməlidir”.
Lalə, BakuPost
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.