RU

Rəqəmsal texnologiyalar fiziki sənədləri sıradan çıxarır? - AÇIQLAMA

Rəqəmsallaşma təkcə texnoloji yenilik deyil, eyni zamanda idarəetmə mədəniyyətinin, hüquqi yanaşmanın və ictimai davranışların dəyişməsidir. Fiziki sənədlərin azaldılması məsələsi də məhz bu transformasiyanın ən görünən və praktik nəticələrindən biri hesab olunur. Lakin bu proses bir anda baş vermir; mərhələli, ölçülə bilən və realist yanaşma tələb edir. Beynəlxalq təcrübə göstərir ki, kağız dövriyyəsinin azalması adətən bir neçə əsas mərhələdə həyata keçirilir.

Mövzu ilə bağlı Missiya.Az-a danışan İKT eksperti Natiq Məmişov deyib ki, fiziki sənədlərin rəqəmsallaşması ilə bağlı birinci mərhələ hibrid dövrdür. Bu mərhələdə ən çox istifadə olunan sənədlər – vətəndaş müraciətləri, arayışlar, bəzi müqavilə formaları və daxili sənədlər rəqəmsallaşdırılır:Kağız tam ləğv olunmur, lakin yalnız istəyə görə və ya istisna hallarda tətbiq edilir. Rəqəmsal sistemlər test edilir, istifadəçilər mərhələli şəkildə bu yeniliyə uyğunlaşır. İkinci mərhələ isə default rəqəmsal sistem mərhələsidir. Bu mərhələdə rəqəmsal kanal əsas və “standart” seçimə çevrilir. Dövlət və özəl xidmətlərin böyük hissəsi elektron formada təqdim olunur. Kağız sənədlər isə yalnız xüsusi sahələrdə saxlanılır: notariat xarakterli əməliyyatlar, bəzi məhkəmə və arxiv tələbləri, eləcə də beynəlxalq hüquqi prosedurlar kimi. Üçüncü mərhələ isə kağızın istisnaya çevrilməsidir ki, bu uzun müddətli prosesdir. Artıq sənəd dövriyyəsinin əsas hissəsi elektron formada həyata keçirilir. Fiziki sənədlər yalnız xüsusi hüquqi rejim tələb edən hallar, tarixi və dövlət arxivləri, yüksək riskli və ya strateji əməliyyatlar üçün istifadə olunur. Bu mərhələdə kağız gündəlik praktikadan çıxaraq istisna xarakter daşıyır",-ekspert bildirib.

Natiq Məmişovun sözlərinə görə, realist yanaşmaya əsasən güclü hüquqi baza, dayanıqlı texniki infrastruktur və cəmiyyətin rəqəmsal xidmətləri qəbul etmə səviyyəsi kifayət qədər yüksək olarsa, bir çox proseslərdə kağız istifadəsi kəskin şəkildə azalır. Lakin praktika göstərir ki, fiziki sənədlərin tam sıfırlanması nadir hallarda mümkündür. Ən azı bəzi sənəd növləri – hüquqi, arxiv və beynəlxalq xarakterli sənədlər – uzun müddət paralel şəkildə mövcudluğunu qoruyur.

"Nəticədə, fiziki sənədlərin azaldılması “kağızı ləğv etmək” deyil, daha səmərəli, şəffaf və çevik idarəetmə modelinə keçiddir. Bu proses mərhələli şəkildə aparıldıqda həm institusional risklər azalır, həm də cəmiyyətin yeni sistemə adaptasiyası daha sağlam şəkildə baş verir",-N.Məmişov əlavə edib.

İlahə Qənbərli

Missiya.Az

Избранный
43
missiya.az

1Источники