Havaların kəskin soyuması ilə birlikdə mövsümi xəstəliklər də baş qaldırıb. Xüsusilə qış aylarında hava-damcı yolu ilə yayılan infeksiyaların artdığı müşahidə olunur.
Son günlərdə bir çox insan titrətmə, burun axması ilə müşahidə olunan xəstəlikdən şikayət edir. Ümumiyyətlə, fəsli qrip infeksiyasına yoluxma hallarında müəyyən artımlar var.
Mövzu ilə bağlı tibb üzrə ekspert Aydın Əliyev Bakıvaxtı.az-a bildirib ki, xəstəliklərin artmasında havanın dəyişməsi əsas rol oynayır. Onun sözlərinə görə, amma hər bir insanın özündən də çox şey asılıdır:
“Hərəkətsizlik, düzgün qidalanmamaq mühüm amillərdəndir. Düzgün qidalanma deyəndə isə xüsusən sulu qidaların mütləq qəbul olunması, göyərtilərdən daha çox istifadə edilməsi, onların da quru yeməklərdən əvvəl yeyilməsi nəzərdə tutulur. Bərk qidalar, xüsusilə ət və digər ağır yeməklər ağızda yaxşı çeynənməlidir. Bütün bunlar mədənin qəbul olunan qidaları daha rahat həll etməsinə kömək edir”.
Müsahibimiz qeyd edib ki, bu qaydalara əməl olunmadıqda isə bağırsaq sistemi düzgün işləyə bilmir, qidaları tam həll etmir. Nəticədə immun sistemimiz, yəni bədənimizin müqavimət gücü getdikcə azalır.
A.Əliyev bildirib ki, digər tərəfdən, dünyada və ətraf mühitdə baş verən proseslər - müharibələr, radiasiya, telefon və televizorlardan həddən artıq istifadə, ayaqüstü qidalanma da insan sağlamlığına mənfi təsir göstərir:
“Ayaqüstü qida qəbulu düzgün deyil, bədənimiz buna uyğun yaranmayıb. Sonradan baş verən sinir gərginliyi, hadisələrə təmkinlə yanaşa bilməmək də insan orqanizmini zəiflədir. Buna görə də bütün bu məqamlara diqqət yetirilməlidir. Xüsusilə uşaq yaşlarından düzgün vərdişlər öyrədilməlidir. Səhərlər uşaqlara soyuq duş qəbul etdirmək, daha sonra isə dəsmalla bədən qızarana qədər silmək məsləhətdir ki, daxildəki hüceyrələr hərəkətə gəlsin. Bu zaman bütün orqanizm işləməyə başlayır və nəticədə immun sistemi güclənir, bədənin xəstəliklərə qarşı dözümü artır".

Aydın Əliyev: Xəstəliklərin artmasında havanın dəyişməsi əsas rol oynayır, amma...
Həmsöhbətimiz deyib ki, əlavə olaraq, rəngli suların, çox soyuq içkilərin, qazlı suların həddindən artıq istifadəsi, siqaret və alkoqollu içkilər də sağlamlığa zərərlidir:
"Məlumdur ki, bunlar bədəndə oksigeni azaldır, karbon qazını artırır və nəticədə orqanizmin gücünü zəiflədir. Çoxsaylı səbəblərin təsiri ilə bədən zəifləyir və xəstəliklərə meyil artır. Belə hallarda xalq arasında adət olduğu kimi, bədəni isti saxlamaq, başı bağlamaq, ev üsullarına əl atmaq, mürəbbəli çaylar - zoğallı, turş gilaslı və sair çaylar içmək tövsiyə olunur. Bunlar faydalı ola bilər, amma xəstəliklərin çoxunda təbii ki, həkim müdaxiləsi mütləqdir".
Aynur Babazadə