RU

Quru sərhədləri bu amillərə görə açılmır – SƏBƏB BİLİNDİ

Azərbaycanda quru sərhədlərin bağlı qalması illərdir cəmiyyətin və ekspertlərin müzakirə mövzusuna çevrilib. Pandemiya dövründə tətbiq edilən bu məhdudiyyətlərin hələ də aradan qaldırılmaması, xüsusilə sərnişin daşımaları və nəqliyyat xərcləri baxımından narazılıqlara səbəb olur. Bəs quru sərhədlərin açılması nə vaxt gündəmə gələ bilər və bu qərarın uzadılmasının arxasında hansı amillər dayanır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, quru sərhədlərin bağlı qalması hər hansı mexanizmə və ya pandemiya əsaslarına söykənmir:

“Hazırkı mərhələdə quru sərhədlərin açılması sırf siyasi-iqtisadi qərar fonunda həyata keçirilir. Bu da müəyyən çətinliklər yaradır. Xüsusilə, hava nəqliyyatındakı sərtliklər ön plana çıxır. Quru sərhədlərin açıq olduğu dövrlərdə təyyarə biletlərinin qiymətləri indiki dövrlə müqayisədə daha aşağı idi”.

Ekspertin sözlərinə görə, məsələ ilə bağlı konkret tarix və ya mexanizm haqqında danışmaq mümkün deyil və bütün proses hökumətin verəcəyi qərardan asılıdır:

“Bildiyimiz kimi, quru sərhədlərlə bağlı qərar hər dəfə 3–6 ay müddətinə uzadılır. 2020-ci ildən bağlanan sərhədlər bu günə qədər açılmayıb. Mövcud yanaşmaya əsasən, bu prosesin uzadılmağa davam edəcəyi ehtimalı daha yüksəkdir”.

Asif İbrahimov qeyd edib ki, hazırkı qərarlar fonunda yaxın perspektivdə dəyişiklik gözlənilmir:

“Rahatlıqla demək olar ki, ən azı 1–2 il ərzində quru sərhədlərin açılması ilə bağlı ciddi gözlənti yoxdur. Bu mərhələdə hansısa formada dəqiq proqnoz vermək çətindir”.

Qeyd edək ki, quru sərhədlərin bağlı qalması həm sərnişindaşıma, həm də iqtisadi və sosial sahələrdə müzakirələrə səbəb olmağa davam edir.

Aynurə İsmayıl
KONKRET.az

Избранный
42
2
konkret.az

3Источники