RU

Ən güclü spermatazoid olaraq doğulmağı bacarmışam... Hikmət Orhunun yeni şeirləri

Kulis.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Kulis.az Hikmət Orhunun yeni şeirlərini təqdim edir.

Gülbəniz

Gülbənizin sevgilisi

tez-tez gələrdi məhəlləmizə...

Bizdən böyüklərin təsirilə

hər dəfə

o gəlib-gedəndə yolunu kəsib

üstünə şeşələnsək də,

ürəyimizin başı tökülürdü

atasının işlətdiyi

stadionda futbol oynamaq üçün.

Günlərin bir günü

bizdən böyük uşaqları

əsgərliyə apardılar

və biz Gülbənizi sevgilisi ilə

tək qoyub

futbol oynamağa getdik —

gələcək qayınatasının stadionunda…

Qırçınlı şeir

qırçınlı pərdələr

və həzin,

sakit ev istədik —

qibləsi dağlar.

həyəti

itli-pişikli,

otaqları

kitabxanalı,

pianinolu — ev istədik,

qismət olmadı...

olsun.

demək, biz də

istəyə-istəyə qocalacağıq

maaşı minimum dövlət müəssisələrində…

Tapa bilmədiyim küçə…

Xatırlayıb

tapa bilmədiyim küçə,

necə gedilir sənə?

Alabəzək işıqları

göz qamaşdıran restoran,

gecə gedilir sənə?

Səndə bir qadın bəyənmişdim,

pulum çatmamışdı —

üzərində adı yazılmayan hotel,

gecə gedilir sənə?

Xatırlayıb

tapa bilmədiyim küçə,

necə gedilir sənə?

Çe Gevaralıq gözündən düşür

Birdən düşür gözündən

şəhərin al-əlvan küçələri də...

Kəndin itli-pişikli gecələri də

həyəcanlandırmır artıq əvvəlki qədər...

Qızların gözünün işığına çevrilmək üçün

Çe Gevaralıq — gözündən düşür.

Gözünü açırsan ki, geridə qalıb

mühacir getmək üçün

Məhsul Stadionunda "Azadlıq" deyə bağırdığın günlər

və bu gün-sabah otuz beş yaşın olur,

amma hələ də Biləcəridən o yana gedə bilməmisən —

bir arpa boyu…

Epizodlar

I

Moruqlar ən dəymişini gizlədir

yarpağının altında.

Eləcə kainat da

boya-başa çatdırıb

insanı yox eləyir torpağının altında.

II

Uşaqlar öyrənir iməkləməklə

həyatı addım-addım...

Nə qədər iməklədim,

mən öyrənə bilmədim həyatı —

fərli-başlı.

Görünür,

ilk addımı yanlış atdım.

III

Dövlət xəstəxanasında

minimum əmək haqqı alan xadiməçi

hər gələn xəstə ilə qohum çıxmağa çalışır —

hansısa yaxınlıq verib

beş-on manat hörmət edər deyə...

Gözüm bıçağa düşüb

Qələmimi tapmadım —

hansı künc-bucağa düşüb?

Çöldə intihar havası var,

gözüm bıçağa düşüb.

Tutdan asdırılmaq nədir?

qəbri qazdırılmaq nədir?

Mən ölüm,

basdırılmaq nədir?

yanım — ocağa düşüb.

Qovulmuşuq qaçdıqca,

yenilmişik acdıqca.

Alçaqlar ayaq açdıqca

hündürlər alçağa düşüb.

Cənnət meyvəsi

Heç kimin saçını

belə görmədim:

dağınıq yığılmış bir saç topası...

"Bu qədərmi gözəl olarmış"

dedim özüm-özümə.

Bəlkə də, Adəmin gözüylə

baxdığım üçün

Həvvanı xatırladan

sütun kimi bədənini oğurlayıb

sıxmaq istədim özümə...

Qadağan olunmuş meyvə kimiydin,

tüküm ürpəndi...

Odissey

Troya müharibəsindən evə

ancaq on ilə qayıda bilən

Odissey kimi —

hər yatıb dincimi almaq istəyəndə

döyüşdən-döyüşə qaçıb

özümü əldən salmışam.

Qalmışam

"həyat və ölüm" adlanan

iki o arasında...

Getsəm, gedə bilmirəm,

qalsam, qala…

Qayıtmaq istəyirəm...

İşə bax ki,

ən güclü spermatazoid olaraq

doğulmağı bacarmışam,

amma yaşamağı alındıra bilmirəm.

Soyduqca soyulan

astarlı konfet kağızı kimi

yaşadıqca maskası cırılır həyatın.

İmkan olsa,

ya anamın bətninə qayıtmağı planlaşdırıram,

ya atamın xayalığına —

bir daha əkilməmək

və doğulmamaq üzrə...

Abstrakt tablolar ustası - Onun ətrafındakı rəssamlara niyə “Göy Atlılar" deyirdilər?

"Nə deyə bildim ki, tutmaz sevdamız…" - Günün şeiri

Azərbaycanlı aktyor Hollivudda filmə çəkiləcək

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
9
1
kulis.az

2Источники