RU

Yenə qanunsuz sərnişindaşıma, yenə FACİƏ – Günahkar kim(lər)dir?

Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi cəmiyyətdə yenidən qanunsuz sərnişindaşıma problemini gündəmə gətirib.

NOCOMMENT.az-a AYNA-dan verilən məlumata görə, “İsuzu” markalı avtobus qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Mersedes” markalı mikroavtobusla toqquşub. Hadisənin başvermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır və hüquqi qiymətləndirmə təyin olunmuş avtotexniki ekspertizanın rəyinə uyğun olaraq müəyyən ediləcək. Qəza nəticəsində həyatını itirənlərin yaxınlarına başsağlığı verilib, yaralılara şəfa arzulanıb.

Bu cür hadisələr bir daha göstərir ki, qanunsuz sərnişindaşıma təkcə iqtisadi və inzibati problem deyil, birbaşa insan həyatına təhlükə yaradan ciddi risk faktorudur. Qanunsuz fəaliyyət göstərən nəqliyyat vasitələri əksər hallarda texniki baxışdan keçmir, sürücülər müvafiq peşəkar tələblərə cavab vermir və marşrut qaydalarına əməl olunmur. Bu isə qəza riskini dəfələrlə artırır.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağayev bildirib ki, qanunsuz sərnişindaşıma yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biridir: “Belə sürücülər məsuliyyət daşımadıqlarını düşündükləri üçün sürət həddini aşır, təhlükəsizlik qaydalarına əməl etmir və sərnişinlərin həyatını real təhlükə altına qoyurlar. Rəsmi qaydada marşrutlarda fəaliyyət göstərən avtobuslar mütəmadi texniki baxışdan keçir, sürücülərin tibbi yoxlaması aparılır və fəaliyyətləri nəzarətdə olur, qanunsuz daşımalarda isə bu mexanizmlərin heç biri yoxdur. Bu səbəbdən belə qəzalarda əsas risk məhz qeyri-qanuni fəaliyyət göstərən nəqliyyat vasitələrindən qaynaqlanır”.

Məslənin hüquqi tərəfindən danışan hüquqşünas Natiq Ələsgərov isə NOCOMMENT.az-a açıqlamasında bildirib ki, qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücü və nəqliyyat vasitəsinin sahibi birbaşa hüquqi məsuliyyət daşıyır. Hüquqşünasın sözlərinə görə, əgər qəza ölümlə nəticələnibsə, Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən məsuliyyət daha da ağırlaşır. Bundan əlavə, qanunsuz sərnişindaşıma faktı özü inzibati və ya cinayət məsuliyyəti yaradır və bu cür fəaliyyətlə məşğul olan şəxslər həm sərnişinlərin, həm də digər yol hərəkəti iştirakçılarının həyatına görə cavabdehdir.

Ələsgərov vurğulayıb ki, bu kimi hallarda yalnız sürücü deyil, eyni zamanda qanunsuz fəaliyyətə göz yuman və ya nəzarət mexanizmlərini vaxtında tətbiq etməyən şəxslərin də məsuliyyəti hüquqi müstəvidə araşdırılmalıdır: “Qanunsuz sərnişindaşımanın qarşısının alınması üçün cəzaların sərtləşdirilməsi ilə yanaşı, nəzarət mexanizmlərinin davamlı və sistemli şəkildə tətbiqi vacibdir. Qaradağ rayonunda baş verən bu faciəli hadisə bir daha sübut edir ki, qanunsuz sərnişindaşıma probleminə qarşı mübarizə yalnız reydlərlə məhdudlaşmamalı, həm nəqliyyat təhlükəsizliyi, həm də hüquqi məsuliyyət baxımından ciddi və ardıcıl tədbirlər görülməlidir. Əks halda, bu cür faciələrin təkrarlanması qaçılmaz olacaq və ən ağır bədəli yenə də vətəndaşlar ödəyəcək”.

Избранный
21
nocomment.az

1Источники