RU

Sülh prosesinə qarşı pərdəarxası oyunlar və Azərbaycanın qəti mövqeyi - RƏY

Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışı mərasimində sakinlərlə görüş zamanı səsləndirdiyi fikirlər postmüharibə dövründə regionda formalaşan yeni reallıqların mahiyyətini və bu reallıqlara qarşı yönəlmiş destruktiv cəhdləri bir daha açıq şəkildə ortaya qoydu.

Ağdamdan mesaj: postmüharibə reallıqları və yeni çağırışlar

Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması istiqamətində əldə olunan irəliləyişlər müəyyən dairələrin maraqlarına uyğun deyil və bu dairələr sülh prosesinə xələl gətirmək üçün müxtəlif vasitələrə əl atırlar. Prezident İlham Əliyev xüsusi olaraq postmüharibə dövründə Ermənistanın, eləcə də xaricdəki ermənipərəst dairələrin və ayrı-ayrı siyasətçilərin Azərbaycana qarşı apardığı məqsədli fəaliyyətlərə diqqət çəkib. Bu fəaliyyətlər sırasında hazırda Azərbaycanda məhkəməsi davam edən müharibə cinayətkarlarının əsir kimi qələmə verilməsi, onların azadlığa buraxılması tələblərinin irəli sürülməsi mühüm yer tutur. Söhbət beynəlxalq humanitar hüququ pozmuş, konkret hərbi cinayətlərdə ittiham olunan şəxslərdən gedir və onların məhkəməsi tam şəffaf şəkildə, bütün beynəlxalq standartlara uyğun aparılır. Buna baxmayaraq, bəzi Qərb dairələri bu şəxsləri siyasi manipulyasiya alətinə çevirməyə çalışırlar.

Ədalətli məhkəmə prosesi və siyasi manipulyasiyalar

Milli Məclisin deputatı Vüqar İskəndərov APA-ya açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsi üçün göstərilən və əldə olunan uğurlar bir çox dairələrin yuxusunu ərşə çəkib. Onun sözlərinə görə, bu proses fonunda Ermənistanın siyasi isteblişmentinin pərdəarxası fəaliyyəti açıq şəkildə hiss olunur və erməni lobbisinin ələ-ayağa düşməsi təsadüfi xarakter daşımır.

Vüqar İskəndərov qeyd edib ki, Azərbaycanda məhkəməsi gedən hərbi cinayətkarların ədalətli məhkəmə qarşısına çıxması, onların beynəlxalq hüququn tələblərinə uyğun şəkildə vəkillə təmin olunmaları, saxlanma şəraitlərinin yüksək standartlara cavab verməsi prosesin tam şəffaf aparıldığını sübut edir. Bütün bunlara baxmayaraq, həmin şəxsləri “hərb əsiri” kimi təqdim etmək cəhdləri davam edir.

Qərbdəki bir sıra institutların, xüsusilə erməni lobbisinin təsiri altında olan korrupsiyaya bulaşmış siyasətçilərin fəallığı diqqət çəkir. Menendes kimi şəxslərin, eləcə də Okampo kimi fiqurların anti-Azərbaycan fəaliyyəti hüquq və ədalət prinsipləri ilə ziddiyyət təşkil edir.

Binokl diplomatiyası və regionda etimad mühiti

Deputat Ermənistan ərazisində Avropa İttifaqının hərbi missiyasının fəaliyyətinin davam etməsinə də diqqət çəkib. “Binokl diplomatiyası” adlandırılan bu siyasətin regionda etimad mühitini möhkəmləndirmir. Digər tərəfdən, sülh prosesi davam etsə də, Xocalı soyqırımı başda olmaqla Azərbaycan xalqına qarşı törədilmiş cinayətlər unudulmamalı, tarixdən düzgün dərs çıxarılmalıdır. Bu, davamlı sülhün əsas şərtlərindən biridir.

Eyni zamanda Hazırkı mərhələdə sülh və normallaşma prosesi davam etdiyi halda ABŞ-ın “Azadlığa dəstək aktı”na daxil edilmiş ədalətsiz 907-ci düzəlişin qüvvədə qalması ciddi suallar doğurur. Vüqar İskəndərov bu düzəlişin tamamilə ləğv edilməsinin vacibliyini vurğulayır.

Prezident İlham Əliyevin Ağdamda səsləndirdiyi “Azərbaycan güclü olmalıdır” mesajı ölkənin həm hərbi, həm də iqtisadi gücünün artırılmasının strateji əhəmiyyətini göstərir. Vüqar İskəndərov bildirir ki, Ermənistan isə revanşist meyllərdən imtina etməli, pərdəarxası siyasətə son qoymalı və sülh prosesində real, əməli addımlar atmalıdır. Əks halda, regionda davamlı sülhün təmin olunması mümkün olmayacaq.

Избранный
35
50
apa.az

10Источники