RU

Ermənistanın Qarabağda cinayət xronikası – 800 milyardlıq zərər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışı zamanı səsləndirdiyi fikirlər işğal dövründə Ermənistanın Azərbaycan ərazilərində həyata keçirdiyi məqsədyönlü dağıdıcılıq siyasətinin mahiyyətini bir daha açıq şəkildə ortaya qoydu. Dövlət başçısının vurğuladığı kimi, Ağdam işğal illərində faktiki olaraq urbisidə – yəni şəhərlərin planlı şəkildə məhv edilməsinə məruz qalmışdı.

Bu, müharibənin təsadüfi nəticəsi deyil, Ermənistan dövlətinin Azərbaycan xalqına qarşı apardığı sistemli düşmənçilik siyasətinin bariz nümunəsi idi. Bütün binaların daşları bir-bir sökülərək talan edilmiş, Ermənistan ərazisinə daşınaraq satılmışdı. Məqsəd aydın idi: Azərbaycan xalqının tarixi-mədəni izlərini silmək, bu torpaqları yaşayış üçün yararsız hala salmaq və azərbaycanlıların geri qayıdış ümidini məhv etmək. Lakin Ermənistan bu məsələdə ciddi şəkildə yanıldı. Azərbaycan xalqı işğalla heç vaxt barışmadı və 44 günlük Vətən müharibəsində bu tarixi ədalətsizliyə son qoydu.

Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində törətdiyi əməllər beynəlxalq hüququn fundamental prinsiplərinin kobud şəkildə pozulmasıdır. Şəhərlər, kəndlər, məktəblər, xəstəxanalar, məscidlər və qəbiristanlıqlar sistemli şəkildə dağıdılıb. Xüsusilə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı kimi şəhərlər faktiki olaraq yerlə-yeksan edilib.

Ağdamın “Qafqazın Xirosiması” adlandırılması erməni vandalizminin miqyasını açıq şəkildə əks etdirirdi. Halbuki beynəlxalq humanitar hüquq işğalçı dövlətin mülki əhaliyə, mülkiyyətə, mədəni irsə və ətraf mühitə hörmətlə yanaşmasını tələb edir. Ermənistan isə 1954-cü il Haaqa Konvensiyası da daxil olmaqla beynəlxalq öhdəliklərini açıq şəkildə pozaraq Azərbaycan xalqının tarixi və mədəni irsinə qarşı tam məhv etmə siyasəti yürüdüb.

a-40.jpg

Ermənistanın hərbi təcavüzü nəticəsində təqribən 20 min azərbaycanlı həlak olub, 50 min nəfər yaralanıb, ən azı 4000 nəfər itkin düşüb. Onların böyük bir qismi əsir götürülərək işgəncələrə məruz qalıb və ya qətlə yetirilib.

Birinci Qarabağ müharibəsi dövründə əhalinin böyük hissəsi doğma yurdlarından didərgin salınıb, təxminən 1 milyon insan məcburi köçkün vəziyyətinə düşüb. 2020-ci ilin 44 günlük Vətən müharibəsində isə Ermənistanın mülki yaşayış məntəqələrinə raket zərbələri endirməsi nəticəsində 100-dən çox dinc sakin həlak olub, yüzlərlə insan yaralanıb. Bu faktlar Ermənistanın müharibə cinayətləri törətdiyini bir daha sübut edir.

İşğal illərində Azərbaycanın zəngin təbii resursları da sistemli şəkildə talan edilib. Zəngilan və Kəlbəcər rayonlarında yerləşən qızıl yataqları, o cümlədən Söyüdlü (Zod), Çovdar və Vejnəli yataqları Ermənistan tərəfindən qanunsuz istismar olunub. Qızıl, mis və digər əlvan metallar xarici bazarlara çıxarılıb, meşələr qırılıb, su və enerji ehtiyatları talan edilib. Hesablamalara görə, təkcə təbii sərvətlərə vurulan zərər təqribən 50 milyard ABŞ dolları təşkil edir. Ümumilikdə isə Ermənistanın hər iki Qarabağ müharibəsi nəticəsində Azərbaycana vurduğu maddi zərər 800 milyard ABŞ dollarına qədər qiymətləndirilir.

1.jpg

İşğal dövründə mədəni irsə qarşı törədilən cinayətlər xüsusilə ağır olub. Yüzlərlə məscid dağıdılıb və ya təhqir edilib, bəziləri donuz və mal-qara tövləsinə çevrilib. 1992-ci ildən etibarən işğala məruz qalan 23 muzey və 4 qalereyadan 100 mindən çox eksponat talan edilib. Qarabağ xalçaları və digər milli-mədəni dəyərlər erməni məhsulu kimi xarici ölkələrdə satılıb. Seva Xaçaturyanın yaratdığı “Karabakh Caret” firması bu talanın əsas mexanizmlərindən biri olub. Məlumatlara görə, şirkət cəmi iki il ərzində 600 milyon ABŞ dolları gəlir əldə edib. Təkcə 2013-cü ildə Şuşa, Laçın və Xocavəndin Çartar kəndindən talan edilmiş 300 xalçanın satışından 270 milyon ABŞ dolları qazanılıb.

14806-1604729217.jpg

Ermənistanın 2020-ci il müharibəsindəki ağır məğlubiyyəti onun işğalçı və təcavüzkar siyasətinin faktiki etirafı oldu. Bu isə beynəlxalq hüquqa əsasən Ermənistanın Azərbaycana qarşı təzminat ödəmək öhdəliyini açıq şəkildə ortaya qoyur. Ermənistan təkcə maddi zərərlərə görə deyil, həm də mənəvi zərərə görə Azərbaycan xalqından rəsmi şəkildə üzr istəməli, gələcəkdə hər hansı ərazi iddialarından birdəfəlik imtina etməlidir. Təzminatın beynəlxalq fondlar, iqtisadi konsessiyalar və digər hüquqi mexanizmlər vasitəsilə həyata keçirilməsi mümkündür.

Prezident İlham Əliyevin Ağdamda səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan nəinki öz torpaqlarını azad edib, həm də tarixi ədalətin bərpası yolunda qətiyyətli mövqe sərgiləyir. Ermənistanın törətdiyi urbisid, vandalizm və talan cavabsız qalmamalıdır. Təzminat məsələsi yalnız maddi məsələ deyil – bu, beynəlxalq hüququn, ədalətin və gələcək sülhün əsas şərtidir.

Şahanə Rəhimli
Musavat.com

Избранный
65
ekologiya.az

1Источники