Azərbaycanın son dövrlər gündəmini silkələyən “Liman işi” getdikcə daha təhlükəli və daha geniş miqyaslı bir mənzərəni üzə çıxarır.
Paytaxt.oeg Musavat.com-a istinadla xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılan, məhkəmənin qərarı ilə barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilən Ruslan Eyyubovun adı artıq təkcə 6,4 milyon manatdan artıq aksizsiz siqaret qaçaqmalçılığı faktında deyil, liman-gömrük-sərhəd-biznes xətlərinin kəsişdiyi bir işdə hallanır. Bu iş aysberqin yalnız görünən hissəsidir.
Həqiqətənmi Ruslan Eyyubov bütün bu varidatı yaratdığı biznes şəbəkəsi hesabına əldə edib?
Ruslan Eyyubovun Bakıdakı əsas aktivlərindən biri paytaxtın mərkəzində, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 43 ünvanında yerləşən, 20 mərtəbəli dəbdəbəli “World Business Center” biznes kompleksidir. Təxminən 15 il əvvəl istifadəyə verilmiş bu mərkəz dupleks tipli ofisləri, elit restoran və kafeləri, müxtəlif kommersiya obyektləri ilə icarə mənbəyinə çevrilib. Mənbələrin bildirdiyinə görə, Ruslan Eyyubovun bu mərkəzdə yüksək komfortlu şəxsi ofisi olub. Həmin məkana onun qardaşı, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin keçmiş rəisi, gömrük xidməti general-mayoru Həsən Eyyubovun da tez-tez baş çəkdiyi deyilir. Həsən Eyyubovun bu biznesdə payının olması ehtimalı da yer alır. Xatırladaq ki, siqaret qaçaqmalçılığına qarşı keçirilmiş əməliyyatlardan sonra Həsən Eyyubov təqaüdə göndərilib və onun ölkəni tərk etməsinə qadağa qoyulduğu bildirilir.
İşin ən diqqətçəkən məqamlarından biri isə Ruslan Eyyubovun Xəzər dənizinin sahilində, Şüvəlan qəsəbəsində yerləşən 15 hektarlıq nəhəng ərazisi ilə bağlıdır. Bu sahənin cəmi 5 hektarı bağ evi və malikanə kimi istifadə olunur, qalan 10 hektarın hansı məqsədlə ayrıldığı isə açıq sual olaraq qalır. Dənizə birbaşa çıxışı olan bu ərazi ilə bağlı suallar istintaq fonunda daha da kəskinləşir. Bura dəniz yolu ilə gəmilərin yanaşması texniki baxımdan mümkün idimi, bu sahə alternativ, qeyri-rəsmi liman funksiyası daşıya bilərdimi? Qaçaqmalçılıq həqiqətən yalnız siqaretləmi məhdudlaşıb?
“Google Maps” ölçmələrinə əsasən, eni 136 metr, uzunluğu 374 metr olan bu ərazi 5,8 hektarlıq nəhəng bir sahəni əhatə edir. Burada yerləşən kompleks sadə bağ evi anlayışını çoxdan aşır. Tikilinin adı “Tarkhan - Qubernatorun Dəniz Sarayı” kimi təqdim olunur. Kompleksin daxilində məscid, “Sübhə” Sarayı, Minarə evlər, Badukubə Sarayı, İmaməddin Sarayı, İnqilab Evi, Arxaik Muzey, Çay evi, Çəməngül bağı, fəvvarələr, qəbul evləri, iri qarajlar və “İç Meydan” yerləşir. Məscidin hasarında 99 ədəd gümbəz var və hər birində Allahın 99 adı yazılıb. Dron görüntülərində mərkəzi fəvvarənin ortasında Azərbaycan xəritəsinin konturları aydın görünür. Məlumatlara görə, bu kompleksin tikintisinə Türkiyədən mühəndislər və ixtisaslı işçilər cəlb olunub, xərclər isə milyonlarla manatla ölçülür. Bağın içindəki hovuzun sahəsinin belə 10 sotdan artıq olduğu bildirilir.
Ruslan Eyyubov eyni zamanda “NB” Şirkətlər Qrupunun rəhbəridir. Bu holdinq mərmər və bahalı daşlar, qranit, boya və digər sənaye materiallarının istehsalı və satışı ilə məşğuldur, ölkənin kimya sənayesi sektorunda ciddi paya malikdir. Cəmi bir neçə gün əvvəl Gəncədə iri zavod açılışı da bu sürətli genişlənmənin göstəricisi kimi təqdim edilib. Lakin paralel olaraq liman nəzarəti, sahilboyu ərazilər, iri biznes aktivləri və ailə əlaqələrinin bu şəkildə üst-üstə düşməsi istintaq üçün daha ağır suallar yaradır.
İstintaq materialları və açıq mənbələr göstərir ki, “Liman işi” artıq təkcə aksizsiz tütün qaçaqmalçılığı deyil. Burada Dövlət Gömrük Komitəsi, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı, Dövlət Sərhəd Xidməti və iri biznes maraqlarının kəsişdiyi geniş və sistemli iş aparılması ehtimalı formalaşır. Baş Prokurorluq rəsmi şəkildə bildirib ki, istintaq-əməliyyat tədbirləri davam etdirilir və ictimaiyyətə əlavə məlumatlar təqdim olunacaq. Limanlardan saraylara uzanan bu yol harada dayanacaq?
E.MƏMMƏDƏLİYEV,