Ukrayna Prezidenti Vladimir Zelenski beynəlxalq müzakirələrdə hazırda diqqət mərkəzində olan 20 maddəlik sülh planını açıqlayıb. Bu plan təkcə Ukraynanın deyil, bir sıra böyük dövlət və beynəlxalq güc mərkəzlərinin maraqlarını eyni zamanda əhatə edən kompleks bir sənəddir. Sülh planı Rusiya ilə müharibənin dayandırılması, Ukraynanın təhlükəsizlik və suverenliyinin təmin edilməsi, həmçinin ölkənin iqtisadi və siyasi bərpasına yönəlmiş strateji bir çərçivədir.
Sülh planının mühüm xüsusiyyətlərindən biri onun çoxmərhələli və çoxsahəli xarakteridir. Plan yalnız birbaşa hərbi məsələləri əhatə etmir, həm də iqtisadi inkişaf, humanitar məsələlər, enerji təhlükəsizliyi və sosial harmoniyanın təşviqi kimi sahələri özündə birləşdirir. Belə yanaşma, müharibədən sonrakı Ukrayna dövlətinin yalnız müstəqil və təhlükəsiz deyil, həm də davamlı iqtisadi və sosial inkişaf perspektivinə malik olmasını hədəfləyir.
Ukraynanın maraqları planın mərkəzində dayanır. Suverenliyin tanınması və qorunması, güclü Silahlı Qüvvələrin saxlanılması, NATO-ya bənzər təhlükəsizlik zəmanətləri, Avropa Birliyinə üzvlük perspektivi və iqtisadi inkişafa dəstək verən proqramlar ölkənin müstəqilliyini və regional gücünü təmin etməyə yönəlib. Ərazi məsələlərinin zorla dəyişdirilməməsi və gələcək seçkilərin keçirilməsi isə Ukraynanın daxili siyasi stabilliyini və legitimliyini qorumaq üçün vacibdir. Bu maddələr Ukraynanın müharibədən sonra yalnız qurtulmuş dövlət kimi qalmasını deyil, həm də Qərbə inteqrasiya olunmuş, güclü və davamlı dövlət kimi mövqelənməsini təmin etməyə yönəlib.
ABŞ planın əsas təminatçısı kimi rol alır. Təhlükəsizlik zəmanətləri, Zaporojye Atom Elektrik Stansiyasının birgə idarə olunmasında iştirak, Ukrayna ilə azad ticarət sazişlərinin sürətləndirilməsi və Sülh Şurasına rəhbərlik kimi elementlər ABŞ-ın strateji maraqlarını əks etdirir. Bu maraqların əsas məqsədi Avropada təhlükəsizlik memarlığında liderliyi qorumaq, Rusiyanı uzunmüddətli hərbi-siyasi baxımdan məhdudlaşdırmaq və Ukraynanı Qərb təsir dairəsinə möhkəm şəkildə bağlamaqdır. ABŞ üçün plan həm də regional stabillik, Avropanın enerji və iqtisadi təhlükəsizliyi baxımından mühüm bir vasitədir.
Avropa İttifaqı üçün plan həm təhlükəsizlik, həm də iqtisadi maraqlarını təmin edir. Ukraynanın AB-yə üzvlük perspektivi və Avropa bazarına giriş, regionda sabitliyin təmin olunması, həmçinin humanitar və bərpa fondlarında iştirak AB-nin strateji maraqlarını qoruyur. AB üçün plan Şərq sərhədlərində idarəolunan sülhün təmin edilməsi və böyük müharibə risqinin minimuma endirilməsi baxımından vacib əhəmiyyət kəsb edir.
NATO rəsmi tərəf olmasa da, plan onun maraqlarını əks etdirir. Ukraynanın qeyri-rəsmi NATO müttəfiqi kimi qorunması, Rusiya ilə birbaşa hərbi toqquşmalardan qaçmaq və Şərqi Avropada balansın NATO xeyrinə saxlanması alyansın strateji maraqlarına uyğun gəlir. Bu, Ukraynanın NATO üzvü olmamasına baxmayaraq, faktiki olaraq hərbi-siyasi qalxan rolunu oynaması deməkdir.
Rusiyanın maraqları plan çərçivəsində qismən nəzərə alınsa da, əksər maddələr onun strateji hədəfləri ilə ziddiyyət təşkil edir. Ukraynanın nüvə silahı olmayan statusu, gələcək ərazi danışıqlarının qorunması və AES-in birgə idarə olunması Rusiyanın maraqlarını qismən əhatə etsə də, güclü Ukrayna ordusu, NATO tipli təhlükəsizlik zəmanətləri və AB-yə üzvlük Rusiyanın əsas “qırmızı xət”lərini kəsir. Bu səbəbdən Moskva planı dərhal təsdiqləməkdə tərəddüd edir.
Ərazi məsələləri xüsusilə mürəkkəbdir. Donbas, Luqansk, Zaporojye və Xerson kimi strateji regionların statusu və qoşunların yerləşdirilməsi hələ razılaşdırılmayıb. Plan bu bölgələrdə beynəlxalq monitorinq və potensial referendum kimi mexanizmləri nəzərdə tutur. Bu, Rusiyanın ərazi iddialarını məhdudlaşdırır və onun üçün siyasi kapitulyasiya kimi görünə bilər.
İqtisadi və maliyyə komponenti də planın diqqət çəkən tərəfidir. Ukraynanın bərpası və inkişafı üçün nəzərdə tutulmuş 800 milyard dollarlıq layihələr infrastruktur, enerji və maliyyə sektorları üçün geniş imkanlar açır. Bu, həm Ukrayna üçün, həm də beynəlxalq investorlar üçün böyük perspektiv yaradır, ölkənin müharibədən sonrakı dövrdə davamlı iqtisadi inkişafını təmin edir.
Ümumilikdə, Zelenskinin 20 maddəlik planı Ukrayna və Qərb üçün maksimum fayda təmin etməyə yönəlmiş bir sənəddir. Plan Rusiyanın "qırmızı xətləri"ni zorlayır, ona güzəşt etmədən razılaşmaq çətin görünür. Lakin sülhün bərpası, Ukraynanın təhlükəsizliyinin və iqtisadi mövqeyinin gücləndirilməsi baxımından plan strateji bir addım kimi qiymətləndirilə bilər. Planın uğuru, əsasən, beynəlxalq danışıqların, kompromislərin, eyni zamanda, ABŞ, AB və digər tərəfdaşların aktiv dəstəyindən asılı olacaq.
Akif NƏSİRLİ