RU

Prezidentin çıxışı tarixi ədalətin bərpası fonunda beynəlxalq münasibətlərdə ikili standartların mövcudluğunu bir daha üzə çıxardı - RƏY

"Azərbaycan Prezidenti Cənab İlham Əliyevin dekabrın 24-də Ağdamda 2-ci yaşayış kompleksinin açılışı zamanı söylədiyi nitq yalnız abadlıq işlərinə həsr olunmadı. Dövlət başçısı münaqişə illəri boyu Ermənistana göstərilən birtərəfli siyasi dəstəyin və beynəlxalq hüququn seçici tətbiqinin konkret faktlarını gündəmə gətirdi. ATƏT-in Minsk Qrupu uzun illər Qarabağ münaqişəsinin nizamlanması prosesində əsas vasitəçi mexanizm kimi çıxış etsə də, faktiki olaraq problem həll olunmadı. Prezident İlham Əliyev həmsədrlərin qəti tədbir görməməsini, münaqişənin mahiyyətini, gözdən pərdə asmasını və işğalın nəticələrini rəsmiləşdirmək cəhdlərini açıq şəkildə tənqid etdi. Bu vasitəçilik mexanizmi təzyiq alətlərindən istifadə etmək əvəzinə, passiv müşahidəçi mövqeyini üstün tutdu. Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən dörd BMT Təhlükəsizlik Şurası qərarı qəbul edilsə də, onların icrası təmin olunmadı. Ermənistana heç bir beynəlxalq sanksiya tətbiq edilmədi. Əksinə, oxşar situasiyalarda kollektiv Qərb başqa ölkələrə qarşı sanksiya paketləri və hətta hərbi müdaxilələr həyata keçirdi. Rusiyaya, Serbiyaya və bir sıra Yaxın Şərq dövlətlərinə tətbiq edilən sərt tədbirlər Ermənistan üçün istisna olundu".

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Naqif

Deputat bildirib ki, Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış separatçı rejim uzun müddət beynəlxalq arenada qeyri-rəsmi fəaliyyət göstərməyə davam edib: "Bu qondarma qurumun ABŞ-də, Rusiyada, Fransada və digər Avropa paytaxtlarında ofisləri fəaliyyət göstərdi. Separatçıların rəhbərləri xaricə rəsmi səfərlər edir, siyasətçilərlə görüşürdü. Maraqlıdır ki, Ukraynada yaradılan LNR və DNR, yaxud Gürcüstanın separatçı bölgələrindəki qurumlara qarşı sərt sanksiyalar tətbiq edildiyi halda, Qarabağ münaqişəsində fərqli standart tətbiq edildi. Bu, beynəlxalq hüququn seçici tətbiqi və ikili standartların bariz nümunəsidir. Prezident İlham Əliyev xüsusi vurğuladı ki, Qərb siyasətçiləri və ABŞ konqresmenləri Azərbaycanın işğal altında olan ərazilərinə qeyri-qanuni səfərlər edirdilər. Frank Pallone, Ed Pekres kimi ermənipərəst siyasətçilərin adları xüsusi çəkildi. Onların bu ərazilərdə çəkdirdikləri foto və video materiallar erməni təbliğatında geniş istifadə olunurdu. Bu səfərlər işğalın qanuniləşdirilməsi cəhdi kimi qəbul edilirdi və beynəlxalq hüquq normalarının açıq şəkildə pozulması idi. Prezident İlham Əliyevin Ağdamdakı çıxışı tarixi ədalətin bərpası fonunda beynəlxalq münasibətlərdə ikili standartların mövcudluğunu bir daha üzə çıxardı. Azərbaycan öz ərazilərini azad etməklə faktiki olaraq BMT qərarlarını özü həyata keçirdi. Ağdamda yeni yaşayış kompleksinin açılışı isə işğaldan azad edilmiş ərazilərdə həyatın bərpasının və tarixi ədalətin təntənəsinin simvolu kimi qalacaq. Bu eyni zamanda beynəlxalq ictimaiyyətə mesaj idi: ədalət gec-tez bərqərar olur, hətta beynəlxalq mexanizmlər öz funksiyasını yerinə yetirməsə belə".

 

Aytəkin Qardaşova

Tarix: 26 Dekabr 2025, 08:59   
Избранный
19
pravda.az

1Источники