RU

Yüz ilə sığmayan gün

Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanı haqqında

əvvəli ötən saylarımızda

Susuz çöllərə göydən bərəkət yağanda qonşular bunu bayrama çevirirlər, selləmə yağışın altında oynağa çıxırlar. Yedigey Abutalıbın üç yaşlı oğlu Ermeki qucağından yerə qoymur ki, birdən uşaq çala-çökəyə düşüb boğular, Abutalıb da onun kiçik qızı Şərafəti boynuna mindirir. Yalnız şıdırğı yağışın altında Yedigey qəfil duyuq düşür ki, Zərifəyə bir ayrı gözlə baxır:

“Onlar beləcə yüyürür, uşaqları əyləndirirdilər. Ermek Yedigeyin qucağında atılıb-düşür, ağzına yağış dolanda sifətini onun boynuna qısırdı. Bu mənzərə elə təsirliydi ki, oğullarının Yedigey əmisinin qucağında belə sevindiyi üçün Abutalıbla Zərifənin minnətdarlıqla parıldayan baxışları Yedigeyin gözündən yayınmadı. Kuttubayevgilin yağışın altında düzəltdikləri bu oyun elə Yedigeylə qızlarının da ürəyindəndi. Yedigey özündən asılı olmayaraq Zərifənin gözəlliyinə fikir verdi. Yağış onun siyah tellərini çöhrəsinə, boyun-boğazına, çiyinlərinə dağıtmışdı, qüdrətdən axan su onun cavan və şux təni boyu tökülərək mina gərdəninə xüsusi gözəllik verir, şümşad qollarını, budlarını və yalın ayaqlarının baldırlarını adamın gözünə soxurdu. Gözləri şən bir ötkəmliklə parıldayır, inci dişləri sevinclə ağarırdı”.

Fəqət bu məsud, dinc günlər uzun sürmür, 1953-cü il girər-girməz - yanvar ayının 5-də Abutalıb həbs olunur. Fevralın axırlarında xəbər gəlir ki, günahsız məhbusun təcridxanada ürəyi partlayıb. Bu müddətdə iki balaca oğlu hər gün qatar ayağına çıxıb onun yolunu gözləyir. Zaman o zamandır ki, Stalinin ölümünə sanılı günlər qalıb. Qazanqapın gətirdiyi qara xəbəri Zərifəyə heç kim çatdıra bilmir, qərara gəlirlər ki, qadın Kumbel stansiyasına gedib ərinin ölüm kağızını rəisdən şəxsən özü alsın. Zərifəni tək buraxmırlar, guya xəbərdən xəbərsizmiş kimi Yedigey də onunla gedir. Zərifə qara kağızı alandan sonra stansiyanın böyründəki bağçada oturub hıçqıra-hıçqıra ağlayır, Yedigey yanında durub onun kədərinə qarovul çəkir. Radiodan gələn ağır matəm musiqisinin ardı-arası kəsilmir, camaat elə bilir ki, qərib yolçular rəhbərin ölümünə ağlayırlar.

Qayıdanbaş onlar sərnişin daşıyan sürət qatarına minirlər, bu qatar Boranlı kimi kiçik dayanacaqlarda saxlamır. Ancaq bu dəfə saxlayacaq. Boranlıya çatanda Yedigey stop-kranı çəkib qatarı dayandırır. Qatarda böyük çaxnaşma, qalmaqal yaransa da, adını belə qoyur ki, guya yoldaş Stalinin vəfatı münasibətiylə sərnişin qatarını Boranlı razyezdində matəm əlaməti olaraq saxlayıb. Əslində isə bu, onun zamanı dayandırmaq, hərəkəti dondurmaq, Zərifənin yanında duyduğu hüznlü sevinci, kosmik kədəri əbədiyyətə köçürmək cəhdidir.

Ancaq fələyin çarxının stop-kranı yoxdur, zaman xoşbəxt anları da qara günlərin gözünə qatıb üyüdür. Yedigey azıb-təzmiş Qaranərin sorağına gedəndə Zərifə balalarını da götürüb Boranlıdan həmişəlik çıxır. Axtalanmamış dəvəni qınamalı deyil, yiyəsi kimi o da özünə pasiban axtarır. Qayıdıb Abutalıbın yurdunu boş görən Yedigey Allaha asi düşüb hirsini Qaranərin üstünə tökür, dəvəni amansızcasına döyür, heyvan işgəncəyə dözməyib yiyəsini qarın içiylə sürüyür. Qaranər Yedigeyin, özü demişkən, süd qardaşı, şüuraltı məni, alter-eqosudur. Dəvəni döyməklə Yedigey əslində öz cismini cəzalandırır, orta əsr xristian rahibləritək yasaq istəyini, azğın tamahını, ayıb ehtirasını qırmanclayır. Qazanqapsa onun ikinci məni, könül qardaşı, özünə baxan gözüdür. Bax elə həmin qardaş onu başa salır ki, ağıllı Zərifə bu qəfil gedişiylə özünü də, onu da, onun cəfakeş, qəlbitəmiz halalı Ukubalanı da, üstəgəl cəmi Boranlı camaatını böyük bir töhmətdən, rüsvayçılıqdan qurtarıb.

***

Yerdənkənar sivilizasiyanın dəvətiylə “Paritet” kosmik gəmisini tərk eləyən astronavtlar işıq sürətiylə on bir saatdan sonra Günəş sistemindən çıxırlar. Meşəlidöş planetinin Cazib adlı öz günəşi var, həm də bizim Günəşdən çox-çox böyükdür. Bu planetdə bir sutkanın uzunluğu bizim vaxtla iyirmi səkkiz saatdır. Yuxarıdan baxanda Meşəlidöş Yeri xatırladır, eynən bizim planet kimi atmosfer buludlarıyla əhatə olunub. Buranın dağları, təpələri, yamacları yaşıllıq içindədir. Çayları, dənizləri, çölləri də bizimkilərə bənzəyir. Adamları orta hesabla yüz otuz-yüz əlli il ömür sürürlər, hətta iki yüzü haqlayanlar da olur. Planetin on milyarddan artıq əhalisi var. Meşəlidöş sakinləri iqlimi tənzimləməyi də öyrəniblər, hava axınına, suyun axarına təsir göstərməyi bacarırlar. Onların fəzasında Ay yoxdur.

Dövlət deyilən anlayışdan onlar xəbərsizdirlər, müharibənin, silahın nə olduğunu bilmirlər, pul-para tanımırlar. Onların bütün həyatı tamam başqa əsaslar üzərində qurulub. Kosmonavtların Yerə göndərdikləri mesajda belə deyilir:

“Onlar müharibəni mübarizə vasitəsi kimi rədd edərək elə bir kollektiv planetar şüur səviyyəsinə çatıblar ki, çox güman, bu sivilizasiya Kainat mühitinin ağılkəsən hüdudlarında ən qabaqcıl sivilizasiyadır...

Meşəlidöşlülər bilirlər ki, Kainatın onlar üçün çox uzaq olan bir guşəsində Yer planeti var: onlar yer sakinləriylə təmasa girməyi çox istəyirlər. Bu, təkcə adi maraq hissi deyil, onların fikrinə görə, bu, hər şeydən əvvəl şüur fenomeninin təntənəsi naminə, təcrübə mübadiləsi naminə, kainatdakı intellekt sahiblərinin yeni ruhi və zehni inkişafı naminədir...

İşıq sürətiylə uçan aparatları olduğuna görə onlar elə indinin özündə də bizim planetə gələ bilərdilər. Ancaq yer sakinlərinin razılığı, dəvəti olmadan bunu eləmək istəmirlər. Onlar Yerə çağırılmamış qonaq kimi soxulmaq fikrində deyillər. Buna görə də bizə işarə vururlar ki, tanışlıq üçün çoxdan münasib imkan axtarırlar. Bizim kosmik stansiyalarımız uzunmüddətli orbitlərə çıxmış obyektlərə çevriləndən sonra onlara aydın olub ki, görüş vaxtı yaxınlaşır, həm də ilk addımı onlar atmalıdırlar... Meşəlidöşlülər bizdən xahiş eləyirlər “Paritet” rabitə sistemi vasitəsilə sizə çatdıraq ki, Yer əhli nə vaxt münasib bilərsə, onlar bizim planetə gəlmək arzusundadırlar...”

***

Qazanqapı Ana-Beyit qəbiristanlığında basdırmaq baş tutmur. Məlum olur ki, kosmodrom ətrafında qapalı zona yaradıblar, məzarlıq da tikanlı məftillərin o üzündə qalıb. Yedigey dəfnə rüsxət almaq üçün çox çalışıb-çabalayır, gözətçiylə, növbətçi zabitlə danışıqlar aparır, ancaq onun cəhdləri bir fayda vermir, qorunan əraziyə onları heç vəchlə buraxmırlar. Mərhumu Ana-Beyitə yaxın bir yerdə torpağa tapşırırlar. Yedigey lazımi ayinləri yerinə yetirir, dua oxuyur, dəstəmaz alıb cənazə namazı qılır, özünün də Qazanqapın yanında dəfn olunmasını vəsiyyət eləyir. Bunun ardınca biz onun sonuncu daxili monoloqunu, Allahla söhbətini dinləyirik:

“...Amma bilmirəm mənim Yasinimi kim oxuyacaq. Bu cavanlar nə Allaha inanırlar, nə dua-səna bilirlər. Axı Allahın olub-olmadığını heç kim bilmir, bilməyəcək də. Kimi deyir - var, kimi deyir - yox. Mən sənin varlığına inanmaq istəyirəm, deyirəm ki, sən mənim məqsəd-məramımdasan. Mən dualarla sənə üz tutduğum vaxt əslində sənin vasitənlə özümə müraciət edirəm, buna görə də bu məqamda başıma gələn fikirlər, elə bil ki, sənin öz fikirlərindir, ey bizi yaradan! Məsələnin məğzi də bundadır! Bu cavanlarsa belə şeyləri fikirləşmirlər, dualara da xor baxırlar. Bəs ölüm ayağında onlar özlərinə, ya başqalarına nə deyə biləcəklər? Bu cavanlara yazığım gəlir, onlar öz insanlıq sirlərinə necə yetə biləcəklər ki, onların heç birinin heç olmasa xəyalən Allah olmaq dərəcəsinə yüksəlməsi üçün heç bir imkanları yoxdur? Əstəğfürullah, keç günahımdan küfr söylədiyimçün. Onlardan heç biri allahlıq dərəcəsinə yüksələ bilməyəcək, bu halda sən özün də daha mövcud olmayacaqsan. Əgər insan sənin timsalında ürəyində özünü hamının dərdinə qalan Allah saymasa, onda, ilahi, sən özün də olmayacaqsan... Amma mən istəməzdim sən tamam yox olub gedəsən”.

davam növbəti sayımızda

F.Uğurlu

Избранный
39
yeniazerbaycan.com

1Источники