RU

"Həkimlər və xəstəxanalar arasında ağır xəstəliklərdən, tibbi müdaxilələrdən yayınmaq halları yaranır"

"Cəmiyyətdə qeyri-etik söz və davranışlar konkret bir şəxsə deyil, dövlət institutlarına, milli rəmzlərə, bayraq və dövlətin təmsil etdiyi dəyərlərə yönəlmiş münasibət anlamı daşıyır. Şəxsi düşüncəm odur ki, bu məsələlərdə ola bildikcə sərt qərarlar verilmədiyi müddət ərzində, əfsuslar olsun ki, insanların, cəmiyyətin bu mövzuda kirli düşüncələrlə qarşı-qarşıya qalması getdikcə artmağa davam edəcək".

Redaktor.az xəbər verir ki, bunu deputat Rəşad Mahmudov Milli Məclisdə müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş) barədə danışarkən bildirdi.

Onun sözlərinə görə, internet resurslarında və sosial şəbəkələrdə əsassız, təsdiqini tapmayan məlumatların konkret, xüsusən tibb məsələlərinə və həkimlərin adları çəkilməklə yayılması ciddi problemlər yaradır:

"Bu paylaşımlar bir araşdırmaya, nə də ki, bir ekspertizaya əsaslanır. Lakin cəmiyyətdə fakt kimi təqdim olunur və durmadan tirajlanır. Nəticə etibarilə, bu həkimlərin peşəkar reputasiyası riski ilə üz-üzə qalması ilə hüquqi təzyiq qorxusu formalaşır və ən təhlükəsi də odur ki, bu gün getdikcə həkimlər və xəstəxanalar arasında ağır, riskli və yüksək məsuliyyət tələb edən xəstəliklərdən və tibbi müdaxilələrdən yayınmaq halları yaranır. Bu isə artıq təkcə bir həkimin və xəstəxananın deyil, birbaşa pasientin və bütövlükdə səhiyyə sisteminin ziyanına işləyir.

Unutmamalıyıq ki, tibb sahəsi də emosional manipulyasiyalara və ictimai linç mexanizmlərinə ən həssas sahələrdən biridir. Burada səhv və təhlil olunmuş informasiya sadəcə imic məsələsi deyil, real klinik qərarlara təsir edən ciddi amildir. Hesab edirəm ki, qanunvericilikdə informasiya azadlığı ilə yanaşı, peşəkar fəaliyyətin qorunması və faktların təsdiqi və məsuliyyət balansı ilə bağlı dəqiq şəkildə nəzərə alınmalıdır. Tənqid əlbəttə ki, qəbul edilir, mümkündür, amma ittiham yalnız sübutla hesablanmalıdır.

Əks halda biz cəmiyyətdə həkimi riskdən qaçan, ağır məsuliyyətdən çəkinən mövqeyə sürükləmiş olacağıq ki, bu isə heç kimin marağında deyil və bu gün ölkədə həyata keçirilən səhiyyə islahatlarının da ümumi məqsədinə zidd bir hərəkətdir".

Aminə ŞAHSUVARQIZI

Избранный
27
1
redaktor.az

2Источники