RU

Niyə insanlarda Yeni il coşğusu yoxdur?

“Təəssüf ki, cəmiyyətdə əvvəlki kimi Yeni il coşğusu hiss olunmur”.

Bu sözləri psixoloq İlhamə Mustafayeva “Cebheinfo.az”-a açıqlamasında deyib. 

O, bunun səbəblərindən danışıb:

“İnsanlarda əvvəlki illərlə müqayisədə bayram ab-havası yoxdur. Müasir dünyada hər günü bayram kimi keçirmək mümkündür. Yəni insanlar artıq hər gün kafeyə, restorana gedə bilirlər. Həmçinin, əsasən bayramlarda süfrələrdə olan şirniyyatlar və salatlar artıq hər gün əlçatandır.

Məsələn, insanlar istənilən vaxt paytaxt salatı yeyə bilirlər. Əvvəllər belə salatları daha çox Yeni il bayramlarında süfrədə görərdik. Eyni zamanda, plovu da bura aid etmək olar. Əvvəl plovu bayramdan-bayrama yeyərdik, indi isə belə məhdudiyyət yoxdur. Bu isə artıq Yeni ilə yanaşmaya təsir edib”.

Ekspert qeyd edib ki, maddiyyat da əsas səbəblər sırasındadır:

“Yəni insanların əksəriyyətinin maddi vəziyyəti arzu etdikləri səviyyədə deyil. Bu da onların bayram qeyd etmələrinə mənfi təsir göstərir. Məsələn, kimsə bayram tətilini 5 ulduzlu otellərdə və ya xarici ölkələrdə keçirir. Lakin bir çox şəxs isə belə imkandan məhrumdur. Üstəlik, kasıb təbəqə başqalarının Yeni ili belə lüks şəkildə keçirdiyini görəndə həvəsdən düşür.

Bu, onları xəyal qırıqlığına uğrada bilir. Bundan əlavə, artıq insanlar bayramlardan həzz ala bilmirlər. Hər şey adiləşdiyi üçün insanlarda həzz alma duyğusu azalıb. Bu da naşükürlük və yüklənmələrlə bağlıdır. Əfsuslar olsun ki, bəzi şəxslər əllərində olanın dəyərini bilmirlər. Həmişə daha çox istəmək düşüncəyə mənfi təsir edir”.

Həmsöhbətimiz əlavə edib ki, hər şeyi əldə edə bilən insanlar üçün də bayram əhəmiyyətsizdir:

“Onsuz da ona hər gün bayramdır. Başqaları isə özü və övladları daha yaxşı bayram keçirə bilmədiyi üçün məyus olur. Hər kəsin fərqli səbəbləri var. Səbəblər fərdə görə dəyişir. Həmçinin, anı yaşaya bilməyən şəxslər də var. Onlarda artıq bayram həvəsinin olmaması maddiyatla deyil, psixologiyası ilə bağlıdır”.

İlhamə Mustafayeva diqqətə çatdırıb ki, bəzi uşaqlarda da bayram coşğusunu görə bilmirik:

“Uşaqların da özlərinə görə problemləri var. Məsələn, ailəsində problemlər olan uşaqlar da Yeni il bayramına maraq göstərmirlər. Əgər ailədə ata ilə ana arasında konflikt olursa, övlad da bayramın dadını çıxara bilmir.

Bundan başqa, uşaqlar da sosial şəbəkələrdən dolayı daha yaxşı həyat istəyirlər. Onlar başqalarının paylaşımları ilə öz həyatlarını müqayisə edirlər. Bu isə onların da bayram ab-havasına mənfi təsir edir”.

Избранный
13
1
cebheinfo.az

2Источники