Bank rəhbərləri süni intellektin (AI) iş proseslərinə gətirəcəyi inqilabi səmərəliliyi yüksək qiymətləndirirlər.
Lakin əsas sual budur: bu “səmərəlilik” işçilər üçün nə deməkdir? Daha az iş yeri, yoxsa iş modelinin dəyişməsi?
Dünya maliyyə sektorunda AI ilə bağlı açıqlamalar — həm sosial şəbəkələrdə, həm də bazarlarda ciddi rezonans yaradır. Bankların generativ süni intellektdən istifadə planları isə insan əməyinin hansı formada əvəzlənəcəyinə dair ilk real mənzərəni ortaya qoyur. ABŞ-ın ən böyük kommersiya banklarının bir çoxu 100 minlərlə əməkdaş çalışdırır, ümumilikdə FDIC üzrə kommersiya bank sektorunda bu rəqəm 2 milyona yaxınlaşır. Buna həm kassir işçiləri, həm də yüksək məbləğli sövdələşmələr həyata keçirən bankirlər, eləcə də süni intellekt sistemlərini quracaq minlərlə proqramçı daxildir.
Ölkə.az Valyuta.az-a istinadla mövzunu daha yaxşı anlamaq üçün əsas bank rəhbərlərinin AI dövründə işçi sayına dair ən açıq mesajlarını təqdim edir:
Cemi Dimon — "JPMorgan Chase"in baş direktoru
Dimon bir çox CEO-dan fərqli olaraq, açıq şəkildə etiraf edir ki, AI bəzi işləri sıradan çıxaracaq:
“AI iş yerlərini aradan qaldıracaq. İnsanlar artıq reallıqdan qaçmağı dayandırmalıdır”, – Dimon Fortune tədbirində deyib.
Onun sözlərinə görə, AI bəzi vəzifələrdə “köməkçi pilot”, bəzi proseslərdə isə “zəhmət tələb edən işləri tamamilə əvəz edən alət” olacaq.
CNN-ə müsahibəsində isə Dimon bildirib:
“Əgər bu prosesləri düzgün idarə etsək, işçi sayı sabit qala və hətta arta da bilər”.
O həmçinin qeyd edir ki, artan kibertəhlükələr AI sahəsində yeni işlərin yaranmasına da səbəb ola bilər:
“Cinayətkarlar AI-dən istifadə edəcəklər. Biz isə kibertəhlükəsizlikdə daha da güclənmək üçün bu texnologiyadan istifadə etməliyik”.
David Solomon — "Goldman Sachs"ın baş direktoru
Solomonun ən dəqiq mövqeyi bu ilin əvvəlində yaydığı daxili memo ilə məlum olub. Sənəddə AI-nin səmərəliliyi artıracağı və bunun işə qəbul prosesini ləngidəcəyi bildirilirdi:
“Mümkün olduğu qədər işçi artımının qarşısını almalı və səmərəliliyə fokuslanmalıyıq”.
Bununla belə, Solomon deyir ki:
“Biz daha yüksək dəyər yaradan insanlara ehtiyac duyuruq və onlara sərmayə qoymağa imkanımız var”. O hesab edir ki, növbəti 10 ildə AI nəticəsində bəzi vəzifələr azalacaq, lakin yüksək dəyərli mütəxəssislərin sayı arta bilər. AI-nin ən tez təsir göstərəcəyi sahələrdən biri isə proqram təminatı inkişafı olacaq.
Ceyn Freyzer — "Citigroup"un baş direktoru
Freyzer AI-nin bank sektoruna geniş təsir edəcəyini düşünür. Onun 2023-cü ildə "LinkedIn"də yazdığı qeyddə deyilirdi:
“Qısa müddətdə generativ AI məhsuldarlığı kəskin artıracaq. Uzun müddətdə isə kod yazılmasından tutmuş müştəri xidmətinə qədər bankın bütün funksiyalarını dəyişə bilər”.
"Citigroup" artıq AI-nin əməliyyat təsirlərini görür:
1 milyon avtomatik kod yoxlaması, həftədə təxminən 100 min saatlıq iş gücünün qənaəti
Freyzer CNN-ə bildirib ki, AI qlobal səviyyədə ən azı 50% tətbiq edilmədiyi müddətdə kütləvi ixtisarlar baş verəcəyini düşünmür:
“Hələ orada deyilik və nə qədər sürətlə gedəcəyini bilmirik.”
Çarlis Şarf — "Wells Fargo"nun baş direktoru
"Wells Fargo" artıq 2019-dan bəri işçi sayını təxminən 25% azaldıb və "Scharf" bu tendensiyanın davam edəcəyini bildirir:
“Gələcəkdə daha az işçi ilə işləmək ehtimalı yüksəkdir... AI-nin işçiləri azaltmayacağını deyənlər reallığı doğru qiymətləndirmirlər.”
Şarfın sözlərinə görə, AI artıq mühəndislərin məhsuldarlığını 30–35% artırıb və yaxın illərdə hüquq, uyğunluq və çağrı mərkəzlərində də işçi ehtiyacını azalda bilər.
Brayan Moynihan — "Bank of America"nın baş direktoru
"Bank of America" minimum əməkhaqqını 25 dollar səviyyəsinə qaldırıb. Moynihan isə AI-nin bəzi şöbələri kiçiltməsinə baxmayaraq, əsas strategiyanın işçiləri yenidən təlimləndirmək olduğunu deyir:
“Əsas məsələ insanları yenidən yerləşdirmək və onlara yeni bacarıqlar qazandırmaqdır”.
Bankın AI virtual asistenti Erica, 2025-ci ilin noyabrında 1,4 milyard müştəri qarşılıqlı əlaqəsini avtomatlaşdırıb və bu, təqribən 11 min tam ştat ekvivalenti iş yükünü əvəz edib.