Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
İstanbul, 26 dekabr, Günel Karatepe, AZƏRTAC
Bu gün Azərbaycan ilə Ermənistan arasında sülh və normallaşma prosesi irəliləyir, kommunikasiya xətlərinin açılması və ticarət əlaqələrinin yenidən qurulması müzakirə olunur. Bu mənzərə qarşısında bölgədə iddia edildiyi kimi hansısa blokadadan söhbət belə gedə bilməz. Buna görə də Amerika Birləşmiş Ştatlarının (ABŞ) “Azadlığa dəstək aktına” ədalətsiz şəkildə əlavə edilmiş “907-ci düzəliş”in qüvvədə qalması artıq izaholunmaz bir ziddiyyət təşkil edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin “Optimar” Araşdırma Mərkəzinin rəhbəri, siyasi ekspert Hilmi Daşdemir səsləndirib.
O, bildirib ki, bu maddə 1990-cı illərin şərtlərində, birtərəfli narrativlər əsasında qəbul edilib. Halbuki bu gün Qarabağ məsələsi faktiki olaraq başa çatıb, Azərbaycan beynəlxalq hüquqa əsaslanan suverenliyini bərqərar edib. Bu sahədəki reallıq dəyişdiyi halda, bu düzəlişin saxlanılması açıq-aydın ədalətsizlikdir.
“Doğrudur, ABŞ da bu vəziyyəti faktiki olaraq qəbul edib, Prezident Tramp da onun təsirini müvəqqəti dondurub. Lakin müvəqqəti həllər kifayət deyil. Əgər sülhdən danışılırsa, görülməli olan bu maddənin tamamilə ləğv edilməsidir. 907-ci düzəliş bu gün nə sülhə, nə də sabitliyə xidmət edir. Bu, yalnız keçmişin siyasi reflekslərini daşıyır. Sülh prosesinin ruhuna uyğun olan bu anakronik maddənin tarixə qovuşmasıdır”- deyə Hilmi Daşdemir bildirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.