RU

Tamerlan Tağıyev: Azərbaycan və Türkiyə şirkətlərinin üçüncü ölkələrdə hər hansı layihələrdə iştirakını təmin etməyə çalışırıq

Bakı, 25 dekabr, AZƏRTAC

Azərbaycanda istehsal olunan mallar Türkiyənin ticarət şəbəkələrində çox azdır. Türkiyənin bütün əyalətlərini əhatə edən “Migros” kimi marketlər şəbəkəsində Azərbaycan malları demək olar ki, gözə dəymir. Bunun aradan qaldırılması istiqamətində artıq bir sıra tədbirlərin həyata keçirilməsinə başlamışıq. Bugünkü seminar da məhz bu məsələnin həlli üçün keçirilir. İş adamları və biznes strukturlarının nümayəndələri Türkiyədən dəvət olunan mütəxəssislərlə görüşüb istehsal etdikləri məhsulların Türkiyə bazarına hansı yollarla çıxarılmasını müzakirə edirlər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev deyib.

O bildirib ki, seminar çərçivəsində iştirakçılara Türkiyənin gömrük sistemi, idxal və ixrac prosedurları, məhsulların sertifikatlaşdırılması və uyğunluq standartları, logistika və daşıma, satış kanalları və bazara giriş strategiyaları, rəqəmsal satış imkanları və e-ticarət barəsində geniş məlumat verilir, qanunvericilik izah edilir.

“Azərbaycan ilə Türkiyə arasında imzalanan “Azərbaycan-Türkiyə Preferensial Ticarət Sazişi” 30 çeşiddə malın güzəştli qaydada Türkiyə bazarına çıxarılmasına imkan yaradıb. Bu sazişi təşviq edib iş adamlarını tanış etmək lazımdır. Həmin malların istehsalını artırmaqla yerli biznes strukturları Türkiyə bazarında yer tuta bilərlər. Türkiyəyə ixracatın artırılması ilə Azərbaycanın istehsal sahəsində fəaliyyət göstərən şirkətləri də ciddi məşğul olmalı və Türkiyə bazarının tələbinə uyğun məhsul istehsal etməlidirlər. Bu günə qədər əsas işimiz Türkiyədən iş adamlarının Azərbaycana cəlb olunması, onların burada dövlətin tövsiyə etdiyi layihələrdə iştirak etməsi, ölkəmizə investisiya qoyması olub. Eyni zamanda, məqsədimiz bizim mal və xidmətlərimizin Türkiyədə tanınması və satışı, iki ölkə arasında texnoloji transferə nail olmaqdan ibarətdir. Həmçinin Azərbaycan və Türkiyə şirkətlərinin birgə üçüncü ölkələrdə hər hansı layihələrdə və yaxud başqa təşəbbüslərdə iştirakını təmin etməyə çalışırıq, bu barədə araşdırmalar aparırıq”, - deyə ticarət nümayəndəsi nəzərə çatdırıb.

 

Избранный
68
azertag.az

1Источники