RU

Tahir Kərimli: “Yüz milyonlarla vəsait ayrılsa da, yollar keyfiyyətsiz çəkilir”

“Yolların keyfiyyətsiz olması silsilə səbəblərlə bağlıdır. Zavodda beton aşağı markadan istehsal olunur, armaturların tərkibi zəif olur, keyfiyyətli deyil. Asfalt göstəriciləri aşağıdır və körpülər, yollar salınan zaman kifayət qədər qalınlıqda, möhkəmlikdə olmur. Məhz bu səbəbdən yüz milyonlarla vəsait ayrılsa da, yollar keyfiyyətsiz çəkilir. Elə bunun nəticəsidir ki, Sabirabadda körpünün uçması sürücünün ölümünə gətirib çıxardı”.

Bu sözləri Pravda.az-açıqlamasında sabiq deputat Tahir Kərimli deyib.
T.Kərimlinin sözlərinə görə, xalq içində narazılıqlar sosial şəbəkələrdə də müşahidə olunur: “Hətta dövlət rəhbərliyinin getdiyi yollar da keyfiyyətli deyil. Məsələn, Bakı-Şamaxı yolu. Neçə dəfələrlə asfaltlanır, deformasiyaya uğrayır, yenə də təmir olunur, amma düzəlmir ki düzəlmir. Çünki bir çox hallarda “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” və onun MMC-ləri həm sifarişçi olurlar, həm də podrat işlərlə məşğul olurlar. Yəni özləri sifarişi verib, özləri qiymətləndirirlər. Bu da yolların keyfiyyətsiz olmasına gətirib çıxarır. Sual olunur: yollar belə keyfiyyətsizdirsə, çoxlu qəzalar baş verirsə, insanlar narazı qalırlarsa, nə üçün adını çəkdiyim orqanların rəhbərləri dəbdəbəli həyat sürürlər, toylar keçirirlər? Deməli, haradasa mənimsəmə var. Aidiyyəti dövlət orqanları nə üçün buna nəzarət etmirlər? Axı vaxtilə, Allah rəhmət eləsin, Heydər Əliyev demişdi ki, yol mədəniyyətdir. Həqiqətən, belədir. İndi o zəmanə də deyil ki, qapalı olaq. Xarici dövlətlərdən avtomobillərlə gəlirlər, yollarımızdan keçirlər. Demirəm ki, yollarımızın səviyyəsi tamamilə aşağıdır, amma içində keyfiyyətsiz işlər də çoxdur. Bəzən fərəhlənirdik ki, sovet dövrünə nisbətən yollarımız daha yaxşıdır. Görürsən ki, heç də belə deyil. Neqativ hallar həddindən artıq çoxdur. Keyfiyyət tam ödənmir. İndi də Ağsu çayının üzərində Muğanlı-İsmayıllı istiqamətində böyük körpü tikilir. Çox möhtəşəm asma körpüdür. 80 metr hündürlükdə olacaq, amma həmişə ürəyimdə sual yaranır ki, görəsən, hansı keyfiyyətdə olacaq? Bu qədər böyük layihə həyata keçirilir, heç olmasa, lazımi effekt versin. Düzdür, dövlət başçısının tələbləri ilə Qarabağ ərazisində, Şərqi Zəngəzurda və digər yerlərdə böyük tunellər qazılır, yüksək səviyyəli yollar çəkilir. Amma camaat keyfiyyətdən narazıdır. Görürsünüz ki, insan həyatı itkisinə də səbəb olur. Buna görə də ciddi nəzarət edilməsi vacibdir”.
Qeyd: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovdur. Qurumun tabeliyində olan MMC-lərin dövlətə milyonlarla manat vergi borcları var.
Избранный
3
2
yenilik.az

3Источники