Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Orta məktəblərdə şagirdlər arasında tütündən istifadəni telefonla izlədikdə insan daha çox narahat olur. Ümid edirəm ki, məktəblərimizdə bu proseslərə nəzarət mexanizmi gücləndiriləcəkdir. Heç kim bununla əlaqədar məsuliyyəti bir-birinin üstünə atmamalıdır, həm valideynlər, həm müəllimlər, həm məktəb direktorları, direktor müavinləri bu prosesdə aktiv olmalıdırlar".
Redaktor.az xəbər verir ki, bunu deputat Naqif Həmzəyev parlamentdə Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və tütün məmulatları haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin (ikinci oxunuş) müzakirəsi zamanı bildirdi.
"Etiraf edək ki, dəyişikliklər qüvvəyə mindikdən sonra qara bazarın formalaşması riskləri çox böyükdür. Və bu baxımdan da bu qara bazarın formalaşmasının qarşısını almaq üçün bəzi təkliflərim var. İlk növbədə sahibkarların anbarlarında qalacaq məhsulların alınması, yaxud onlara dəymiş ziyanın bir hissəsini kompensasiya olaraq ödəmək olar ki, qara bazar formalaşmasın, bu məhsullar qara bazara çıxmasın. Başqa yol isə sahibkarların sata bilməyəcəkləri məhsullara əlavə gömrük ödənişləri olmadan onların başqa ölkələrə göndərilməsi və yaxud aldıqları yerə qaytarılmasına şərait yarada bilərik.
Üçüncü təklif isə çıxış yolu isə qanunun 5-ci maddəsinə nəzərdə tutulan müddətin bir və ya iki ay artırılması ola bilər ki, bununla da sahibkarlar məhsulları tamamilə sata bilərlər. Etiraf edək ki, bu halda bu haldan sui-istifadə edəcək sahibkarların da sayı çox ola bilər. Çünki onlar faktiki olaraq müddətin çox olmasını nəzərə alaraq istər-istəməz daha çox məhsul sifariş etmiş olacaqlar.
Nəzərə alaq ki, bu qanunvericilikdə dəyişikliklər ediləcəyini bilən bəzi sahibkarlar da çoxlu sayda məhsul sifariş ediblər. Mən düşünürəm ki, aidiyyəti qurumlar, xüsusilə də Gömrük Komitəsi bu cür dəyişikliklərdən sui-istifadə edən sahibkarlarla bağlı çox ciddi tədbir görməlidirlər. İstənilən halda insanlarımızı zəhərləyən bu məhsulların (elektron siqaretlərin - red.) qara bazarının formalaşmasına qətiyyən imkan verməməliyik", - deyə o yekunlaşdırdı.
Aminə ŞAHSUVARQIZI
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.