Son günlər Azərbaycanda dollara olan tələbatın artması müşahidə olunur. Bankların və valyuta mübadilə məntəqələrinin qarşısında yaranan nisbi sıxlıq, sosial şəbəkələrdə “dollar qıtlığı” ilə bağlı yayılan paylaşımlar cəmiyyətdə narahatlıq yaradıb.
İlk baxışdan bu proses təbii görünür. Qarşıdan Yeni il bayramı gəlir, bir çox insanlar xarici səfər planlaşdırır, digərləri isə ehtiyat məqsədilə vəsaitlərini dollara çevirməyə üstünlük verir. Üstəlik, bayram günlərində valyuta mübadilə məntəqələrinin əksəriyyətinin işləməyəcəyi gözləntisi də bazardakı psixoloji gərginliyi artırır.
Lakin məsələyə daha dərindən baxdıqda, dollara tələbatın artmasının təkcə mövsümi və bayramla bağlı səbəblərlə izah olunmadığı ortaya çıxır. İlin sonuna yaxınlaşdıqca biznes subyektlərinin idxal ödənişlərini bağlaması, xarici borc öhdəliklərinin yerinə yetirilməsi, eləcə də bəzi şirkətlərin balans hesabatlarını dollarda tənzimləmək istəyi valyuta bazarında əlavə təzyiq yaradır. Digər tərəfdən, qlobal bazarlarda dolların möhkəmlənməsi və ABŞ Federal Ehtiyat Sisteminin sərt monetar siyasəti də dolların cəlbediciliyini artıran amillər sırasındadır.

Mövzu ilə bağlı NOCOMMENT.az-a iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, hazırda Azərbaycanda dollara tələbatın artması panika doğuracaq səviyyədə deyil və bu proses daha çox psixoloji xarakter daşıyır.
Onun sözlərinə görə, hər il ilin sonunda oxşar mənzərə müşahidə olunur və bu, artıq bazar üçün tanış haldır.
Ekspert vurğulayıb ki, Azərbaycanda manatın məzənnəsi inzibati şəkildə tənzimlənir və Mərkəzi Bankın kifayət qədər valyuta ehtiyatları mövcuddur:
“Dollara tələbatın artması avtomatik olaraq manatın ucuzlaşacağı demək deyil. İnsanlar bunu düzgün anlamalıdır. Bu gün bazarda baş verənlər fundamental iqtisadi dəyişiklikdən yox, daha çox bayram və psixoloji faktorlarla bağlıdır”.
Əkrəm Həsənov qeyd edib ki, insanların “bayramda mübadilə məntəqələri işləməyəcək” düşüncəsi ilə kütləvi şəkildə valyuta almağa tələsməsi bazarda süni gərginlik yaradır:
“Bu cür davranışlar məzənnə ilə bağlı əsassız şayiələrin yayılmasına səbəb olur və nəticədə vətəndaşlar özləri üçün əlavə risk yaradırlar. Əgər kimin real ehtiyacı varsa – məsələn, səfərə gedirsə və ya xarici ödəniş etməlidirsə, əlbəttə ki, dollar almalıdır. Amma sadəcə ehtiyat üçün, qorxu ilə valyuta almaq düzgün yanaşma deyil”.
Ekspertin sözlərinə görə, Mərkəzi Bankın mövqeyi dəyişmədiyi və neft gəlirləri stabil qaldığı müddətdə kəskin məzənnə dəyişikliyi gözlənilmir. O vurğulayır ki, manatın məzənnəsi təkcə daxili bazardakı tələbatla deyil, dövlətin ümumi maliyyə siyasəti ilə müəyyən olunur və hazırda bu sahədə ciddi risklər görünmür.
Əkrəm Həsənov hesab edir ki, bəzi vətəndaşlar dollara keçidi sərmayə aləti kimi görürlər, lakin bu da hər zaman effektiv olmur: “Dollar bu gün qazanc vasitəsi deyil, sadəcə riskdən qorunma alətidir. Kiminsə böyük məbləğdə manatını dollara çevirməsi nəinki gəlir gətirə bilər, əksinə, itkiyə də səbəb ola bilər”.