RU

Deputat Rəşad Mahmudov: “Gənc yaşlarda infarkt və xərçəng hallarının artması, məhz bu zərərli vərdişlərlə birbaşa əlaqəlidir”

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Azərbaycanda elektron siqaretlər qadağası ilə bağlı hazırlıq gedir. Bizimyol.info xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb. Qanun layihəsinə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan ediləcək.Elektron siqaretlərin təhlükəsi nədən ibarətdir? Burada əsas zərərli faktor nədir?Gənclər arasında elektron siqaretlərin istifadəsinin artması səbəbi ilə maarifləndirmə tədbirləri üçün hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru, deputat Rəşad Mahmudov bildirib ki, bu məhsullar tüstüsüz, zərərsiz, sanki təhlükəsiz alternativ imiş kimi cəmiyyətə təqdim olunur: “Elektron siqaretlər təkcə Azərbaycanda deyil, bütün dünyada ciddi problemə çevrilməkdədir. Son illərdə bu məhsullar tüstüsüz, zərərsiz və qoxusuz kimi təqdim edilərək sanki təhlükəsiz alternativ imiş kimi cəmiyyətə təqdim olunur. Bu yanaşma xüsusilə siqareti tərgitmək istəyənlər üçün elektron siqaretləri "ara vasitə" kimi göstərir. Lakin bu təsəvvür təhlükəlidir. Çünki məhz bu "zərərsiz" imic ucbatından yeniyetmələr – xüsusən məktəb yaşında olanlar arasında istifadəsi sürətlə yayılır. Son statistikalar göstərir ki, 12-15 yaş arası yeniyetmələr arasında elektron siqaretdən istifadə yetkinlərlə müqayisədə 8-9 dəfə daha çoxdur. Bu isə gələcək nəsillərin sağlamlığı üçün ciddi təhlükədir. Siqaret və tütünün zərərlərini anlamayan və ya bunu bildiyi halda zərərsiz vərdiş kimi istifadə edən insanlar bilməlidirlər ki, bu, heç də zərərsiz deyil. ABŞ-də aparılan statistik göstəricilər göstərdi ki, elektron siqaretlərə erkən yaşda başlayanlar arasında ağciyər xəstəlikləri səbəbilə xəstəxanaya müraciətlər artıb. Hətta bu səbəbdən ölüm halları da qeydə alınıb. Məhz buna görə də bir çox ölkələr bu məhsulların istifadəsini qəti şəkildə qadağan edir. Bunu qadağan etməsinin altında duran zərurət nədir?

Burada təkcə zərərli olan nikotin deyil. Nikotin əsasən asılılıq yaradır. Lakin bu məhsulların tərkibində, yandırıldıqda və ya qızdırıldıqda ortaya çıxan bəzi maddələr var ki, onlar ciddi şəkildə ürək-damar xəstəliklərinə, eləcə də xərçəng xəstəliyinə səbəb ola bilər. Xüsusilə ağciyər xərçəngi, immun sisteminin zəifləməsi və reproduktiv sağlamlığa təsirləri elmi şəkildə sübut olunub. Gənc yaşda istifadəsi isə gələcəkdə daha ciddi fəsadlara yol aça bilər. Bu səbəbdən qeyd etmək istərdim ki, yalnız qanunların deyil, cəmiyyətin hər bir üzvünün də üzərinə məsuliyyət düşür. Zərərli vərdişlərdən uzaq qalmaq və ətrafımızdakı insanları bu barədə maarifləndirmək bu günün ən vacib ictimai öhdəliklərindən biridir.

Düşünürəm ki, bu günlərdə Milli Məclisdə müzakirəyə çıxarılan layihə ən qısa müddətdə təsdiqlənməli və heç bir təhlükə yaratmadığı görüntüsü ilə təqdim edilən bu vasitələrin ölkəmizdə sərbəst şəkildə satışına qadağa qoyulmalıdır. Bununla yanaşı, vacib bir məsələni də qeyd edim: bu vasitələrin təkcə nikotin deyil, bəzən narkotik maddələrlə manipulyasiya olunması kimi ciddi bir təhlükəsi də var. Bu isə xüsusilə yeniyetmələrin fərqində olmadan asılı hala düşməsinə və gələcəkdə ciddi fəsadlarla üzləşməsinə səbəb ola bilər. Ona görə də bu mövzu nə iqtisadi azadlıq, nə də şəxsi vərdiş məsələsi deyil. Bu, birmənalı olaraq ictimai səhiyyə və ümumi sağlamlıqla bağlı məsələdir və dövlətin də bu istiqamətdə qətiyyətli addımlar atması vacibdir”.

Rəşad Mahmudov

Rəşad Mahmudov vurğulayıb ki, xüsusilə yeniyetmələr tərəfindən “zərərsiz” kimi qəbul edilən tütün məhsulları və enerji içkiləri ciddi təhlükə mənbəyidir: “Bu gün təqdim olunan müraciətlərin əsas məqsədi ondan ibarətdir ki, əgər Milli Məclisdə müvafiq qanun qəbul olunarsa, elektron siqaretlərin ölkədə satışına və istifadəsinə birmənalı qadağa tətbiq edilsin. Artıq Skandinaviya ölkələri, Rusiya, Qazaxıstan, Braziliya və digər dövlətlər bu məsələ ilə bağlı ciddi addımlar ataraq elektron siqaretlərin satışı və istifadəsini qadağan ediblər necə ki, narkotik vasitələrdə olduğu kimi. Hesab edirəm ki, yaxın gələcəkdə bu məsələ ölkəmizdə də hüquqi həllini tapacaq.

Bununla yanaşı, bir həqiqəti də vurğulamaq lazımdır: bu gün xüsusilə yeniyetmələr tərəfindən “zərərsiz” kimi qəbul edilən tütün məhsulları və enerji içkiləri ciddi təhlükə mənbəyidir. Qoxusuz, rəngli və dadlandırılmış olduqları üçün cazibədar görünən bu vasitələr orqanizmdə asılılıq yaradır. Burda məqsəd onların tərkibindəki bəzi maddələr gənc orqanizmi tədricən öyrəşdirir və bu vərdişin davamlı istifadəsinə səbəb olur. Bu isə gələcəkdə ciddi sağlamlıq problemləri ilə nəticələnə bilər.

Əslində bu, iqtisadi məqsədlər daşısa da, unutmamalıyıq ki, istər enerji içkiləri, istər digər bu kimi məhsullar - məsələn, elektron siqaretlər - bizə yalnız maddi deyil, ciddi mənəvi və fiziki zərərlər də verir. Bu gün cəmiyyətin narahat olduğu məsələlərdən biri - gənc yaşlarda infarkt və xərçəng hallarının artması məhz bu zərərli vərdişlərlə birbaşa əlaqəlidir. Ona görə də sağlam qidalanma və düzgün həyat tərzi mövzusunda şikayətlər səsləndirilərkən, hər bir kəsi zərərli vərdişlərdən uzaq durmağa çağırıram. Qidalarımıza göstərdiyimiz diqqəti həyat tərzimizə də göstərsək, həm özümüz, həm sevdiklərimiz, həm də bütövlükdə cəmiyyət üçün daha faydalı ola bilərik”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
73
bizimyol.info

1Источники