RU

Nazir Avropa Parlamentinin ittihamlarına cavab verdi: “Qərəzlidir“

“Müxtəlif vaxtlarda, o cümlədən son illər ərzində dəfələrlə Avropa Parlamentinin Azərbaycanı hədəf alan qətnamələri ilə rastlaşmışıq. Avropa-Azərbaycan münasibətləri barədə danışarkən fərqli yanaşmalar və təəssüratlar mövcuddur. Demək olar ki, gündəliyimiz də bu baxımdan birmənalı deyil”.

“Yeni Sabah” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bəzi tərəflər Avropa tərəfdaşları ilə daha müsbət gündəliyə fokuslanmağa çalışsalar da, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi təsisatlar daha çox neqativ gündəlik formalaşdırırlar:

“Bu təsisatların fəaliyyəti digər Avropa qurumları - Avropa Komissiyası və Avropa İttifaqı Şurası ilə münasibətlərə təsirsiz qalmır. Təəssüf ki, keçmiş illərdə bu proseslər nəticəsiz ötüşməmiş, müəyyən mənfi effektlər yaratmışdır. Son olaraq Avropa Parlamentinin açıqlamasına Azərbaycan Milli Məclisi tərəfindən olduqca əsaslı və tutarlı cavab verilib.

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin istiləşməsinə və qarşılıqlı maraq kontekstində əməkdaşlığa 2025-ci ili misal göstərmək olar. Belə ki, 2024-cü illə müqayisədə Avropa İttifaqının bir sıra təsisatları Azərbaycanla daha sıx əməkdaşlıqda maraqlı görünüb, xoşniyyətli addımlar atıblar. Bu da dialoqun xeyli intensivləşməsinə səbəb olub. Azərbaycan tərəfi də dərhal buna adekvat cavab verib, çünki Azərbaycan hər zaman Avropa İttifaqı və onun müxtəlif təsisatları ilə qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır.

Hesab edirik ki, aparılan bu kampaniya nəticəsində qarşı tərəf öz addımlarına və niyyətlərinə müəyyən korrektələr edəcək.

Həm Azərbaycanın Cənubi Qafqaz bölgəsində, xüsusilə Zəngəzur dəhlizi vasitəsilə artan rolu, həm də Avropa İttifaqının və Avropa ölkələrinin Mərkəzi Asiya dövlətləri ilə böyük əməkdaşlıq perspektivləri mövcuddur. Bu əməkdaşlığın mühüm hissəsinin məhz həmin coğrafiya üzərindən qurulması nəzərdə tutulur.

Bu baxımdan hesab edirik ki, Azərbaycanla əməkdaşlıq Avropa İttifaqının öz maraqlarına tam cavab verir. Lakin Avropa Parlamentinin təəssüf doğuran şəkildə davam etdirdiyi kampaniya xarakterli fəaliyyətini biz ədalətsiz hesab edirik. Qeyd etmək istərdik ki, bu ittihamlar heç bir real faktlara əsaslanmır və biz onları əsassız iddialar kimi qəbul edirik.

Digər ölkələrə münasibətdə isə tamamilə fərqli yanaşmaların şahidi oluruq. Məhz buna görə də belə mövzulara ciddi yanaşmaq və onlarla bağlı əlavə izahatlar vermək zəruri hesab edilir. Çünki həmin yanaşmalarda açıq-aşkar qərəz hiss olunur”.

Digər məsələyə gəldikdə isə, gömrük tarifləri ilə bağlı mövzuya dəfələrlə toxunulub. Bu məsələ ilə bağlı mövqeyim xüsusilə aydındır, lakin bununla əlaqədar əlavə izahatlar vermək zərurəti də yaranır”.


Telegram kanalımız
Избранный
28
yenisabah.az

1Источники