RU

Üsküpdə şairlər görüşü və şeir şöləni

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Aysel XANLARQIZI SƏFƏRLİ

Bəzən günlərlə eyni şey üzərində işləyəndə və ya düşünəndə vaxtın dolanıb gəlib həmin düşüncənin real həyatda yaşayacağı insanın ağlına belə gəlmir. Həftələrdir ki, tanınmış türk yazıçısı Ömər Seyfəddinin hekayələrinin tərcüməsi ilə məşğulam. Həmin hekayələrdə baş verən hadisələrdə Məşrutiyyət dönəmində, Osmanlı zamanında yaşayan qarışıq xalqlar içində türklərin öz dilləri, kimlikləri, mədəniyyətlərini qorumaq üzərində verdiyi mücadilələr büsbütün düşüncələrimi zəbt etmişdi. Həmin xəyallar içində öz işimə davam edərkən bir neçə həftə sonra Şimali Makedoniyada - qədim türk şəhəri Üsküpdə - Skopyedə yaşayan, ədəbiyyat tədbirlərindən tanıdığım dəyərli şair dostum Leyla Şərif Emindən telefonuma zəng gəldi. Mənim Avropada oturum sənədim olduğunu bildiyi üçün Şimali Makedoniyaya vizasız gələ biləcəyimi və "Yəhya Kamal Bayatlı adına 11-ci Şeir Şöləninə" dəvət etdiyini söylədi. Böyük sevinc və məmnuniyyət içində razılıq verdim...

Bu tədbirin davamında Şimali Makedoniyada yaşayan türklərin 21 dekabr "Türk Dili Günü" bayramına qatılmaq şansımız da olacaqdı. On iki dövlətdən otuz şairin qatılacağı tədbirin həm də Üsküpdə keçirilməsi məni olduqca məmnun etmişdi. Səyahətləri çox sevən biri olaraq xüsusilə də tarixi yerləri, həm də türklüklə bağlı yerləri görmək, həm də ədəbiyyat, dil, milliyyət adına bir arada olmaq xoşbəxtliyini yaşayacaqdım. Nəhayət ki, o gün gəlib çatdı, sözümü, sevgimi, Azərbaycan türkü kimi qürur və məmnuniyyət hissimi də özümlə götürərək başqa bir ölkəyə - Bakıdan İstanbula, İstanbuldan Üsküpə doğru yola düşdüm. İstanbulda Sabiha Gökçən hava limanından Üsküpə getdiyimiz təyyarədə bir neçə ölkədən qatılan şair və sənətçi dostlarla birlikdə yola düşdük. İlk tanıdığım insan Hələb türklərindən Adil Şan oldu. Adil bəy "Diriliş Ərtoğrul" serialında ozan rolunu oynamış istedadlı aktyor, şair və "Türkvizion" səs yarışında yer qazanan səs sənətçisi kimi Azərbaycana olan sevgisindən və türkün böyük qızı, mərhum Qənirə Paşayevanın onun yaradıcılığına nə qədər dəstək olduğundan və Azərbaycanda da konsertlər verdiyindən söz açdıqca böyük ürəkli xanımı yada salaraq kövrəldik. Uzaq Saxa - Yakutskun 50 dərəcəlik şaxtasından isti ürəyini götürüb bizə qatılan Aqrefina Kuzmina, yavru vətən Kıbrısı təmsil edən əziz dostum Feyzan Korur xanım, Kərkükdən hamımızın yaxşı tanıyıb hörmət bəslədiyi Şəmsəddin Kuzəçi, türkmənistanlı böyük ürəkli qadın Arazgül Rəcəbova, İsveçdə yaşayan uyğur türkü Abdulşükür Kumtur, ədirnəli professor, şair Rıdvan Canım bəy, üsküplü şair Celal Balkan, mən və başqaları yüksək əhvalla təyyarəyə minib 1 saatlıq yolumuza üsküplü Leyla Şərif Emin və yoldaşı Hüsrəv Eminin saldığı söz Körpüsünün sayəsində mənzilə nə vaxt gəlib çatdığımızı belə bilmədik.

Üsküp və Üsküp türkləri qollarını açıb bizi qarşılayırdı. Günlərimiz dolu-dolu keçirdi. Uyğur türklərindən İmran Sədai və nişanlısı Rümeysa, Kosovodan Taner Güclütürk, İsgəndər Müzbeg, Zeynel Beksaç, Bolqarıstandan Kadriye Cəsur, Yunanıstan-Batı Trakyadan Müberra Karadayı və dəyərli yoldaşı, İstanbul Yazarlar Birliyindən hörmətli Mahmut Bıyıklı, Ərzurumdan Həyati Yavuzər hocamız, Üsküpdən Seyhan Yakub Bağdat, Rabiyə Ruşid, Mümin Ali, Mehmet Arif və başqaları da bizimlə eyni yol yoldaşı, ədəbiyyat və söz silahdaşı idilər.

Yəhya Kamal Beyatlının doğulduğu şəhəri gəzdikcə ətrafdan gələn azan səsinə tələsərək dükanlarını, iş yerlərini bağlayıb cümə namazına toplaşan türkləri, məscidlərdə yer qalmadığı üçün məscidin kənarında, çöldə toplu şəkildə namaz qılan türk qardaşlarımızı gördükcə Balkanlarda uzun illər keçməsinə rəğmən, hələ də öz adət-ənənələrinə, dillərinə, türkçülüyünə sahib çıxan, onu qürurla qoruyan bu cəsur insanlara sevgi dolu kövrəkliklə nəzər salırdım. Şəhəri dövrəyə alan camilərdə azanlar vüqarla səs-səsə verib: "Burada türklər var, burada bizlər varıq!" deyirdi.

Dünyada yurd və torpaq sevgisinin nə qədər ali bir hiss olduğunu Leyla Şərif Emin və Hüsrev Emini tanıdıqdan sonra bir daha anlamaq olur... İllərdir hər biri ayrı sahədə çalışmasına rəğmən, ədəbiyyatın xidmətində mənəvi borc hissi duyaraq böyük bir sevgiylə dayanıb "Körpü" jurnalını və dərnəyini qurub yaşadırlar. Bu işdə onlara qoşulan üsküplü türk gənclər də vardır. Onlar bu gənclərin yetişməsində də böyük əmək sərf edirlər.

Şimali Makedoniyada yaşayan türk qızlarının da bir başqa cür gözəl olduqlarını vurğulamaq istəyirəm. Bu istedadlı türk gənclərindən Səna İmeri, Nəcmiyyə Almas, Nərmin İbişi, Abdülkərim Murati və başqaları bizim dörd günlük ədəbiyyat gəzintimizdə gələn qonaqları məmnun etmək üçün əllərindən gələni etdilər.

Gələcəyimizin belə ağıllı, gözəl, tərbiyəli, istedadlı gənclərin əlində olması məni çox sevindirirdi...

Matusiteb və TİKA-nın dəstəyi ilə keçirilən bu unudulmaz dörd gün həm də Matusitebin başqanı, dəyərli Tahsin İbrahim bəyin bizi öz məkanında qarşılaması ilə də yadda qaldı. TİKA başqanı Abdullah Erenlə birlikdə bütün tədbirlərdə böyük səbr və dəyər hissi ilə iştirak edərək qonaqları onurlandırdılar.

Ayrıca millət vəkili Mustafa Şentop və Avrasiya Yazarlar Birliyinin başqanı Ufuk Tuzman da bu üç günlük tədbirlərdə Üsküp türklərinin yanında olduğunu varlıqları ilə bir daha təsdiq etdilər.

21 dekabr Şimali Makedoniya Türklərinin türkcə bayramı münasibətilə keçirilən, bir-birindən maraqlı silsilə tədbirlərin qala gecəsində Şimali Makedoniyanın prezidenti Gordana Siljanovska Davkova da çıxış edərək hər kəsin bayramını ən sonda türk dilində təbrik etdi.

TİKA-nın Balkanlarda türklər üçün mədəniyyət və ədəbiyyat adına gördüyü gözəl işlər təqdirəlayiqdir. Dünyanın bir çox ölkələrində ofisləri olan bu böyük qurum çox uğurlu işlərə imzasını atmaqda davam etməkdədir.

Şəhərin mərkəzi meydanına tərəf addımlayarkən uzaqdan məşhur Makedoniyalı İsgəndərin heykəli ziyarətçiləri salamlayır. Üzü gur sulu, çılğın Vardar çayına baxan bu heykəl əzəməti və böyüklüyü ilə insanı valeh edir. Çayın üstündə salınmış körpünü keçərək meydanın o biri başına tərəf gedəndə qəhrəmanlığı, cəngavərliyi təcəssüm etdirən at üstündə nəhəng heykəllərə də baxmaqdan doymaq olmur. Dodağımın altında Vardar ovası mahnısını zümzümə edərək çayın kənarına tərəf enərkən bir anda ruhum təlatümə gəlir, bu çılğın çayın güclü axınına qoşulub  dağları, çayları aşmaq istəyirdim.

Şimali Makedoniyada həm türk mətbəxinin, həm də Şimali Makedoniya mətbəxinin müxtəlif təamlarını daddıqca əhvalımız daha da gözəlləşirdi. Bir tərəfimiz ədəbiyyat, mədəniyyət və qardaş xalqlar, türklük sevdası və bu sadaladıqlarım uğruna çıxdığımız müqəddəs səfər, o biri tərəfimiz də hiss etdiyimiz doğmalıqdan aldığımız o möhtəşəm həzz... Şəhərin dumanı, sisi və cəmi 1-2 dərəcə istiliyi olmasına rəğmən, buradakı insanların sayəsində ürəyimiz günəşli və olduqca isti idi.

Yəhya Kamal Beyatlı adına şeir axşamını Adil Şanın və Kosovodan gələn gənc, istedadlı xanımın ifaları daha da gözəlləşdirmişdi. Tanınmış türk müğənni Kıracın Türk dili günü münasibətilə təşkil edildiyi konsertdə səhnə alması isə Şimali Makedoniyadakı türkləri daha da coşdurmuşdu.

Həyati bəyin maraqlı izahları, söhbətləri, bəzən də Şəmsəddin bəylə etdiyi baməzə danışıqları hər kəsin üzündə xoş təbəssümə səbəb olur, Mahmut bəyin hər sözə şeir ilə, bəzən də qafiyəli sözlərlə cavab verməsi könlümüzü açırdı.

Tədbirlər bitdikdən sonra belə kimsə otağında dincəlməyə getmək istəmir, çay, qəhvə süfrəsi arxasında oturub hərə öz gəldiyi ölkənin dilində şeirlər, mahnılar oxuyur, səmimi bir ortamda xoş zarafatlar edərək deyib gülürdük. Dörd günə ən azı dörd insan ömrü sığdırmışdıq, ailə, bacı-qardaş olmuşduq.

Günlərdir hava şəraiti səbəbilə uçuşlarda yaranan çətinliklər belə bizi narahat etmədi. Çünki əmin əllərdə olduğumuzu, ilk dəfə gəlsək də, doğma şəhərdə olduğumuzu iliklərimizə qədər hiss edirdik. Üsküpdən yenidən görüşmək arzusu ilə ayrılırdıq. Leyla Şəhər meydanındakı bulaqdan su içən hər kəsin yenidən bura qayıdacağını deyəndə heç bir şeyi düşünmədən ovuclarımı bulağın bumbuz suyu ilə doldurub ləzzətlə qurtumladım. Ürəyimizdə böyük bir minnətdarlıq hissi ilə buradan ayrılırdıq.

Şeir və sənət Üsküpdə bayram edirdi... Öz ölkəsini təmsil edən hər bir türkün öz dilində söylədiyi misralar Üsküp torpaqlarını sevgiyə və bayrama qərq etmişdi. Azan səslərinə qarışan qarışıq türk ləhcələri Üsküp boyunca dostluq və qardaşlıq körpülərinin ərazisini daha da genişləndirir, gücləndirirdi. Vardar çayı daha başqa bir ahənglə sularını daşlardan süzür, şeir, nəğmə ritmində coşub çağlayırdı... Vəfalı türk yenə gəlmişdi və dünyada nə qədər ki, türklük var, türk var, hər zaman gələcək, xəritənin bütün nöqtələrindən qəlbinin sevgi və dostluq, birlik dalğalarını bir-biriylə birləşdirəcəkdi, bundan əminəm...

Tanrı türkü qorusun!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
1
2
525.az

3Источники