RU

Gənc ailələrə dövlət necə dəstək olur? -

Bu ilin yanvar-oktyabr ayları ərzində 40739 nikah, 17254 boşanma halları qeydə alınıb. Bundan əlavə, Azərbaycanda artıq biruşaqlı ailə modelinə tendensiya müşahidə olunur. Əhalinin əksəriyyəti bunu maddi vəziyyətlə əlaqələndirir. Hərçənd ölkəmizdə yeni evlənən gənc ailələr üçün güzəştli ipoteka kreditləri həyata keçirilir. Qardaş ölkə Türkiyədə, eləcə də Cənubi Koreyada isə yeni evlənən şəxslərə müəyyən ödənişlər də olunur. Nəzərə alsaq ki, toy prosesi belə kifayət qədər xərclidir və bu adət-ənənəni dəyişdirmək asan deyil. Bəs Azərbaycanda da yeni evlənən ailələrə dəstək məqsədilə müəyyən məbləğdə birdəfəlik və yaxud müəyyən müddətədək nəzərdə tutulan müavinət verilə bilər? Bu, həm boşanmaların azalmasında, həm də çoxuşaqlı ailə modelində necə rola oynayar? Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda sosial təminat tədbirləri çərçivəsində həm birdəfəlik, həm də aylıq müavinətlər tətbiq olunur. V.Bayramov qeyd edib ki, gənc ailələr üçün mənzil təminatının genişləndirilməsi məqsədilə sosial ipoteka kreditləri, eləcə də güzəştli şərtlərlə ipoteka kreditləri təklif edilir. Bu tədbirlərin əsas məqsədi gənc ailələrin mənzillə təmin olunması və yaşayış şəraitinin yaxşılaşdırılmasıdır: "Bu istiqamətdə müxtəlif ölkələrin, o cümlədən qonşu ölkələrin təcrübəsi öyrənilir və sosial siyasətdə sosial təminatın gücləndirilməsi məqsədilə mütəmadi addımlar atılır. Beynəlxalq praktikada daha çox tətbiq olunan bir sıra nümunələr artıq Azərbaycanda da həyata keçirilir və gələcəkdə bu istiqamətdə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur. Bu baxımdan gənc ailə quran vətəndaşların sosial təminatının daha da yaxşılaşdırılması, xüsusilə də daha çox qayğıya ehtiyacı olan vətəndaşların dəstəklənməsi prioritet olaraq qalır". Millət vəkili gənc ailələrin ünvanlı sosial yardım proqramına müraciət etmək imkanına da malik olduğunu vurğulayıb: "Bu proqramın təkmilləşdirilməsi və bu istiqamətə daha çox vəsaitin ayrılması da əsas prioritetlər sırasındadır. Ümumilikdə isə gənc ailələr də daxil olmaqla sosial təminat tədbirlərinin genişləndirilməsi əsas hədəfdir və növbəti illərdə sosial təminatın daha da gücləndirilməsi istiqamətində ardıcıl addımların atılması gözlənilir". Sosioloq Mail Yaqub da öz açıqlamasında gənc ailələrə dövlət tərəfindən maddi dəstəyin vacibliyini bildirib. Onun sözlərinə görə, əgər bu sahəyə dövlət tərəfindən xüsusi və sistemli diqqət ayrılmasa, Azərbaycanda ailə quran gənclərin sayı azalacaq: "Digər tərəfdən, ailə quranlar arasında bir uşaqlı ailə modelinə keçid sürətlənəcək. Bu, artıq göz önündə olan faktdır. Nəticə etibarilə əhalinin artım tempi zəifləyəcək və bir neçə ildən sonra əhali sayında azalma müşahidə olunacaq. Bu proses fonunda yaşlı əhalinin sayı artacaq, gənclərin sayı isə azalacaq. Bu tendensiya hazırda bir sıra Avropa ölkələrində açıq şəkildə görünür və nəticədə həmin ölkələrdə pensiya fondları ciddi çətinliklərlə üzləşib. Oxşar risklərin gələcəkdə Azərbaycanda da yaranmaması üçün indidən bu sahəyə xüsusi diqqət ayrılmalıdır". M.Yaqubun fikrincə, gənclər üçün ipoteka ilə güzəştli mənzil əldə etmə şərtləri sadələşdirilməli, eyni zamanda toy mərasimlərinin xərclərinin azaldılması istiqamətində addımlar atılmalıdır: “Heç olmasa, üç uşaqlı ailə modelinin təşviqi məqsədilə televiziya, radio və sosial şəbəkələrdə maarifləndirici kampaniyalar aparılmalı, sosial çarxlar, filmlər və seriallar hazırlanmalıdır. Bununla yanaşı, dövlət tərəfindən bu sahəyə mütləq şəkildə sosial yardım ayrılmalıdır. Əks halda, qarşıdakı 30–40 il ərzində əhali artım tempinin əhəmiyyətli dərəcədə azalması riski yaranacaq ki, bu da uzunmüddətli perspektivdə ölkə üçün ciddi sosial-iqtisadi fəsadlara yol aça bilər". Sevinc İbrahimzadə / Metbuat.azMəqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusu üzrə dərc olunub.

Избранный
65
metbuat.az

1Источники