Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “ANİMAFİLM Studio” yaradıcı heyəti ilə görüşüb.
Leyla Əliyevaya studiyada istehsal olunan yeni animasiya filmləri təqdim edilib. Azərbaycan və Özbəkistan animasiya ustalarının birgə istehsalı olan “Yer və Ay”, eləcə də Azərbaycan, Polşa və Almaniya animasiya mütəxəssislərinin əməkdaşlığı ilə ərsəyə gələn “Yulaf dönərgə” qısametrajlı animasiya filmlərinə baxılıb.
Bununla yanaşı, Leyla Əliyeva “ANİMAFİLM Studio” tərəfindən istehsalına başlanmış “İsi və Piti” adlı yeni uşaq animasiya serialının ilk iki seriyasının ilkin variantları ilə tanış olub. Təqdimat zamanı bildirilib ki, serial uşaqlara Azərbaycanı, onun milli-mədəni dəyərlərini, eləcə də müasir dövrdə inkişaf edən sənət sahələrini tanıtmaq baxımından mühüm maarifləndirici əhəmiyyət daşıyır.



