Görənlər görüb, görməyənlər də bilirlər ki, Qusar dağlar qoynunda məskən salmış bir rayondur. Bölgənin iqlimi əsasən yağışlı, qarlıdır. Bu isə kənd təsərrüfatı rayonu olan Qusarın əhalisinə həm işdə, həm də məişətdə çətinlik yaradır. Bir sıra kəndlərin çətinliyi isə daha çox olur.
Belə kəndlərdən biri də Lazadır. Ötən yay aylarından başlayan yağışlar kənddə bir çox fəsad törətdi. Lazanın ətraf ərazilərlə əlaqə yaradan körpüsünü sel apardı. Mənbəyini Şahnabad yaylağından götürən və Qusarçaya tökülən Laza çayının üzərindəki körpü dağılandan sonra kənd camaatı çətinliklə üzləşdi. Kəndin ətraf ərazilərlə əlaqəsi demək olar ki, tamam kəsildi. Camaat hansı bir işə görə kənddən kənara çıxmaq üçün çayın içindən keçməli olurdu. Odur ki, lazalılar rayon rəhbərləri ilə səyyar görüşdə belə bir problem yaşadıqlarını bildirdilər. Çox çəkmədi ki, körpünün inşası Qusar Rayon İcra Hakimiyyətinin müraciəti əsasında "Körpü-Bina-Tikinti" MMC-yə tapşırıldı. Yeni körpünün inşası qısa vaxtda tamamlandı.
Bu günlər körpünün rəsmi açılışı oldu. Açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Laza və Sudur kəndlərinin sakinləri iştirak edirdilər. Çıxış edənlər əlaqədar təşkilatlara minnətdarlıqlarını çatdırdılar.
Göründüyü kimi, məmur məsuliyyəti çox işlərin həllinin açarıdır. Əhali və rəhbərlik arasında qarşılıqlı təmas varsa, problemlər də vaxtında öz həllini tapır.
Xalid ƏZİZOV,
Quba rayonunun Laza kənd sakini