RU

Mədəniyyətimizin incisi...

Muğam xalqımıza xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır

Mədəniyyətimiz zəngin tarixi və müxtəlif incəsənət sahələri ilə dünyada tanınan irsə sahibdir. Bu mədəniyyətin ən mühüm və gözəl incilərindən biri isə şübhəsiz ki, muğamdır. Azərbaycan muğamı yalnız musiqi janrı olmaqla kifayətlənmir, xalqımızın həyat fəlsəfəsini, dərin mənəviyyatını ifadə edən bir vasitədir. Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. Bu musiqi janrı öz zənginliyi ilə yalnız Azərbaycanda deyil, bütün dünyada sevgi və hörmət qazanıb.

Müxtəlif hissi və ruh halını əks etdirir...

Azərbaycan muğamı çoxsaylı növlərdən ibarətdir. Bu növlər bir neçə əsas qruplaşdırma ilə fərqlənir: segah, rast, şur, bayati-şiraz və s. Hər bir muğam müəyyən bir hissi və ya ruh halını əks etdirir. Məsələn, rast muğamı daha çox sevinc və xoşbəxtlik hissini ifadə edərkən, segah muğamı daha dərin, kədərli və hüznlü bir mənaya malikdir. Şur isə sevgi və əzabın qarışığıdır, içində həm ağrı, həm də ümid barındırır...

Bu gün Beynəlxalq Muğam Mərkəzinin (BMM) fəaliyyətə başlamasından 17 il ötür. 2008-ci il dekabrın 27-də Bakıda, dənizkənarı Milli parkda qədim musiqi alətimiz olan tarın quruluşunda, modern memarlıq üslubunda tikilmiş Beynəlxalq Muğam Mərkəzinin (BMM) açılışı baş tutub. Həmin gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərkəzin açılışını bildirən lenti kəsiblər.

Milli sərvətimiz və dəyərimiz

Muğamın yaşaması, dünyada layiqincə təbliği və gələcək nəsillərə ötürülməsi baxımından BMM-nin müstəsna xidmətləri var. 17 il ərzində görülən işlər, reallaşdırılan layihələrdən mədəniyyətimizin inkişafı və dünyada tanınmasında mühüm əhəmiyyətə malikdir. 17 il öncə mərkəzin açılışında iştirak edən Prezident İlham Əliyev demişdi: “Bu bina Azərbaycan xalqına xidmət edəcək. Bu binada gözəl tədbirlər keçiriləcək, gözəl konsertlər, muğam gecələri baş tutacaq. Muğam bizim milli sərvətimizdir, çox böyük dəyərimizdir. Azərbaycan xalqı əsrlər boyu bu sənəti yaşadıb və bu gün çox vacibdir ki, bu gözəl sənət Azərbaycan xalqının milli dəyəri olan muğam nəsildən-nəslə keçir”.

Muğamımız bütün dünyada sevilir

Azərbaycan muğamının müasir tarixində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayır. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır. UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsidir. Bu gün muğamımız bütün dünyada maraqla qəbul olunur və sevilir. Demək olar ki, Heydər Əliyev Fondu yaranandan muğamımızın yeni inkişaf dövrü başlayıb. 2005-ci ildən başlayaraq Heydər Əliyev Fondu tərəfindən muğam televiziya müsabiqələrinə start verilib. Bunun nəticəsində onlarla gənc muğam ifaçısı yetişib, artıq onlardan bir çoxunun fəxri adları var. Operada, ana televiziyamızda çalışır, ustadlarla bərabər Azərbaycan muğamını bütün dünyada təbliğ edirlər. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Beynəlxalq Muğam Festivalı keçirilir. Bundan başqa, “Qarabağ xanəndələri” muğam toplusu çap olunub. UNESCO xətti ilə hazırlanmış bu alboma belə bir adın seçilməsi Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğunu bütün dünyaya nümayiş etdirmək istəyindən irəli gəlib. Eyni zamanda, Azərbaycan muğamının Avropada, Qərb ölkələrində təbliği ilə bağlı çox böyük işlər görülüb.

Məlumdur ki, Azərbaycan Ordusu 44 gün ərzində Qarabağda bir tarix yazdı. Qələbəmizdən 6 ay sonra Heydər Əliyev Fondu tərəfindən Şuşada möhtəşəm “Xarıbülbül” festivalı keçirildi. Bununla da dünyaya mesaj verildi ki, torpağın sahibləri qayıdıb, artıq Şuşamızda, Qarabağımızda Azərbaycan muğamı daim səslənəcək!

Sevindirici haldır ki, tez-tez Beynəlxalq Muğam Mərkəzində korifey sənətkarlarımızın yubileyləri keçirilir, gənc ifaçıların konsertlərini dinləyirik. Bizə qürur verən bu işlər muğam irsimizin əbədiyaşarlığını bir daha təsdiqləyir. Beynəlxalq Muğam Mərkəzi istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda bütün azərbaycanlıların həyat hekayətinə çevrilən muğamın təbliğinə, inkişafına öz töhfəsini verməkdədir...

Yeganə

Избранный
40
yeniazerbaycan.com

1Источники