RU

"AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb

Bu il "AzerGold" QSC-nin xarici və yerli bazarlarda satışının ümumi dəyəri 431 milyon manat təşkil edib.

"Far.Az" xəbər verir ki, bunu səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov "Nadir incilər – ipəklə gümüşün harmoniyası" adlı təqdimat mərasimində bildirib.

Onun sözlərinə görə, şirkət fəaliyyət dövründə ölkə iqtisadiyyatına 1,9 milyard manat vəsait cəlb edib: "Azərbaycanın aparıcı dağ-mədən şirkəti olaraq "AzerGold" yalnız qızıl və gümüşün hasilatı və ixracı ilə deyil, həm də məhsulların son istehlakçıya çatdırılması sahəsində uğurlu təşəbbüsləri ilə seçilir. Dövlətin məqsədyönlü iqtisadi siyasəti çərçivəsində bu istiqamətdə bir çox uğurlar əldə edilib. Yerli istehsalın təşviqinə yönəlmiş iqtisadi siyasət fəaliyyətimizə geniş imkanlar açıb. Yerli xammal əsasında hazırlanmış qiymətli məmulatların daxili bazarda satışı, mədəni irsin və milli dəyərlərin təbliği ilə yanaşı, rəqabətqabiliyyətli milli məhsulların yaradılması baxımından da uğurlu nümunəyə çevrilib".

Z.İbrahimov deyib ki, sikkə və külçələrin istehsalında əsas məqsəd yerli bazarı milli dəyərləri əks etdirən məhsullarla təmin etməklə "Made in Azerbaijan" brendini təşviq etməkdir: "Bu günə qədər maddi dəyərdən savayı, mənəvi və simvolik mənalar daşıyan 13 qızıl və 9 gümüş kolleksiyanın kütləvi istehsalı həyata keçirilib. Zamanla bu layihə yalnız təbliğat missiyası ilə məhdudlaşmayaraq, ölkə iqtisadiyyatı üçün real dəyər yaradan uğurlu bir modelə çevrilib. Yerli xammalın əlavə dəyərə malik son məhsula çevrilməsi iqtisadi şaxələndirməyə töhfə verib. Bu il qiymətli məhsulların ölkədaxili pərakəndə satışından 38,6 milyon manat vəsait əldə edilib. 2019-cu ildən bu günə qədər isə məhz bu istiqamət üzrə ölkə iqtisadiyyatına təqribən 92 milyon manata yaxın vəsait cəlb olunub".

O qeyd edib ki, "AzerGold" 2023-cü ildən etibarən məhsulların hazırlanmasında müasir və alternativ istehsal həlli olan "smartminting" texnologiyasının tətbiqinə başlayıb: "Numizmatika sahəsində inqilabi yenilik sayılan bu texnologiya vasitəsi ilə üçölçülü formatda mürəkkəb dizaynlı sikkələr istehsal edilir. Bu innovativ üsul Asiya qitəsində ilk dəfə məhz Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş "100 il və onun fövqündə bir irs" adlı qızıl sikkənin istehsalında tətbiq edilib".

Избранный
51
2
far.az

3Источники