RU

Türkiyə Universitetinin kitabxanasına 400-dən çox kitab hədiyyə edildi

BAKI, 27 dekabr. TELEQRAF

Türkiyədəki Azərbaycan Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin kitabxanasına Azərbaycan mədəniyyəti və tarixi haqqında 400-dən çox kitab hədiyyə edilib.

Bu barədə Teleqraf-a Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Layihə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Türkiyənin Ankara və Kayseri şəhərlərində keçirilən "Azərbaycan İncəsənəti Həftəsi" çərçivəsində həyata keçirilib.
Bununla əlaqədar, Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin kitabxanasında keçirilən tədbirdə Universitet, Azərbaycan Səfirliyi, Mədəniyyət Mərkəzi, yerli azərbaycanlılar, müəllimlər və tələbələr iştirak edib.
İlk öncə Ankara Musiqi və Gözəl SənətlərUniversitetinə bağışlanan nəşrlərdən ibarət sərginin açılışı olub.
Universitetin rektoru professor Erhan Özden çıxışında Azərbaycanla Türkiyə arasında tarixi dostluq və qardaşlıq münasibətlərindən danışıb. Azərbaycan mədəniyyətinin Türk dünyası ölkələri arasında olduqca zəngin və böyük ənənələrə malik olduğunu və layihənin əsas məqsədinin qardaş ölkənin mədəniyyətini daha yaxından tanımaq olduğunu bildirib.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyədə milli mədəniyyətimizin təbliğiməqsədi ilə həyata keçirdiyi layihələr barədə danışaraq, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən həm ana dilimizdə, həm də Türkiyə Türkçəsində Azərbaycan haqqında nəşrlərin Türkiyənin aparıcı kitabxanalarına, universitet kitabxanalarına hədiyyə edildiyini bildirib. O, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə göndərilən nəşrlərin arasında mədəniyyətin ayrı-ayrı sahələri, habelə ədəbiyyatımıza dair qiymətli kitabların olduğunu bildirib.
Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin tələbələrinin bu nəşrlər vasitəsilə ölkəmiz haqqında biliklərini daha da genişləndirəcəklərinə ümid etdiyini bildirib.
Azərbaycan Səfirliyinin müşaviri Füzuli Məcidli və Türkiyədə tanınmış Azərbaycan xalq artisti Cahangir Novruzov ölkəmizin tanınması və milli mədəniyyətimizin təbliği üçün bu cür layihələrin əhəmiyyətini vurğulayıblar. Onlar Türkiyənin aparıcı kitabxanalarına dəyərli nəşrlərimizin hədiyyə edilməsinin böyük əhəmiyyət kəsb etdiyini qeyd ediblər.
Sonra sərgiyə baxış keçirilib və iştirakçılar Azərbaycan mədəniyyəti, ədəbiyyatı, dövlətçiliyi və tarixi ilə bağlı nəşrlərlə tanış olublar.
Qeyd edək ki, sözügedən nəşrlər Ankara Musiqi və Gözəl Sanatlar Universiteti kitabxanasının fondunda yer alacaq.

Избранный
49
3
teleqraf.com

5Источники