RU

Mopedlərlə bağlı qərarda NƏLƏR VAR? – Bunları bilməsəniz…

Azərbaycanda moped idarə edənlər üçün mühüm mərhələ başlayır. Prezident İlham Əliyevin “Yol hərəkəti haqqında” qanuna təsdiqlədiyi dəyişikliklərdən sonra moped sürmək üçün sürücülük vəsiqəsi rəsmi tələbə çevrilir.

Bu yenilik cəmiyyətdə xüsusilə bir sualı aktuallaşdırıb: moped sürmək hüququ 16 yaşdan verilirsə, vəsiqə tələbi 18 yaşdan aşağı olanlar üçün qadağa deməkdirmi?

Məsələ ilə bağlı NOCOMMENT.az-ın araşdırması göstərir ki, qanunvericilikdə yaş həddi ilə sürücülük vəsiqəsi tələbi bir-birinə zidd deyil, əksinə, paralel şəkildə tənzimlənir.

Nəqliyyat eksperti Tale Ələddinzadə saytımıza bildirib ki, yeni dəyişikliklər mopedləri “oyuncaq nəqliyyat vasitəsi” statusundan çıxararaq real yol hərəkəti iştirakçısı kimi tanıyır:

“İndiyədək mopedlərə münasibətdə boşluqlar var idi. Heç bir vəsiqə, qeydiyyat və real nəzarət mexanizmi yox idi. Bu isə qəzaların artmasına səbəb olurdu. İndi isə moped sürücüsü minimum bilik və bacarıqlara malik olmalıdır. Bu, yol hərəkəti təhlükəsizliyi baxımından gecikmiş, amma çox vacib addımdır.”

Ekspertin sözlərinə görə, əsas məqam ondan ibarətdir ki, moped sürmək üçün tələb olunacaq vəsiqə kateqoriyası yaşa uyğun olacaq:

“Burada söhbət 18 yaşdan yuxarılar üçün nəzərdə tutulan A kateqoriyasından getmir. Mopedlər üçün AM kateqoriyası mövcuddur və bu vəsiqə 16 yaşdan etibarən verilə bilər. Yəni 16–18 yaş arası şəxslərə moped qadağan edilmir, sadəcə onlar da imtahandan keçib vəsiqə almalıdırlar.”

Ələddinzadənin sözlərinə görə, qanundakı digər yeniliklər də diqqət çəkir: “Moped anlayışı daha dəqiq müəyyən edilir, bu nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması və uçota götürülməsi nəzərdə tutulur. Bundan əlavə, mopedlərin yalnız yolun sağ kənar zolağı ilə hərəkət etməsi tələbi ləğv edilir ki, bu da onları digər nəqliyyat axınına daha real inteqrasiya edir. Eyni zamanda, motosiklet və mopedlə qabaritlərdən 0,5 metrdən artıq kənara çıxan və idarəetməyə mane olan yük daşınması qadağan olunur. Artıq valideynlər övladına moped alanda bilməlidir ki, bu nəqliyyat vasitəsi rəsmi qeydiyyatdan keçməli, sürücü isə vəsiqəyə malik olmalıdır. Əks halda inzibati məsuliyyət yaranacaq.”

Ekspertin sözlərinə görə, qanun moped sürmək yaşını artırmır, sadəcə hüququn icrası üçün əlavə şərt qoyur. Bu şərt sürücülük vəsiqəsidir:

“Əgər 16 yaşlı şəxs müvafiq qaydada AM kateqoriyalı vəsiqə alarsa, onun moped idarə etməsi tam qanunidir”.

Избранный
68
nocomment.az

1Источники