RU

Goranboyda Milli Qəhrəman Niyazi Aslanovun xatirəsi doğum günündə anıldı - FOTOLAR

Goranboy rayonunun Tap Qaraqoyunlu kəndindən 1-ci Qarabağ Müharibəsinin şəhidi Milli Qəhrəman Aslanov Niyazi Şərəfxan oğlunun doğum günü ilə bağlı  tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə, Goranboy  rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, Milli Qəhrəmanın ailə üzvləri və Tap Qaraqoyunlu kəndindən olan  şəhid ailələri, müharibə iştirakçıları, kənd ictimaiyyətinin nümayəndələri  və məktəblilər iştirak etdilər. Tədbir iştirakçıları Milli Qəhrəman Niyazi Aslanovun adını daşıyan Tap Qaraqoyunlu kənd tam orta məktəbinin həyətində Milli Qəhrəmanımızın  büstünü  və Tap Qaraqoyunlu kənd  Şəhidlər Xatirə Kompleksini ziyarət etdilər, Şəhidlərimizin əziz xatirələri ehtiramla anıldı, ruhlarına dualar oxundu. Məktəblilərin təqdimatında ədəbi-bədii  kompozisiya nümayiş etdirildi. 

Niyazi Aslanov 25 dekabr 1960-cı ildə Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində doğulub. Orta məktəbi doğulduğu kənddə bitirib. 1979-81-ci illərdə Rusiyanın Altay diyarında hərbi xidmətdə olub, hərbi xidmətini başa vurduqdan sonra  təhsilini Ağdam Kənd Təsərrüfatı Texnikumunda davam etdirib. Respublikamızın erməni təcavüzünə məruz qaldığı zaman o da silaha sarılaraq, Vətənin müdafiəsinə qalxmışdır. 1988-ci ildə Goranboy rayonunda özünümüdafiə dəstəsi yaradılır və dəstəyə ilk yazılanlardan biri də Niyazi olur. Döyüş yoldaşları ilə birlikdə sıradan çıxmış iki tank ələ keçirib təmir etdirir,  döyüş vəziyyətinə gətirirlər.

Həmin tankla təkcə Tap-Qaraqoyunlu kəndinin deyil, habelə rayonun bir sıra başqa kəndlərini də erməni hücumlarından qorumağa müvəffəq olurlar. Şəfəq kəndinin ermənilərin əlinə keçmək qorxusu var idi. Niyazi Aslanov öz tankı ilə kəndə girir və düşməni geri oturdur. Niyazi Aslanov Goranboy özünümüdafiə batalyonunun tərkibində Şəfəq, Gürzalılar, Todan, Sarısu, Tərtər və Ağdam bölgələrində gedən döyüşlərdə rəşadətlə vuruşmuşdur. O, 4 may 1992-ci il tarixdə Tap-Qaraqoyunlu kəndinin yaxınlığındakı “Yaltağıl” deyilən yerdə keçirilən əməliyyat zamanı qeyri-bərabər döyüşdə öz komandiri İsfəndiyar Əsədovu ölümdən xilas edərkən qəhrəmanlıqla həlak olmuş və Tap-Qaraqoyunlu kəndində dəfn edilmişdir. İki oğlu həyatda yadigar qalıb. Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Aslanov Niyazi Şərəfxan oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Tap-Qaraqoyunlu kənd orta məktəbi və Naftalan şəhərindəki küçələrdən biri onun adını daşıyır. Goranboy şəhərində büstü qoyulmuşdur

Избранный
82
50
unikal.az

10Источники