“Turan Tovuz” 15 oyundan sonra 8 qələbə, 3 heç-heçə və 4 məğlubiyyət sayəsində topladığı 27 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Bölgə təmsilçisinin nümayiş etdirdiyi futbol ürək bulandırır.
İkinci ildir Kurban Berdıyev kimi təcrübəli mütəxəssisin rəhbərlik etdiyi kollektiv nəticəyə hesablanmış bərbad oyunla azarkeşlərin əsəbləri ilə oynayır. Ötən mövsüm komanda avrokuboklara vəsiqəsiz qaldı, bu mövsümün sonunda hədəfə çatacağı sual doğurur.
Lakin klubun əsas söz sahibi Ehtiram Quliyev Berdıyevə güvpnməkdə davam edir. Nə çətin işdir 73 yaşlı kişini yola salmaq? Hər şey pulun başında deyil? Təzminatını verib, sağollaşar.
Quliyev səbr edir, baş məşqçiyə inanır, gündə bir məşqçi ilə istəyə çatmağın mümkünsüz olduğunu anlayır. Çünki futbolun incəliklərindən az-çox xəbərdardır.
Çünki özü də iş adamıdır, tikib-qurmaqla məşğul olur. Binanı inşa etmək üçün eyni briqadanın əl işinə bel bağlayır. 5 mərtəbəni bir ustaya, yerdə qalan 5 mərtəbəni başqa ustaya tikdirmir.
“Araz-Naxçıvan” 16 oyundan sonra 7 qələbə, 5 heç-heçə və 4 məğlubiyyət sayəsində yığdığı 26 xalla turnir cədvəlinin 6-cı sırasında yer alıb. Lider “Sabah”dan 11, 2-ci olan “Qarabağ”dan 10, 3-cü pillədəki “Zirə”dən cəmi 2 xal geridə qalır.
Bu komanda ötən mövsüm Elmar Baxşıyevin rəhbərliyi altında bürtünc medallara sahib olaraq Konfrans Liqasına vəsiqə qazanıb, “Aris” kimi güclü rəqibi keçib.
Finişə 17 tur qaldığını nəzərə alsaq, Muxtar Respublika təmsilçisinin turnir cədvəlindəki hazırkı durumunu da normal adlandırmaq olar.
Di gəl, klub rəhbərliyi Baxşıyevlə yolları ayırmaq qərarına gəldi.
Hazırda azərbaycanlı məşqçilərin arasında insani keyfiyyətlərinə, iş bacarığına, özünü aparmasına görə öncüllərdən olan 45 yaşlı çalışdırıcıya göstərilən münasibət klubun rəhbər şəxlərinin futboldan uzaq adam olduğunu aşkar şəkildə sübut edir.
Mövsümün qızğın vaxtında, zədəlilərin çoxluq təşkil etdiyi zamanda, 3-cü pillədəki rəqibdən cəmi 2 xal geri qaldığı dönəmdə baş məşqçi ilə yolların ayrılmasının kökündə nələrin dayandığını müəyyən etmək çətindir.
Peşəkar klublar belə halla üz-üzə qalanda baş məşqçiyə dəstək nümayiş etdirir, yanında olduğunu göstərir, mövsümün sonuna qədər gözləyir. Hədəfə çatmadığı halda baş məşqçi ilə əl sıxılır.
Qərarın “Araz-Naxçıvan”ın formal rəhbəri Ramin Axundov, yoxsa əsl rəhbəri Zaur Axundovun tərəfindən qəbul edilməsi məlumdur. İllərdir futbol mətbəxində olanlar tapşırığın kimdən gəldiyini yaxşı bilir.
Klub özlərinin, pul özlərinin, özləri bilər. Yaxşı olar ki, tikib-qurmağın, uğurlu nəticəyə çatmağın reseptini Ehtiram Quliyevdən öyrənsinlər. Bunun üçün “Huner Group”un qapısını döyüb minnətçi düşməyə, yaxud əli cibə salmağa gərək yoxdur.
Quliyev bunu aşkar və pulsuz şəkildə hamıya göstərir.
HƏBİB / SPORTİNFO.AZ