RU

NYT: ABŞ deportasiyaları sürətləndirmək üçün Venesuela ilə müharibə imkanlarını araşdırıb

Ağ Ev rəhbərinin müavini Stiven Miller düşmən dövlətlərin vətəndaşlarının deportasiyasını sürətləndirməyə imkan verən XVIII əsr qanununu işə salmaq üçün ABŞ-nin Venesuela ilə müharibəyə başlaması imkanını nəzərdən keçirib.

"Report" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, mayın əvvəlində Millerin tabeliyində olan şəxslər narkokartellərlə mübarizənin hərbi üsullarını araşdırmağa başlayıblar. Ağ Ev və digər qurumların rəsmiləri daha təmkinli variantlar, o cümlədən Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) dəstəyi ilə məxfi əməliyyatlar çərçivəsində göyərtəsində insan olmayan, lövbər salmış gəmilərə zərbələr endirilməsini təklif ediblər. Lakin Miller zərbələrin aşkar xarakter daşımasında israr edib. Qəzet qeyd edib ki, o həmçinin əgər ABŞ və Venesuela müharibə vəziyyətində olarsa, ABŞ hakimiyyətinin XVIII əsrə aid "Düşmən əcnəbilər haqqında" qanunu tətbiq edə biləcəyini və yüz minlərlə venesuelalının ABŞ-dən çıxarılmasını sürətləndirəcəyini ehtimal edib.

NYT xatırladıb ki, iyulun 25-də ABŞ Prezidenti Donald Tramp Müharibə Nazirliyinə narkotrafiklə məşğul olanlara qarşı əməliyyatlara başlamaq əmrini nəzərdə tutan məxfi fərman imzalayıb. Pentaqon rəhbəri Pit Heqsetə ABŞ tərəfindən terrorçu kimi tanınan 24 qruplaşma və kartelin beynəlxalq sularda narkotik daşıyan gəmilərinə zərbələr endirmək tapşırılıb. Bu siyahıda Venesuela qruplaşmalarının da adı çəkilib.

"The New York Times" hesab edir ki, əvvəlki prezidentlərin dövründə narkotik ticarəti ilə mübarizənin müzakirəsinə hərbi əməliyyatlar üzrə ixtisaslaşmış hüquqşünaslar və ekspertlər cəlb edilər, Milli Təhlükəsizlik Şurası isə bu mövzuda bir sıra qurumlararası görüşlər keçirərdi. "Trampın dövründə bunların heç biri edilməyib", - deyə qəzet qeyd edir. NYT yazır ki, sentyabr ayında Tramp administrasiyası Venesuela Prezidenti Nikolas Maduroya qarşı yönəlmiş kampaniyasının "indiyədək olan ən qanlı mərhələsinə" başlayıb. Bildirilir ki, son dörd ay ərzində 29 gəmiyə zərbələr endirilib və bir çox ekspertin fikrincə, bu zərbələr hərbi cinayət sayılmalıdır.

Избранный
88
far.az

1Источники