RU

Neft ucuzlaşır: SOCAR planlarını “uzunmüddətli qutuya” qoyur  – FOTO

Dünya bazarlarında etalon marka sayılan Brent neftinin qiyməti, kotirovkası Azərbaycan nefti Azeri Light-a bağlanan bu göstərici, bir barel üçün təxminən 60 dollar səviyyəsinədək enib.

Beynəlxalq və Azərbaycanlı ekspertlərin ümumi rəyinə görə, 2026-cı ildə də neftin qiyməti təxminən bu səviyyədə qalacaq. Buna əsas səbəblər dünya neft bazarının həddindən artıq doyma vəziyyətində olması, həmçinin bir sıra neft emalı zavodlarının bağlanması və ya konservasiyaya alınmasıdır.

Azərbaycan hökuməti 2026-cı ildə Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri ilə nəql olunacaq neft həcmləri ilə bağlı proqnozlar verməkdən çəkinir, yalnız ilin yekununda faktiki ixrac göstəricilərini açıqlamağa üstünlük verir.

Bakı–Astana oktyabr təşəbbüsü
Azeri Light nefti ənənəvi olaraq Brent markasına nisbətən 4–6 dollar premiumla satılır. Lakin bu üstünlüyə baxmayaraq, hazırkı qiymətlər 2024-cü ilin göstəricilərindən xeyli aşağıdır. Belə ki, ötən il Azərbaycan neftinin minimum qiyməti 72 dollar, orta illik CIF qiyməti isə 82,87 dollar təşkil edib.

NOCOMMENT.az xəbər verir ki, daha yüksək kükürd tərkibli Qazaxıstan nefti hazırda dünya bazarlarında 60 dollardan aşağı qiymətə satılır. Türkmənistan nefti isə nisbətən daha yüksək qiymət nümayiş etdirir.

Məhz bu qiymət konjonkturası Azərbaycan, Qazaxıstan və Türkmənistanın ilin sonuna doğru həm BTC ilə neft nəqli, həm də birgə neft-qaz layihələri üzrə mövqelərini yenidən nəzərdən keçirməsini izah edir.

Oktyabr ayında Bakı və Astana arasında aparılan danışıqlarda 2027-ci ilə qədər BTC vasitəsilə Qazaxıstan neftinin həcminin 7 milyon tona çatdırılması planlaşdırılırdı. Lakin 2025-ci ilin dekabr ayının sonunda Qazaxıstanın energetika naziri Erlan Akkenjenov açıqladı ki, 2026-cı ildə Bakı üzərindən tranzit 1,5 milyon ton səviyyəsində saxlanılacaq. Gələcək perspektivdə isə “KazMunayQaz” və SOCAR arasında əldə olunan razılaşmalara əsasən, BTC ilə illik nəql 2,2 milyon ton həcmində nəzərdə tutulur.

Əslində, oktyabr təşəbbüsü iqtisadi səbəblər üzündən korrektə edilib. Qazaxıstan neftinin 55–60 dollar diapazonunda qiymətləndiyi şəraitdə respublika Rusiya ərazisindən keçən KTK boru kəmərinə bağlı qalır. Bu marşrut BTC ilə müqayisədə təxminən üç dəfə ucuzdur. Bununla yanaşı, Qara dənizdə yerləşən KTK terminalları Ukrayna tərəfindən vaxtaşırı hücumlara məruz qalır.

“Asılı vəziyyət”
Buna baxmayaraq, 18 dekabrda Astanada “KazTransOil” və “Transneft” şirkətləri arasında 2026-cı ildə də Qazaxıstan neftinin Rusiya üzərindən tranziti barədə müqavilə imzalanıb.

Azərbaycan Neft Tədqiqatları Mərkəzinin rəhbəri İlham Şaban açıqlamasında bildirib ki, Qazaxıstan üçün Rusiya marşrutu daşınma baxımından ən ucuz variant olaraq qalır. Onun sözlərinə görə, neft qiymətlərinin aşağı olduğu şəraitdə bu faktor xüsusi əhəmiyyət daşıyır. Proqnozlara əsasən, 2026-cı ildə Brent neftinin orta illik qiyməti 60 dollar səviyyəsində olacaq ki, bu da cari ilin gözlənilən göstəricisindən 12–13 faiz aşağıdır.

Məhz qlobal qiymətlərin azalması SOCAR-ın Qazaxıstan və Türkmənistanla birgə neft layihələrində iştirak planlarının da “uzunmüddətli qutuya” qoyulmasına səbəb olur. Oktyabrda SOCAR-ın Qazaxıstandakı “Dunqa” layihəsinə qoşulması və neftin BTC ilə nəqli müzakirə edilsə də, ilin sonuna doğru bu təşəbbüsün rentabelliyi sual altına düşüb.

Eyni kommersiya səbəbləri üzündən Azərbaycan və Türkmənistanın Xəzərdə yerləşən, ehtiyatları 50–60 milyon ton qiymətləndirilən “Dostluq” yatağının birgə işlənməsi təşəbbüsü də qeyri-müəyyən vəziyyətdə qalır.

Türkmənistanın irəliləyişi
Bu fonda Türkmənistan neftinin BTC ilə nəqli daha dayanıqlı görünür. haqqin.az-ın məlumatına görə, 2026-cı ildən Türkmənistan Dragon Oil və Eni Turkmenistan Ltd ilə yeni razılaşmalar hesabına yetkin yataqlardan neft nəqlini artıracaq.

1999-cu ildən Türkmənistanda fəaliyyət göstərən Dragon Oil BTC-yə ildə azı 1,5 milyon ton neft nəql edən ən böyük təchizatçıdır. Şirkət son 25 ildə “Ceytun” və “Ciqalıbək” yataqlarına 11 milyard dollar investisiya yatırıb.

Məlumatlı mənbənin sözlərinə görə, Dragon Oil 2030-cu ilə qədər gündəlik hasilatı 200 min barelə çatdırmağı planlaşdırır və bu həcmin bir hissəsi Bakı üzərindən daşınacaq.

Ekspertlər həmçinin Eni Turkmenistan Ltd-nin “Nəbitdağ” yatağından neft tranzitinin bərpasını vacib sayırlar. Eni bu yataqda 2008-ci ildən fəaliyyət göstərir.

BTC üzrə göstəricilər
2024-cü ildə Qazaxıstan və Türkmənistan birlikdə BTC ilə 5,3 milyon ton neft nəql etsə də, 2025-ci ildə bu göstərici 5 milyon tondan aşağı olacaq. Buna səbəb avqust–sentyabr aylarında Ceyhan terminalında xlororqanik çirklənmə ilə bağlı aparılan təmizləmə işləridir.

Proqnozlara görə, 2026-cı ildə tranzit həcmi Türkmənistan müqavilələri hesabına arta bilər, lakin son qərarı bazar və qlobal qiymət dinamikası verəcək.

Azərbaycanın özü 2024-cü ildə BTC ilə 24,17 milyon ton, 2023-cü ildə isə 24,95 milyon ton neft nəql edib. 2025-ci ildə bu rəqəmin 23 milyon tondan aşağı olacağı gözlənilir.

Rəsmi Bakı 2026-cı il üzrə BTC proqnozlarından yayınaraq, yalnız faktiki ixrac göstəricilərini açıqlamağa üstünlük verir.

Mənbə: Haqqin.az

Azərbaycan dilinə tərcümə etdi: Əli Səfərli
NOCOMMENT.az

Избранный
58
nocomment.az

1Источники