Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs kəndinin şəhidlərinin xatirəsini yaşatmaq məqsədilə xüsusi yaddaş təqvimi hazırlanıb.
Doğru.az xəbər verir ki, “Kiçik kəndin böyük qəhrəmanları” adlanan bu təqvim jurnalist İlahə Tofiqqızının araşdırması əsasında ərsəyə gəlib.
Müəllifin doğulduğu Dırnıs kəndi Qarabağ müharibələrində yeddi şəhid verib. Onlardan dördü – Fariz, Azər, Elnur və Marif – eyni sinifdə oxuyaraq sonradan Vətən uğrunda çiyin-çiyinə döyüşüb şəhidlik zirvəsinə ucalıblar. Təqvimdə hər ay üçün şəhidlərin doğum və şəhadət tarixləri qeyd olunmaqla, onların həyat yolu xronoloji ardıcıllıqla təqdim edilib.
Birinci Qarabağ müharibəsinə həsr olunan səhifələrdə Həsənov Fariz Sabir oğlu (1973–1992), Quliyev Azər Məhərrəm oğlu (1973–1994), Xudayarov Elnur Rza oğlu (1973–1993), Quliyev Sərxan Elxan oğlu (1992–2009) və Əliyev Rövşən Həmzə oğlu (1975–1995) barədə məlumatlar, döyüş və xatirə fotoları yer alıb. Eyni sinifdə oxumuş şəhidlərin uşaqlıq və məzun şəkilləri təqvimə xüsusi mənəvi dəyər qatır.
Təqvimdə II Qarabağ müharibəsinin ilk günlərində – 2 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan kapitan Nəcəfov Vüqar Aydın oğlunun da uşaqlıq illərinə aid fotoları təqdim olunub.
Yanvar ayı Dırnıs məzarlığında dəfn edilmiş mehmetcik Həsəni Bəşir Türk oğlunun (1880–1918) məzar şəkli ilə açılır. May ayı isə 1941–1945-ci illər Böyük Vətən müharibəsində kəndin şəhid olmuş oğullarının siyahısına həsr edilib. Qeyd edək ki, Dırnıs kəndi həmin müharibədə 47 oğlunu itirib və onların adları bu təqvimdə əbədiləşdirilib.
Qələbəmizin 5 illiyi və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə nəşr olunan təqvim şəhid ailələrinə və Dırnıs kəndinin sakinlərinə hədiyyə edilməsi üçün çap olunub. Bu nəşr təkcə təqvim deyil, bir kəndin Vətən qarşısında yazdığı şərəfli tarixdir.
DOĞRU.AZ

