"Ukrayna kəşfiyyatının rəhbəri Moskvanın planlarını və raket hücumlarının davam edəcəyini açıqlayıb..."
Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovun sözlərinə görə, Rusiya 2026-cı ildə əsas diqqəti Donetsk və Zaporojye vilayətlərinin tam nəzarət altına alınmasına yönəldəcək.
Moderator.az xəbər verir ki, bu barədə o, "Suspilne" nəşrinə müsahibəsində bəyan edib. Məlumatı "pravda.com.ua" nəşri yayıb.
Əsas hədəflər Donbas, Zaporojye və "bufer zonalar"dır
Budanov vurğulayıb ki, Moskva bu planlarını heç vaxt gizlətməyib. Onun sözlərinə görə, Rusiyanın planları aydındır: Donetsk vilayəti üzərində tam nəzarət, Dnepropetrovsk istiqamətində maksimum irəliləyiş, həmçinin Zaporojye və Xerson vilayətlərində əməliyyatların davam etdirilməsi.
Bundan əlavə, sərhəd boyunca "sanitar" və ya bufer zonaların genişləndirilməsi də Moskvanın əsas məqsədləri sırasındadır. "2026-cı ilin əsas vəzifəsi Donbas və Zaporojye vilayətidir. Zaporojyenin tam işğalı rusların arzusudur", - Budanov qeyd edib.
O, həmçinin bildirib ki, Rusiya bu il üçün nəzərdə tutulan 403 min nəfərlik səfərbərlik planını artıq yerinə yetirib və hətta 2026-cı il üçün planlaşdırılan göstərici 409 min nəfərdir. Budanovun sözlərinə görə, Rusiya indiyədək bütün səfərbərlik planlarını icra etməyə nail olub.
Raket və dron hücumları davam edəcək
Baş kəşfiyyatçı eyni zamanda Rusiya ordusunun Ukraynanın energetika infrastrukturuna qarşı kütləvi raket və dron zərbələrini yaxın perspektivdə də davam etdirəcəyini bildirib. Onun sözlərinə görə, Rusiya hərbi-sənaye kompleksi hazırda gücünün zirvəsindədir və raketlərlə pilotsuz uçuş aparatlarının istehsalı üzrə planlar təkcə yerinə yetirilmir, hətta bəzən aşılır.
Budanov Rusiya və Belarusun "Oreşnik" raket kompleksinin Belarus ərazisində yerləşdirilməsi ilə bağlı bəyanatlarını isə "nümayişkaranə və qorxutma xarakterli addımlar" adlandırıb. Onun fikrincə, bu açıqlamalar real hücum hazırlığından daha çox nüvə çəkindirməsi məqsədi daşıyır.
Beləliklə, Ukrayna kəşfiyyatının dəyərləndirməsinə əsasən, Rusiya həm ərazi iddialarından geri çəkilmir, həm də hərbi təzyiqi artırmaq niyyətindədir və bu, qarşıdakı ildə müharibənin daha da sərtləşəcəyinə işarə edir.