Xüsusilə payız və qış aylarında soyuqdəymə və virus infeksiyaları ilə yanaşı öskürək halları da artır. Metbuat.az xəbər verir ki, bir çox hallarda dərman qəbul etmədən, ev şəraitində hazırlanan təbii vasitələr – xalq arasında “türkəçarə” adlandırılan üsullar öskürəyin yüngülləşməsinə kömək edə bilər. Mütəxəssislər bildirir ki, bal öskürəyə qarşı ən təsirli təbii vasitələrdən biridir. İlıq suya və ya limonlu çaya əlavə edilən bal boğazı yumşaldır, qıcıqlanmanı azaldır. Xüsusilə gecə öskürəyinin qarşısını almaqda faydalı hesab olunur.Zəncəfil də öskürəyə qarşı geniş istifadə edilən türkəçarələrdəndir. Təzə zəncəfil dilimləri ilə dəmlənən çay boğazda iltihabı azaldır, bəlğəmin çıxmasını asanlaşdırır. Zəncəfilə bal və limon əlavə etməklə təsiri daha da artırmaq mümkündür.Qara turp və bal qarışığı isə uzun illərdir xalq təbabətində istifadə olunur. Turpun içi oyularaq bal əlavə edilir və bir neçə saat saxlanılır. Alınan şirə gündə bir neçə dəfə qəbul edildikdə öskürəyin azalmasına kömək edir.İlıq süd və bal da xüsusilə quru öskürək zamanı tövsiyə olunur. Süd boğazı yumşaldır, bal isə antiseptik təsir göstərir. Bundan əlavə, adaçayı və çobanyastığı kimi bitki çayları boğaz ağrısını və öskürəyi yüngülləşdirir.Həkimlər qeyd edir ki, bu cür türkəçarələr yüngül hallarda faydalı olsa da, uzun müddət davam edən və ya yüksək hərarət, nəfəs darlığı ilə müşayiət olunan öskürək zamanı mütləq həkimə müraciət etmək lazımdır.