RU

Sərhədlər açılır: Yanvarın 1-dən… – Bundan sonra nələr olacaq? 

Türkiyənin İğdır vilayətində, Araz çayı hövzəsində yerləşən və Ankara ilə İrəvan arasında birbaşa quru bağlantısı yaradan əsas nöqtələrdən biri sayılan Alican sərhəd-keçid məntəqəsində fəallıq artıb. Dilucu–Aralıq xətti üzərində yerləşən bu keçiddə son günlər intensiv hazırlıq işləri aparılır.

Türkiyə mediasının məlumatına görə, məntəqənin yaxın zamanda fəaliyyətə başlaması planlaşdırılır və bunun üçün texniki və inzibati hazırlıq sürətləndirilib.

Ermənistanın “Hraparak” nəşri isə yazır ki, Ankara yeni ilin əvvəlindən etibarən Ermənistanla quru sərhədi məhdud formatda açmağa hazırlaşır.

Məlumata əsasən, ilkin mərhələdə keçid yalnız üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasport sahibləri üçün mümkün olacaq. Yük daşımalarının isə hələlik bu marşrut üzrə həyata keçirilməyəcəyi bildirilir.

Məlumdur ki, 44 günlük Qarabağ müharibəsindən sonra regionda formalaşan yeni siyasi reallıqlar Türkiyə–Ermənistan münasibətlərində də normallaşma prosesini sürətləndirib. Aparılan danışıqlar çərçivəsində uzun illər yalnız rəsmi və simvolik məqsədlərlə istifadə olunan Alican keçidinin tam funksional sərhəd-gömrük məntəqəsinə çevrilməsi qərara alınıb. Bu məqsədlə ərazidə infrastruktur yenilənir, müasir gömrük və təhlükəsizlik tələblərinə cavab verən modul konteynerlər quraşdırılır, hərbi nəzarət üçün ayrıca sahə ayrılır. Paralel olaraq, sərhəd nəzarətinin effektiv təşkili üçün əlavə xidmət və texniki zonaların inşası aparılır.

Quru sərhədin yanvarın 1-dən etibarən qismən açılması ilə bağlı əsas suallardan biri də bu addıma Bakının münasibətinin necə olacağıdır. Azərbaycan Ermənistanla tranzit məhdudiyyətlərini aradan qaldırıb, eyni zamanda bəzi məhsulların, o cümlədən neft məhsullarının daşınmasına icazə verib.

Bu fonda Türkiyənin atdığı addıma praqmatik yanaşmaq mümkündürmü, yoxsa proses daha geniş siyasi və təhlükəsizlik kontekstində qiymətləndirilməlidir?

Zeynal Fətulla

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Zeynal Fətulla qeyd edib ki, Türkiyə-Ermənistan münasibətləri Cənubi Qafqazda sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir:

“Son dövrlərdə verilən bəyanatlar, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı aparılan müzakirələr, iki ölkə arasında sərhədlərin açılması perspektivlərini yenidən gündəmə gətirib. Azərbaycanın istədiyi şərtlərlə Zəngəzur dəhlizi və ya tranzit marşrut açılacaqsa, bundan sonra Türkiyə də Azərbaycanın istəklərinə uyğun hərəkət edəcək”.

Şərhçinin sözlərinə görə, bu məsələdə Azərbaycanın qərarı həlledici olacaq:

“Ermənistanın Türkiyə ilə ticarət əlaqələrinə başlaması və sərhədlərin açılması birtərəfli proses deyil. Türkiyə xüsusilə Zəngəzur dəhlizi daxil olmaqla, Ermənistan üzərindən Azərbaycanla, o cümlədən Qarabağ bölgəsi ilə yeni nəqliyyat xəttinin formalaşmasını təmin edə bilər. Yaranacaq nəqliyyat imkanları və ticarət axını Ermənistan iqtisadiyyatına müəyyən fayda verəcək. Eyni zamanda, bu ticarət əlaqələri hər iki ölkə üçün qarşılıqlı iqtisadi üstünlüklər yarada bilər”.

Zeynal Fətulla qeyd edib ki, sərhədin açılmasının ən mühüm nəticəsi isə Türkiyə ilə Azərbaycan arasında ticarət və nəqliyyat əlaqələrinin yaxınlaşmasıdır:

“Bu, Azərbaycanın quru yolu ilə Türkiyə və Avropa İttifaqına bağlanması deməkdir. Nəqliyyat şəbəkəsi Naxçıvanı da daxil etməklə Zəngəzur dəhlizindən kənar alternativ marşrut yarada bilər. Bu baxımdan Ermənistanın rifahının artması və ölkə əhalisinin yaxşı şəraitdə yaşaması Türkiyə və Azərbaycanla əldə olunacaq razılaşmalardan qısa müddətdə müsbət təsir alacaq”.

Избранный
56
37
nocomment.az

10Источники