“2026-cı ildə ipoteka kreditləşməsinə 100 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu vəsait daha çox güzəştli ipoteka kreditlərinin verilməsi üçün istifadə ediləcək. Eyni zamanda İpoteka və Kredit Zəmanət Fondu ipoteka istiqrazlarının yerləşdirilməsinə davam edəcək. Bu isə o deməkdir ki, adi ipoteka kreditləri üzrə də bütövlükdə maliyyələşmənin davam edəcəyini müşahidə edəcəyik”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, ipoteka kreditləri ilə bağlı bir sıra təkliflər təqdim olunub: “Biri də məhz güzəştli ipoteka kreditləri üzrə maksimum məbləğin 100.000 manatdan 150.000 manata çatdırılması ilə bağlıdır. Çünki əmək bazarında qiymətlərin artması fonunda maksimum məbləğə baxılması və artırılması məqsədəuyğundur və bu istiqamətdə təkliflərimizi təqdim etmişik”.
V. Bayramov əlavə edib ki, güzəştli ipoteka kreditləri üzrə faiz dərəcələrinin daha da aşağı salınması imkanları mövcuddur: “Çünki hazırda güzəştli ipoteka kreditləri 4 faizlə təklif olunur. Bu aşağı, güzəştli faizdir, adi ipoteka kreditləri 8 faizlə təklif edilir. Bankların təklif etdiyi ipoteka kreditləri üzrə faizlər təxminən orta göstərici 12 faizdir. Sosial ipoteka kreditləri daha aşağı faizlə təklif olunan kreditlərdir. Amma dövlət büdcəsi hesabına maliyyələşdirildiyi üçün bu kreditlərdə faizlərin daha da aşağı salınması imkanlarının olduğunu düşünürük və bu istiqamətdə də təkliflərimizi təqdim etmişik. Ancaq bütövlükdə dövlət büdcəsindən ipoteka kreditləşməsinə hər il vəsaitin ayrılması ondan xəbər verir ki, ipoteka kreditləşməsi dövlət üçün prioritet məsələlərdəndir. 2026-cı ildə də məhz bu istiqamət prioritetliyini qoruyub saxlayacaq”.
Şəhanə Quliyeva