2025-ci il Azərbaycan idmanının inkişaf tarixində mühüm nailiyyətlərlə yadda qalan illərdən biri oldu. Beynəlxalq arenalarda qazanılan rekord sayda medal, ölkəmizin idman ölkəsi kimi mövqeyinin daha da möhkəmlənməsi aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin real nəticəsidir. Bu uğurlar bir daha sübut edir ki, Azərbaycanda idman yalnız yarış və nəticələr deyil, cəmiyyətin sağlamlığına, gəncliyin formalaşmasına və dövlətin beynəlxalq nüfuzuna xidmət edən strateji sahədir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib.
Deputat xatırladıb ki, dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib və tədbirdə çıxış edib. Onun sözlərinə görə, dövlətimizin başçısının həmin mərasimdə səsləndirdiyi fikirlər ölkədə idmana göstərilən diqqətin və qayğının miqyasını, bu sahənin dövlət siyasətində tutduğu mühüm yeri bir daha aydın şəkildə ortaya qoydu.
M.Məmmədli qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, 2025-ci ildə Azərbaycan idmançıları beynəlxalq yarışlarda 2000-dən artıq medal, o cümlədən 600-dən çox qızıl medal qazanıblar: “Bu göstəricilər müasir Azərbaycanın idman tarixində rekord nəticədir. Keçən illərlə müqayisədə medalların sayının artması təsadüfi deyil. Bu, idmanın inkişafı ilə bağlı düzgün müəyyənləşdirilmiş strategiyanın, idmançılara və məşqçilərə göstərilən sistemli dövlət qayğısının məntiqi nəticəsidir”.
Deputat vurğulayıb ki, Azərbaycanda idmanın inkişafı Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa əsaslanır və bu kurs Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir. İdman siyasətinin əsas hədəflərindən biri sağlam, fiziki və mənəvi cəhətdən güclü, vətənpərvərlik ruhunda böyüyən gənc nəslin formalaşdırılmasıdır. Prezident İlham Əliyevin xüsusi olaraq qeyd etdiyi bu məqam dövlətin gələcəyə baxışını əks etdirir. Sağlam gənclik güclü dövlətin əsas dayağıdır.
Onun sözlərinə görə, son illər ölkənin bütün bölgələrini əhatə edən müasir idman infrastrukturu yaradılıb. Paytaxtla yanaşı, regionlarda Olimpiya İdman Komplekslərinin inşası və istifadəyə verilməsi gənclər üçün bərabər imkanlar formalaşdırıb. Hazırda bölgələrdə Olimpiya İdman Komplekslərinin sayının 46-ya çatması idmanın kütləviliyinin təmin olunmasına, gənclərin idmana cəlb edilməsinə ciddi töhfə verir. Gəncə və Yevlaxda yeni komplekslərin açılması regionların sosial-iqtisadi inkişafına da müsbət təsir göstərir.
“Azərbaycanın mötəbər beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi ölkəmizin artan nüfuzunun bariz göstəricisidir. MDB ölkələrinin III Oyunlarının bir neçə şəhəri, o cümlədən Gəncə və Xankəndini əhatə etməklə yüksək səviyyədə keçirilməsi, Bakıda ilk dəfə təşkil olunan UFC turniri, eləcə də Formula 1 yarışlarının uğurla davam etdirilməsi Azərbaycanın idman sahəsində yüksək təşkilatçılıq imkanlarına malik olduğunu sübut edir. Bu tədbirlər, eyni zamanda, ölkəmizin turizm, mədəniyyət və iqtisadi potensialının dünyaya tanıdılmasına xidmət edir”, - deyə deputat bildirib.
O, xüsusi olaraq qeyd edib ki, son beş ildə qazanılmış tarixi Zəfərdən sonra idmançılarımız beynəlxalq arenalarda qalib xalqın nümayəndələri kimi çıxış edirlər. Bu amil idmançıların üzərinə əlavə məsuliyyət qoyur. Dövlət Bayrağımızın beynəlxalq yarışlarda qaldırılması hər bir azərbaycanlı üçün qürur mənbəyidir və bu qürur hissi gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına güclü təsir göstərir.
Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsini Azərbaycan idmanına verilən yüksək beynəlxalq qiymət kimi dəyərləndirən Milli Məclisin deputatı deyib: “Bu, görülən işlərin nəticəsi olmaqla yanaşı, qarşıdakı dövr üçün böyük məsuliyyətdir. Azərbaycan idmanı yüksələn xətlə inkişaf edir və bu inkişafın əsas memarı Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsidir. Qazanılan bütün bu uğurlar hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir”.