RU

Prezident fərman imzaladı

Prezident İlham Əliyev "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 294-VIIQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

Aktual.az fərmanın mətnini təqdim edir:

1. Müəyyən edilsin ki:

1.1. "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3.9-cu (hər iki halda) və 3.10-cu bəndlərində, 4-cü maddəsində hər iki halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 3-cü maddəsinin 3.9-cu bəndində birinci halda "orqan (qurum)” dedikdə Dövlət Məşğulluq Agentliyi qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi qismində Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

1.3. həmin Qanunun 3-cü maddəsinin 3.9-cu bəndində ikinci halda "orqan (qurum)” dedikdə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

1.4. həmin Qanunun 3-cü maddəsinin 3.10-cu bəndində "orqan (qurum)” dedikdə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

1.5. həmin Qanunun 4-cü maddəsində birinci halda "orqan (qurum)” dedikdə Dövlət Məşğulluq Agentliyi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi qismində Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

1.6. həmin Qanunun 4-cü maddəsində ikinci halda "orqan (qurum)” dedikdə Dövlət Məşğulluq Agentliyi qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 294-VIIQ nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

3.1. "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 294-VIIQ nömrəli Qanununun 2-ci maddəsinin 2.1-ci bəndində nəzərdə tutulmuş işsizlikdən sığorta haqları üzrə gəlirlərin yerinə yetirilməsi üçün tədbirlər görsün və bu barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

3.2. həmin Qanunun 2-ci maddəsinin 2.1-ci bəndində nəzərdə tutulmuş işsizlikdən sığorta haqları üzrə gəlirlərin aylıq və rüblük bölgüsünü 10 (on) gün müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla təsdiq etsin;

3.3. büdcə təşkilatlarının 2026-cı il yanvarın 1-dək yaranmış işsizlikdən sığorta haqları üzrə borclarına dair məlumatları 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin;

3.4. "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 294-VIIQ nömrəli Qanunundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

4.1. işsizlikdən sığorta fondunun 2026-cı il büdcəsinin xərclərinin yerinə yetirilməsi üçün tədbirlər görsün və bu barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

4.2. "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 294-VIIQ nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

5.1. büdcədən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlər üzrə əvvəlki illərdə yaranmış işsizlikdən sığorta haqları üzrə borclarını 2026-cı il üçün xüsusi vəsaitlərin smetalarında nəzərə alsın;

5.2. "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 294-VIIQ nömrəli Qanunundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

6. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, şəhər və rayon icra hakimiyyətləri dövlət təşkilatlarının, o cümlədən büdcədən maliyyələşən təşkilatların işsizlikdən sığorta üzrə sığorta haqlarını vaxtında və tam ödəməsini təmin etmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki qurumlarla birlikdə tədbirlər görsünlər.

7. Bu Fərman 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.

Избранный
28
40
ulusum.az

10Источники