Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə Ukrayna böhranının həlli prosesi ilə bağlı açıqlamalar verib.
"Cebheinfo.az" xəbər verir ki, Peskov ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putinin dünən telefon danışığı apardığını xatırladaraq, iki liderin Ukraynada Milad münasibətilə atəşkəsin təmin olunması ehtimalını müzakirə etmədiyini bildirib.
Peskov Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında dünən Floridada baş tutan görüşün nəticələri barədə məlumatlarının olmadığını qeyd edib. Bu məsələnin Tramp və Putin arasında keçiriləcək telefon danışığında məlum olacağını deyən Peskov “Bu görüş ən qısa zamanda baş tutacaq”, – deyə vurğulayıb.
Putin ilə Zelenski arasında telefon danışığının mümkünlüyünü dəyərləndirən Peskov “Bu, gündəmdə deyil” ifadəsini işlədib.
Peskov Trampın “tərəflərin Ukrayna böhranının həllinə yaxınlaşdıqları və danışıqların son mərhələsinə keçildiyi” ilə bağlı qiymətləndirməsi ilə razılaşdıqlarını bildirib.
Ukraynadakı toqquşmaların hansı şərtlə dayandırılacağı ilə bağlı suala cavab verən Peskov “Şübhəsiz ki, bu, rejim qoşunlarının Donbasdan inzibati sərhədlərdən kənara çəkilməsidir. Rusiya məqsədlərinə çataraq toqquşmaları dayandırmağı düşünür”, – deyə cavab verib.
Peskov Ukrayna hərbçilərinin Xerson və Zaporijya vilayətlərindən geri çəkilməsi ehtimalını şərh etməyib.
Kremlin sözçüsü Donbasda azad iqtisadi zonanın yaradılması və Rusiyanın nəzarətində olan Zaporijya Atom Elektrik Stansiyasının ABŞ ilə birgə idarə olunması ehtimalını da dəyərləndirmək istəmədiyini qeyd edib.