RU

Səfir: Azərbaycan-Qazaxıstan əməkdaşlığı qarşıdakı illərdə yeni mərhələyə qədəm qoyacaq

İqtisadiyyat Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın prioritet sahəsi olacaq.

Bunu "Report"a müsahibəsində Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov deyib.

"Şübhəsiz ki, iqtisadi istiqamət əməkdaşlığımızda prioritet təşkil edəcək. Qarşılıqlı ticarət və investisiyalar, birgə sənaye istehsalının təşkili, multimodal nəqliyyat əlaqələrinin genişləndirilməsi, energetika, turizm və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafına mühüm yer ayrılmalıdır", - diplomat qeyd edib.

Onun sözlərinə görə, son zamanlarda həyata keçirilmiş yüksək səviyyəli görüşlər göstərdi ki, qarşıdakı illərdə Azərbaycan-Qazaxıstan əməkdaşlığı informasiya-kommunikasiya texnologiyaları, innovasiyalar, rəqəmsal kommunikasiyalar, bərpa olunan enerji mənbələri və "yaşıl enerji"yə keçid, ətraf mühitin qorunması və s. sahələrdə yeni mərhələyə qədəm qoyacaq.

"Avropa ilə Asiya arasında etibarlı rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasını nəzərdə tutan "Rəqəmsal İpək Yolu" layihəsi çərçivəsində 2026-cı ilin sonuna qədər Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilişi başa çatdırılacaq. Bununla əlaqədar regional layihələrin həyata keçirilməsinin sürətləndirilməsini, yeni layihə və təşəbbüslərin irəli sürülməsi imkanlarının nəzərdən keçirilməsini zəruri hesab edirəm", – A. Atamoğlanov bildirib.

O əlavə edib ki, birgə Azərbaycan-Qazaxıstan İnvestisiya Fondu gələcəkdə əməkdaşlığın inkişafına ciddi təkan verəcək ki, bu da qarşılıqlı faydalı investisiya layihələri həyata keçirməyimizə şərait yaradacaq.

"Fikrimcə, 2026-cı ildə Azərbaycan-Qazaxıstan əməkdaşlığının əsas prioritetlərindən biri xalqlarımız arasında münasibətlərin inkişafı olmalıdır. Məhz möhkəm humanitar əlaqələr istənilən tərəfdaşlıq - iqtisadi, siyasi və ya mədəni əlaqələr üçün etibarlı təməl yaradır. Mədəniyyət, təhsil, elm və gənclər mübadiləsi sahələrində əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bundan əlavə, siyasi sahədə əməkdaşlığa, regionda və dünyada baş verən proseslər barədə məsləhətləşmələrə və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək ənənəsinin davam etdirilməsinə ciddi diqqət yetirilməlidir. Dövlət orqanları və işgüzar dairələrin davamlı qarşılıqlı fəaliyyəti, eləcə də hər iki ölkənin ərazisində keçirilən beynəlxalq tədbirlərdə qarşılıqlı iştirak gündəliyin mühüm hissəsi olmalıdır", - səfir deyib.

Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq mümkündür:

Избранный
31
50
far.az

10Источники