İsrailin Baş naziri Benyamin Netanyahu Somaliləndi müstəqil və suveren dövlət kimi rəsmi şəkildə tanıdığını elan edib. Belə ki, Netanyahu, İsrailin xarici işlər naziri Gideon Saar və Somaliləndin Prezidenti Abdurəhman Məhəmməd Abdullahi birgə bəyannamə imzalayıblar. Bundan əlavə, İsrail kənd təsərrüfatı, səhiyyə, texnologiya və iqtisadiyyat sahələrində əməkdaşlıq yolu ilə Somaliləndlə əlaqələrini dərhal genişləndirməyi planlaşdırır.
İlk növbədə qeyd etmək lazımdır ki, Somalilənd 1991-ci ildə birtərəfli qaydada müstəqilliyini elan edib və həmin vaxtdan etibarən suveren dövlət kimi tanınmağa çalışır. Lakin bu günə qədər nə hər hansı bir dövlət, nə də beynəlxalq təşkilat Somaliləndi müstəqil ölkə kimi tanıyıb. Dünya birliyi Somaliləndi Somali Federativ Respublikasının tərkib hissəsi hesab edir. Bu baxımdan İsrailin Somaliləndi tanımaq qərarı xüsusilə diqqət çəkir.
Əvvəla, Somalilənd Qırmızı dəniz – Bab əl-Məndəb boğazı xəttinə yaxın strateji mövqedə yerləşir. Bu region İsrail üçün həyati əhəmiyyət daşıyır, çünki qlobal ticarət yolları, enerji daşımaları və təhlükəsizlik məsələləri birbaşa bu marşrutdan asılıdır. Son dövrlərdə husilərin hücumları, İranın regiondakı təsirinin artması və Qırmızı dənizdə risklərin yüksəlməsi fonunda İsrail öz təhlükəsizlik perimetrini genişləndirməyə çalışır. Somaliləndin tanınması Təl-Əvivə bu bölgədə strateji dayaq nöqtəsi qazandırır.
İran faktoru
İsrail uzun müddətdir ki, Afrikanın Şərqində və Qırmızı dəniz hövzəsində İranın təsir imkanlarını zəiflətməyə çalışır. Somaliləndlə rəsmi əlaqələrin qurulması İsrailə kəşfiyyat, hərbi-logistik və diplomatik baxımdan əlavə üstünlüklər verir. Bu, eyni zamanda İsrailin ərəb və müsəlman ölkələrinin təsir dairəsindən kənarda alternativ tərəfdaşlar formalaşdırmaq strategiyasına uyğundur.
Həmçinin Təl-Əviv Somaliləndi tanımaqla beynəlxalq sistemə siyasi mesaj da verir. Beləliklə mübahisəli ərazilərin tanınması məsələsində öz maraqlarına uyğun selektiv yanaşma tətbiq edə biləcəyini göstərir. Bu addım İsrailin Fələstin məsələsində üzləşdiyi beynəlxalq təzyiqlərə qarşı balans yaratmaq cəhdi kimi də qiymətləndirilə bilər. Yəni İsrail demək istəyir ki, əgər beynəlxalq hüquq ona qarşı siyasi alətə çevrilirsə, o da öz maraqları çərçivəsində presedentlər yarada bilər.
Belə bir vəziyyətdə İsrailin bu addımının digər ölkələr tərəfindən təkrarlanıb-təkrarlanmayacağı məsələsi aktuallaşır. Bu kontekstdə ilk ağla gələn ölkələr ABŞ və Azərbaycandır. Lakin hər iki ölkənin analoji addım atmayacağı əvvəlcədən bəllidir.
Məsələn, ABŞ ilə İsrail Somalilənd məsələsində eyni xətt üzrə hərəkət etmir. ABŞ Prezidenti Donald Tramp açıq şəkildə bildirib ki, Vaşinqton Somaliləndin müstəqilliyini tanımağa hazır deyil. Ağ Ev Somaliləndin de-fakto vəziyyətini qəbul etsə də, de-yure tanınmanın doğura biləcəyi nəticələrin fərqindədir və hazırkı mərhələdə belə bir qərara getmək istəmir.

ABŞ üçün əsas problem presedent məsələsidir. Vaşinqton yaxşı anlayır ki, ərazi bütövlüyü prinsipinin selektiv şəkildə pozulması uzunmüddətli perspektivdə onun qlobal maraqlarına ciddi zərər vura bilər. Somaliləndin tanınması yalnız Afrika Buynuzu ilə məhdudlaşmır, bu addım dünya üzrə onlarla mübahisəli region üçün hüquqi və siyasi əsas yarada bilər. ABŞ isə nə Ukrayna kontekstində, nə Yaxın Şərqdə, nə də Asiya-Sakit okean bölgəsində bu cür presedentlərin formalaşmasında maraqlıdır.
Bundan başqa, ABŞ üçün Somali Federativ Respublikası ilə münasibətlər, terrorla mübarizə, regionda Türkiyə ilə koordinasiya və beynəlxalq legitimlik İsrailin daha dar təhlükəsizlik yanaşmasından daha önəmlidir. Bu nöqtədə Türkiyə faktoru xüsusi əhəmiyyət kəsb edir. ABŞ Somalidə Türkiyənin mərkəzi hakimiyyətlə qurduğu institusional münasibətləri nəzərə almaya bilməz. Somaliləndin tanınması Ankara–Vaşinqton xəttində əlavə gərginlik yarada bilər ki, ABŞ hazırda buna ehtiyac duymur.
Rəsmi Bakının mövqeyi
Azərbaycan Xarici İşlər Nazirliyi Somalidəki son hadisələrlə bağlı bəyanatında məsələyə ölkənin yanaşmasını ortaya qoyub. “Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Somali Federativ Respublikasının suverenliyini, birliyini və ərazi bütövlüyünü tam dəstəklədiyini bir daha bəyan edir”, – XİN açıqlamasında bildirilir.
Bəyanatda vurğulanıb ki, Somali Federativ Respublikasının “Somalilənd” bölgəsinin tanınması beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT Nizamnaməsinə ziddir. Azərbaycan beynəlxalq hüququ pozaraq öz ərazilərində xarici hərbi işğal və separatizmlə bağlı ağrılı təcrübədən keçmiş bir dövlətdir və məhz bu prinsiplərə, eləcə də öz tarixi təcrübəsinə əsaslanaraq bütün dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün və siyasi müstəqilliyinin qorunmasına qətiyyətlə sadiq qalır.
İsrailin Somaliləndi müstəqil və suveren dövlət kimi tanıması regiondan kənarda baş versə də, presedent yaradan bir addımdır və məhz buna görə Bakının reaksiyası gecikmədən gəlib. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı formal olaraq Somali ilə bağlı olsa da, əslində daha geniş geosiyasi mesaj daşıyır.
Əsas məqam ondan ibarətdir ki, Azərbaycan uzun illər separatizm və birtərəfli “tanınma” cəhdlərinin birbaşa zərərini yaşamış dövlətdir. Qarabağ məsələsi fonunda Bakı üçün beynəlxalq hüququn ən həssas xətti məhz ərazi bütövlüyü prinsipidir. İsrailin Somaliləndlə bağlı qərarı isə bu prinsipin selektiv şəkildə tətbiq oluna biləcəyinə dair təhlükəli nümunə yaradır. Məhz buna görə Azərbaycan XİN bəyanatda “beynəlxalq hüququn norma və prinsipləri” və “öz ağrılı təcrübəsi” ifadələrini xüsusi olaraq ön plana çıxarır.
Digər tərəfdən, Bakı bu bəyanatla yalnız Somali ilə həmrəylik nümayiş etdirmir, eyni zamanda beynəlxalq ictimaiyyətə açıq mesaj verir ki, ərazi bütövlüyü məsələsində ikili standartlar qəbuledilməzdir. İsrail–Azərbaycan münasibətlərinin strateji səviyyədə yaxın olmasına baxmayaraq, Bakı bu məsələdə prinsipial mövqeyindən geri çəkilmir. Mövcud yanaşma Azərbaycan üçün belə bir mövzunun taktiki deyil, fundamental xarici siyasət xətti olduğunu göstərir.
Turan Rzayev
Globalinfo.az