Bakı şəhəri, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Oqtay oğlu İbrahimov vəzifəsindən azad edilib. Bu barədə dekabrın 29-da Prezident İlham Əliyev sərəncam imzalayıb.
“Yeni Sabah” xəbər verir ki, o, bu vəzifəyə noyabrın 12-də təyinat almışdı.
E.İbrahimov Nəsimi rayonuna cəmi 48 gün rəhbərlik edib.
O, bu müddət ərzində İcra Hakimiyyətində bir sıra kadr dəyişiklikləri etmişdi.
E.İbrahimov əvvəlcə icra başçının köməkçisi Elbrus Məmmədovu işdən çıxarıb. Yerinə isə Kürdəmir Rayon İcra Hakimiyyətində köməkçisi olmuş Ceyhun İsmayılovu gətirib. Bununla bağlı rəsmi əmr imzalanmaqla yanaşı dəyişiklilər Nəsimi Rayon İcra Hakimiyyətinin saytında da əksini tapıb. Köməkçi bölməsində Elbrus Məmmədovun adı silinib, yerinə Ceyhun İsmayılovun adı əlavə olunub.
Amma bir neçə gün sonra E.İbrahimov C.İsmayılovu da işdən çıxarıb. Keçmiş köməkçinin adı İcra Hakimiyyətinin rəsmi saytından da silinib. Amma keçmiş icra başçısının köməkçisini bir aydan sonra işdən çıxarmasının səbəbi məlum deyil.
E.İbrahimovun ən diqqətçəkən dəyişikliklərindən bir də icra başçısının müavini Ramiz Quliyev vəzifəsindən azad etməsi idi. R.Quliyev dekabrın 14-dən işdən çıxarılıb. O, 4 il bu vəzifədə çalışıb.
Qeyd edək ki, Elxan İbrahimov Nəsimi RİH-dən təyinatadək Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı olub. Əvvəl isə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb. O, daha əvvəl Azərbaycanda bir neçə holdinqdə iqtisadiyyat və maliyyə işləri üzrə rəhbər vəzifələr tutub.
Elxan İbrahimov Azərbaycan Kooperasiya Universitetinin məzunudur. O, sonradan təhsilini İsveçin Stokholm İqtisadiyyat Məktəbində davam etdirib. Rus və ingilis dillərində sərbəst danışır.
Ailəlidir, 3 övladı var.
Nazim Hacıyev
Telegram kanalımız