İqtisadçı qeyd edib ki, hazırkı sistemdə icra hakimiyyətləri, icra nümayəndəlikləri və bələdiyyələr paralel fəaliyyət göstərir ki, bu da idarəetmədə səmərəsizlik yaradır. Halbuki Azərbaycan Avropa Şurasına üzv olarkən hakimiyyətin əks-mərkəzləşdirilməsi ilə bağlı öhdəliklər götürmüşdü.Asif İbrahimovun sözlərinə görə, bələdiyyə institutu Azərbaycanda formal xarakter alıb:“Bələdiyyələr faktiki olaraq zibil pulu və torpaq vergisi yığımı ilə məşğuldur. Halbuki əvvəllər onların özünü maliyyələşdirmə imkanları vardı – torpaq satışı, yerli təbii resurslardan əldə olunan gəlirlər, otel rüsumları, reklam lövhələrindən daxilolmalar və s. Sonradan qanunvericiliyə edilən dəyişikliklərlə bu səlahiyyətlər məhdudlaşdırıldı”.
O, bildirib ki, Almaniya, Fransa və İngiltərə kimi ölkələrdə, eləcə də Türkiyə modelində yerli özünüidarəetmə orqanları real səlahiyyətlərə malikdir. Azərbaycanda da Türkiyə idarəetmə sisteminin fundamental elementlərini tətbiq etmək mümkündür.İqtisadçının fikrincə, rayon icra hakimiyyətləri artıq köhnəlmiş idarəetmə modelidir və funksional baxımdan effektsiz qurumlara çevrilib:“Bu gün icra hakimiyyətlərinin əsas funksiyaları tədbirlərin təşkili və seçkilər zamanı səfərbərlikdir. Bir sıra səlahiyyətlər, o cümlədən yerli idarəetmə ilə bağlı öhdəliklər bələdiyyələrə verilə bilər. Bu da idarəetməni sadələşdirər və daha çevik sistem yaradılar”.
Asif İbrahimov hesab edir ki, bələdiyyələrin gücləndirilməsi və icra hakimiyyətlərinin səlahiyyətlərinin azaldılması Azərbaycanda idarəetmədə boşluqların aradan qaldırılması üçün əsas addımlardan biri ola bilər.