RU

Rəssam Mustafa Mustafayev: Neon teatrı elə nadir bir formatdır ki, burada qaranlıq nağılın mənbəyinə çevrilir

Bakı, 29 dekabr, Günel Alıyeva, Orxan Kərimov, AZƏRTAC

Azərbaycan Dövlət Uşaq Filarmoniyasında Neon teatrının quruluşunda “Qar kraliçası” tamaşası böyük uğurla bir neçə dəfə nümayiş etdirilib. Qeyd edək ki, tamaşa şəhid ailələrinin və Vətən müharibəsi iştirakçılarının övladları, həmçinin inkişaf xüsusiyyətləri olan uşaqlar üçün xeyriyyə məqsədilə də göstərilib.

AZƏRTAC-ın müxbiri ilə söhbətində Neon teatrının rəssamı və onun yaradıcılarından biri olan Mustafa Mustafayev bildirib ki, teatrın yaradılması ideyası təxminən on il əvvəl formalaşıb.

Onun sözlərinə görə, başlanğıc nöqtəsi Moskvada rəssam Fərid Ələkbərovla birlikdə ultrabənövşəyi rəngləmə üzrə sifariş üzərində işlədikləri dövrə təsadüf edir.

“O zaman biz düşündük ki, görəsən, bu incəsənəti səhnənin əsl vizual dilinə çevirmək — onu canlı, teatr xarakterli etmək mümkün olarmı?”, — deyə həmsöhbətimiz xatırladıb.

Lakin həmin vaxta qədər ultrabənövşəyi təsviri incəsənətin tamaşanın bədii dünyasının əsasına çevrildiyi, bütöv bir teatrın qurula biləcəyi genişmiqyaslı konsepsiya mövcud olmayıb.

Rəssam vurğulayıb ki, Azərbaycan üçün bu cür yanaşma həmin istiqamətdə ilk əsl peşəkar həllərdən biri hesab oluna bilər.

“Daha əvvəl də cəhdlər edilib, lakin onlar çox vaxt uğursuzluqla nəticələnib, belə ki, burada peşəkar texnologiya ilə qeyri-peşəkar yanaşma arasında çox böyük fərq var”, — deyə o qeyd edib.

Dünya təcrübəsindən danışan həmsöhbətimiz əlavə edib ki, bu tip teatrlar çox azdır. Azərbaycan kollektivi də daxil olmaqla, cəmi dörd belə teatr mövcuddur və onların ikisi artıq fəaliyyətini dayandırıb. Daha bir teatr Çilidə “Qaranlıq teatr” adı ilə fəaliyyət göstərir, lakin M.Mustafayevin sözlərinə görə, həmin teatr əsasən şou formatına yönəlib.

“Biz isə bu estetikanı ciddi teatr kontekstində — sadəcə vizual effekt kimi deyil, tam bir tamaşa və dramaturgiya kimi istifadə etmək istəyirik”, — deyə həmsöhbətimiz vurğulayıb.

Layihədə uşaq auditoriyasına xüsusi diqqət yetirilir. Rəssamın sözlərinə görə, uşaqlar ən səmimi və eyni zamanda ən tələbkar tamaşaçılardır: “Onlar çox həssasdırlar, reaksiyaları sadə və dərhal olur, lakin dünyanı qavrama imkanları eyni zamanda heyrətamiz dərindir. Onlar rənglərə çox yaxşı reaksiya verirlər”.

Eyni zamanda həmsöhbətimizin vurğuladığına görə, uşaq tamaşalarında adətən qara rəngdən istifadə edilmir və ondan uzaq durmaq tövsiyə olunur. Lakin Neon teatrında vizual həll, əksinə, qara rəngdən — “qaranlıqdan” qurulur və bu qaranlıq işıq və rəng kontrastının əsasını təşkil edir.

“Lakin hekayə o qədər parlaq və nağılvaridir ki, bu, tamaşaçıya sıxıcı təsir göstərmir, əksinə, bədii üsul kimi işləyir. Nəticədə tamamilə fərqli estetika və fərqli təsir yaranır”, — deyə Mustafa Mustafayev fikrini yekunlaşdırıb.

Избранный
48
2
azertag.az

3Источники